Gürcüstan parlamentinə 9 partiya daxil olacaq, müxalifət seçki nəticələrini qəbul etmir
Gürcüstanda 2020-ci il oktyabrın 31-də keçirilən parlament seçkilərində böyük fərqlə iqtidar partiyası liderlik edir. Ümumilikdə parlamentə daxil olmaq üçün lazım olan 1 faizlik baryeri doqquz partiya keçib.
Birləşmiş müxalifətin liderlərindən əksiriyyəti bu nəticələri qəbul etmir, seçki nəticələrini saxtalaşdırılmış hesab edir və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.
1 noyabr saat 16:00-a Tbilisidə birləşmiş müxalifətin etiraz aksiyası planlaşdırılıb, onlar öz tərəfdarlarını Rustaveli prospektində toplaşmağa çağırırlar.
Siyasi partiyalardan olan namizədlər Gürcüstan parlamentində 120 yer tutacaqlar. Qalan 30 yer birmandatlı majoritar dairələrdə qalib gələnlər arasında bölünəcək.
1 noyabr 09:30-a olan məlumata əsasən, 16 dairədə “Gürcü arzusu” iqtidar partiyasının namizədləri 50 faizdən çox səs toplayıb, bu da o deməkdir ki, bu dairələrdə ikinci tur keçirilməyəcək.
•Gürcüstan parlamenti necə seçib – günün xronikası, foto və video
Səhər saat 8-də məntəqələrin 70 faizində səslər sayılıb.
1 noyabr səhər saat 8-ə olan məlumatlara əsasən, Gürcüstanda parlament seçkilərinin ilkin nəticələri
“Gürcü arzusu” iqtidar partiyası — 49,32%
“Vahid Milli Hərəkat bloku – Birləşmiş müxalifət” (eks-prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının liderliyi ilə) — 25,94%
“Avropa Gürcüstanı” — 3,77%
“Gürcüstan Vətənpərvərlərinin Alyansı” – 3,26%;
“Lelo Gürcüstan üçün” — 3,16%;
“Yeni Gürcüstan – Aqmaşenebeli Dtrategiyası” — 3,1%;
“Qirçi” — 2,87%;
“Vətəndaş Hərəkatı – Aleko Elisaşvili” — 1,34%
“Şalva Natelaşvili – Leyboristlər Partiyası” — 1.03%
Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri ilk dəfə yeni sistem üzrə keçirilib: 120 deputat proporsional sistem üzrə, yalnız 30 deputat majoritar sistem üzrə seçilib.
İndiyə qədər 77 deputat proporsional, 73 deputat isə majoritar sistem üzrə seçilirdi.
150 deputat yeri uğrunda 48 partiya və iki blok mübarizə aparıb.
Seçkidə iştirak 56,11 faiz təşkil edib. Ümumilikdə 1 milyon 970 540 seçici seçkidə öz mövqeyini ifadə edib. 1 milyon 555 483 seçici isə evdə qalıb və seçki məntəqələrinə getməyib.