Gürcüstanda Saakaşvilinin xəstəxanaya köçürülməsi tələbilə daha on siyasətçi aclıq elan edib
Gürcüstanda deputatlar aclıq elan edib
Çoxunun deputat olduğu 10 müxalif siyasətçi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin çoxprofilli xəstəxanaya köçürülməsi tələbilə noyabrın 14-də axşam aclıq elan edib.
Onlar eks-prezidentin mülki klinikaya köçürülməsi tələbilə noyabrın 3-dən parlamentdə aclıq edən “Droa” (“Vaxtı çatıb”) siyasi partiyasının lideri, deputat Elene Xoştariyaya qoşulublar.
Əsas müxalif Vahid Milli Hərəkat Partiyasının lideri Nika Meliya noyabrın 15-dən bütün ölkə üzrə genişmiqyaslı etirazlara başlamağa, o cümlədən də yolları bağlamağa çağırıb.
Həkimlər xəbərdarlıq edir ki, 45 gündür – əvvəlcə həbsxanada, indi isə iradəsinə zidd olaraq köçürüldüyü həbsxana xəstəxanasında sürdürdüyü aclıq fonunda Saakaşvilinin səhhəti sürətlə pisləşir.
Həkimlərin bildirdiyinə görə, Saakaşvili artıq yeriyə bilmir. Bir neçə gün əvvəl o, bəyan edib ki, çoxprofilli klinikaya aparılarsa, aclığı dayandəra bilər. amma hökumət obub bu tələbini rədd edir.
Aclıq elan edənlər:
- Akaki Minaşvili;
- David Kirkitadze;
- Levan Bejaşvili;
- Temur Canaşia;
- Baçuki Kardava;
- Nika Maçutadze;
- Abdulla İsmayılov;
- Sulxan Sibaşvili;
- Giorgi Qodabrelidze;
- Giorgi Baramidze.
- Saakaşvili azad edilməli, növbədənkənar seçki keçirilməlidir – Tbilisidə etirazlar
- “Bu absurddur” – hüquqşünasların Gürcüstanın baş nazirinin Saakaşvilinin “intihar hüququnun olduğu” haqda sözlərinə reaksiyası
- Saakaşvili ətrafında baş verənlərə Bakı və Yerevandan niyə reaksiya yoxdur? – şərhlər
Daha əvvəl eks-prezidentin amerikalı vəkili Con Sendvic Gürcüstanın Penitensiar Xidmətinin yaydığı Saakaşvilinin həbsxana xəstəxanasına yerləşdirilməsinə müqavimət göstərdiyini, bir neçə nəfərin isə onu zorla yerdə sürüdüyünü əks etdirən video-görüntüləri şərh edib:
“Bu, onun təhlükəsizlikdə olacağı institut deyil. Ən azı beynəlxaqlq hüquqa əsasən dövlət saxlanılanın qeydinə qalmalıdır”.
Sendvic həmçinin bildirib ki, Saakaşviliyə qarşı irəli sürülmüş ittihamlar “nə ABŞ-da, hə də beynəlxalq hüquq təcrübəsində cinayət hesab edilmir”.
Əvvəlki hadisələr
Noyabrın 10-da Strasburq Məhkəməsi “Saakaşvilinin həyat və sağlamlığına bərpası mümkün olmayan ziyanın vurulması təhlükəsi” ilə və həbsxana xəstəxanasında onun təhlükəsizliyi üçün mümkün risklərlə əlaqədar “müvəqqəti” tədbirlərin vacibliyi haqda qərar qəbul edib.
Noyabrın 11-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ukrayna prezidenti Vladimir Zelenskinin Saakaşvilinin sağlamlığı ilə bağlı ukraynalı həkimlər tərəfindən müayinədən keçirilməsi ricasını rədd edib. Bu xahiş Mixail Saakaşvilinin Ukrayna vətəndaşı olması ilə şərtlənib.
Noyabrın 12-də Gürcüstanın 20 qeyri-hökumət təşkilatı Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinə Gürcüstanın penitensiar sistemini ziyarət etmək və eks-prezidentin hüquqi vəizyyətinə nəzarət etmək xahişi ilə müraciət edib.
Eyni gün Gürcüstan hökuməti məhz eks-prezidenti görmək üçün Gürcüstana gələn Avropa Parlamentinin polşalı deputatı Anna Fotiqe və Litva parlamentinin iki üzvünə Saakaşvilini ziyarət etməyə icazə verməyib.
Mixail Saakaşvili səkkiz illik fasilədən sonra 2021-ci il oktyabrın 1-də gizli yolla Gürcüstana qayıdıb, həbs edilib və həbsxanaya göndərilib, dərhal orada aclıq elan edib. Gürcüstanın üçüncü prezidentinə qarşı bir neçə cinayət işi qaldırılıb, o, bu işlərdən ikisi üzrə artıq mühakimə olunub və altı il müddətinə azadlıqdan məhrum edilib.
Vəkilləri uzun müddətdir ki, onun mülki xəstəxanalardan birinə köçürülməsini tələb edirlər. Amma hakimyyət noyabrn 8-də bunun əvəzinə Saakaşvilini gizlicə və faktiki olaraq zorla Rustavidəki həbsxanadan Tbilisinin kənarındakı Qldani rayonunda yerləşən həbsxana xəstəxanasına yerləşdirib.
Saakaşvilinin özü, ailəsi, həkimlər, o cümlədən də Xalq Müdafiəçisinin ofisi qəti şəkildə bu qərara qarşı çıxır, çünki orada lazımi tibbi avadanlıqlar yoxdur. Üstəlik, kriminal aləmdə çox sayda düşməni olan Saakaşvili üçün ora təhlüksiz deyil.
Noyabrın 8-dən müxalifət iki tələblə: Mixail Saakaşvilinin azad edilməsi və növbədənkənar parlament seçkilərinin elan edilməsi tələbilə genişmiqyaslı fasiləsiz etiraz aksiyaları keçirirlər.