Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər başlayıb. Səsvermə proseduruna 08:00-da start verilib və bütün gün ərzində davam edəcək. Seçki məntəqələri 20:00-da bağlanacaq. Bütün bu müddətdə siyasi partiyaların reklam və təşviqatları qadağandır.
2 oktyabr seçkilərində 43 seçki subyekti qeydiyyatdan keçib. Mer seçkilərində səslərin 50 faizindən çoxunu toplayanlar qalib olacaq. Eyni zamanda seçki islahatı nəticəsində şəhər şurasının majoritar üzvlərinin seçilməsində 40 faizlik minimum hədd tətbiq edilir.
Siyasətçilər artıq öz seçimlərini ediblər, “Gürcü arzusu” iqtidar partiyasının yaradıcısı və ölkəni qeyri-formal idarə edən Bidzina İvanişvili də seçki məntəqəsinə gəlib, amma heç bir şərh vermədən məntəqəni tərk edib.
“Droa” partiyasının lideri Yelena Xoştariya jurnalistlərə bildirib ki, bugünkü seçki Gürgüctanın uzun müddətli taleyini müəyyən edəcək.
“Bu, müxalifət üçün yox, birinci növbədə ölkə üçün referendumdur. Bu gün vətəndaşlar bizim hakimiyyət mənbəyi adlandırdığımız əsas gücü öz əlində tutub. İnsanlar həyatın onların xoşuna gəlib-gəlmədiyinə qərar verirlər.
Bundan başqa, insanların çox böyük və müxtəlif seçimi var. Onlar istənilən müxalifət partiyasını seçə və həqiqətən heç bir hakimiyyətin xalqa zülm etməyi ağlından belə keçirməyəcəyi şeyin əsasını qoya bilərlər. Buna görə də, bəli, bu, ölkənin uzun müddətli taleyini həll edəcək seçkidir”, – Yelena Xoştariya deyib.
Artıq ilk insident haqda da məlumat verilib. Qldan seçki dairəsindəki seçki məntəqələrinin birində müşahidəçilərlə polis arasında sözlü münaqişə baş verib. Müşahidəçi Şuşana Matsaberidze bildirib ki, kriminal polis nümayəndələri seçki məntəqəsi qarşısında səfərbər edilib və müəyyən olunmuş məsafəni gözləmirlər.
Hüquq-mühafizəçiləri isə bildiriblər ki, təhlükəsizlik nöqteyi-nəzərindən oradadırlar, baxmayaraq ki, məntəqə seçki komissiyasının sədri onları çağırmayıb.