Gürcüstanda növbədənkənar seçkilər olmayacaq – baş nazir Qaribaşvili
Gürcüstanda növbədənkənar seçkilər olmayacaq və siyasi məhbuslar yoxdur – ölkənin baş naziri İrakli Qaribaşvili bir neçə Avropa diplomatı, o cümlədən də Avropa Şurası prezidentinin şəxsi nümayəndəsi Kristian Danielsonla görüşündən sonra bildirib. Sonuncu artıq ikinci dəfədir ki, Gürcüstanda uzanan siyasi böhranın həllinə kömək etmək üçün ölkəyə gəlib.
Bununla belə Qaribaşvili tezliklə razılaşma əldə etmək üçün müxalifətlə konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu bildirib:
“Biz konkret qərar qəbul edəcək nəticəyə yönəlmiş partiyayıq”.
Qaribaşvilinin sözlərinə görə, müxalifətlə dialoq davam edir. Baş nazir razılaşmanın əldə olunacağına ümid edir.
- Gürcüstanda müxalifət regionlarda qiyama başlayır. “Hakimiyyət və rəqibləri – siyasi oyunbazlar?”
- Gürcüstanın keçmiş baş naziri siyasətə qayıdır – “üçüncü qüvvə”, yoxsa “İvanişvilinin layihəsi”?
- Şərh: “Gürcüstan müxalifəti kimlə danış(m)ır?”
Bununla yanaşı Qaribaşvili yenidən müxalifəti ötən danışıqları pozmaqda günahlandırıb.
“Müxalifət dialoqu pozub. Biz isə həqiqətən də ağıllı və ədalətli güzəştə getməyə hazırıq. İndi söz müxalifətindir. Növbədənkənar seçkilərlə bağlı məsələ bağlanıb, bizim ölkədə siyasi məhbuz yoxdur, onlar [eks-prezident Mixail] Saakaşvili dövründə vardılar”, – Qaribaşvili deyib.
Avropa Şurası prezidentinin şəxsi nümayəndəsi Kristian Danielson martın 29-dan müxalifət və hökumətlə görüşlərini davam etdirəcək. O, son bir ayda artıq ikinci dəfədir ki, Gürcüstana gəlir.
İsveçli diplomat Danielsonun birinci səfəri martın 12-dən 19-a qədər davam edib, amma tərəflər bu danışıqlarda heç bir nəticəyə nail olmayıblar. Danielson hətta ciddi irəliləyiş əldə olunmadığı üçün Gürcüstada planlaşdırıldığından üç gün adaha artıq qalıb.
Müxalifət yenidən bildirib ki, iki əsas tələbdən geri çəkilməyəcək – növbədənkənar parlament seçkiləri və siyasi məhbusların azad edilməsi. Hakimiyyət isə xəbərdarlıq edib ki, növbədənkənar seçkilər məsələsində onlardan güzəşt gözləmək lazım deyil.
Gürcüstanda siyasi böhran 2020-ci ilin oktyabrında parlament seçkilərindən sonra başlayıb. Müxalifət seçkilərin nəticələrini tanımayıb və parlamentdə yerlərindən imtina edib. Nəticədə ölkə tarixində ilk dəfədir ki, faktiki birpartiyalı parlament fəaliyyət göstərir.
Vəziyyət 2021-ci ilin fevralında ən reytinqli müxalifət partiyasının – Vahid Milli Hərəkatın lideri Nika Meliya xüsusi əməliyyat nəticəsində həbs ediləndən sonra xüsusilə ağırlaşıb.Hazırda siyasi prooseslər küçələrdə davam edir, müxalifət və vətəndaş cəmiyyəti fəalları mütəmadi mitinqlər keçirirlər. Əsas iki tələb var: siyasi məhbusların azad edilməsi və növbədənkənar parlament seçkilərinin elan olunması.
ABŞ səfiri və Gürcüstanda akkreditasiyadan keçmiş difər diplomatların vastəçiliyi ilə danışıqların artıq bir neçə raundu baş tutub. Moderatorlar sırasında Avropanın ən nüfuzlu məmurlarından biri, Avropa Şurasının prezidenti Şarl Mişel də olub. Daha sonra bir həftəyə yaxın Tbilisidə danışıqlara onun şəxsi nümayəndəsi nümayəndəsi Kristian Danielson vasitəçilik edib, baş nazir İrakli Qaribaşvili isə vəziyyətin müzakirəsi üçün Brüsselə dəvət olunub.
Amma bütün görüşlər və turlar nəticəsiz olub. Hər iki tərəf – hakimiyyət və müxalifət bir-birini danışıqları pozmaqda ittiham edir.