Gürcüstanda Pfizer peyvəndilə vaksinasiya başlayıb. Vaksinin bütün dozaları artıq bron edilib
Bu gündən, martın 30-dan Gürcüstan vətəndaşları “Pfizer-Biontec” Almaniya-Amerika peyvəndi ilə vaksinasiyadan keçə bilərlər.
Martın 25-də Gürcüstana 29 250 doza Pfizer vaksini gətirilib, bununla 14 min nəfərə yaxın insan vaksinasiyadan keçəcək. Birinci dozadan iki-üç həftə sonra onlara ikinci doza vurulacaq.
Pfizer vaksininə qeydiyyat martın 25-dən başlanıb. Yalnız tibb işçiləri və 65 yaşdan yuxarı insanlar qeydiyyatdan keçə bilər.
Tbilisi üçün ayrılmış kvotalar elə ilk gündən bron edilib. Batumi və Kutaisidə qeydiyyat prosesi nisbətən ləng gedib, amma nəticədə Pfizerin bütün dozaları bron edilib.
Pfizer vaksinasiyası bütün Gürcüstan üzrə ancaq üç şəhərdə və altı klinikada aparılır – Tbilisinin altı klinikasında, o cümlədən də Kutaisi və Batumi klinikalarında.
Pfizerin ilk dozasının vurulması aprelin 14-ə qədər davam edəcək, ikinci doza isə hər pasiyentə fərdi təyin olunacaq. İkinci doza təxminən 2-4 həftə sonra vurulmalıdır.
ABŞ-da keçirilən tədqiqata əsasən, Pfizer / BioNTech vaksini yoluxma riskini birinci dozadan iki və ya daha çox həftədən sonra 80 faiz, ikinci dozadan sonra isə 90 faiz azaldır.
Gürcüstanda istifadə olunan digər – Oksford Universitetinin hazırladığı AstraZeneca vaksin də təxminən eyni effekti göstərir.
