Gürcüstanda epidemuya ilə mübarizə: əsas təhlükə kilsədir
Diana Petriaşvili, Mediaşəbəkə
Ölkədə fövqəladə vəziyyət tələblərinin cəzasızca pozulmasının mümkün olduğu yeganə yer kilsədir. Məhz kilsə sayəsində Gürcüstan artıq iki aya yaxındır ki, məharətlə öhdəsindən gəldiyi yoluxmaya nəzarəti yaxın zamanda itirə bilər.
Çarəsiz tədbirlər
Gürcüstan gərgin gözlənti içində bütün diqqəti epidemiyanın pikinə yönəldib – yoluxma piki pravoslav Pasxası zamanına proqnozlaşdırılıb. Epidemiyanın yayılmasını nəzarətdə saxlamaq üçün Gürcüstanda martın 21-dən fövqəladə vəziyyət, martın 31-dən isə karantin və komendant saatı elan olunub.
- “Amma biznesi onsuz da bağlamayacağıq” – Türkiyə koronavirusun yayılması tempinə görə dünya birincisidir
- “Hesab edirəm ki, heç bir koronavirus yoxdur” – bunu sübüt etmək üçün Vladiqafqazda xəstəxanaya hücum ediblər
Fövqəladə vəziyyət şərtlərinin yerinə yetirilməsinə hüquq-mühafizə orqanları sayıqlıqla nəzarət edir. “Bütün küçələrdə, həm mərkəzdə, həm də kənarlarda patrullar gəzir və insanların üç-dörd nəfər halında toplaşmamasına nəzarət edir”, – “Mediaşəbəkəyə” Tbilisi sakini Manana Okudjava danışıb. – “Axşamlar xüsusilə ciddi nəzarət edilir; saat 9-dan komendant saatı başlayır, amma on-onbeş dəqiqə əvvəldən evə “qova” bilərlər”.
Polis pozucuları heç bir güzəştsiz cərimə edir: sorğulara əsasən, ən çox cəzalananlar sürücülər və maşında ön oturacaqda oturan sərnişinlərdir (Gürcüstanda tətbiq olunan fövqəladə vəziyyət şərtlərinə görə sürücünün yanında heç kim otura bilməz, hətta ailə üzvləri də). Polis məsafənin qorunmasına da nəzarət edir.
“Ərimlə supermarketdə növbədə dayanmışdıq, patrul yaxınlaşıb, aramızda iki metr məsafə gözləməyimizi tələb etdi. Dedi ki, növbədə tələblər yad adamlar üçün də, bir dam altında yaşayan qohumlar üçün də eynidir”, – Batumi sakini Qvantsa İntskirveli danışıb.
Ağır cərimələrin (təxminən min dollar) təhdidi ilə polis bazar alverçilərini iş yerlərini tərk etməyə məcbur edib. Ölkədə hamı başa düşür ki, bu çox çarəsiz tədbirdir və on minlərlə insanı aclığa məhkum edir, amma eyni zamanda epidemiyanı yavaşlada bilən tədbirdir.
Ola bilər ki, bu çarəsiz tədbirlər sayəsində Gürcüstan vəziyyəti nəzarət altında saxlaya bilir. Bu gün ölkədə 214 xəstə qeydiyyata alınıb, onlardan 50 nəfər sağalıb, üç nəfər ölüb. Bu, qonşu Ermənistan və Azərbaycandan xeyli azdır – hər iki Qafqaz respublikasında yoluxanların sayı minə yaxınlaşıb.
Qanun keçərli deyil
Ölkədə fövqəladə vəziyyət şərtlərinin cəzasızca pozula biləcəyi yeganə yer kilsədir.
Aprelin 7-də pravoslavlar “Müjdə” gününü qeyd ediblər. Boşalmış və kədərə qərq olmş Tbilisidə ancaq məbədlər qayğısız görünürdü – hamısında izdihamlı bayram ayinləri keçirilib və yalnız bəzi kilsələrdə inanclı insanların aralarında məsafə gözləmələri üçün döşəmədə işarələr edilib.
Elə həmin bayram günündə kilsə xadimlərindən birinin koronavirusa yoluxduğu məlum olub. Söhbət Tbilisinin mərkəzindəki Müqəddəs Nikolay məbədinin dyakonundan gedir. Kilsə camaatı arasında da yoluxanların olub-olmadığı hələlik bəlli deyil, amma verilən məlumata əsasən, dyakon öz ailə üzvlərini artıq yoluxdurub.
Gürcüstanda üzə çıxarılan bütün yoluxma zəncirləri “klaster” adlandırılır. Bu söz gündəlik həyatda özünə möhkəm yer edib, indi isə sosial şəbəkələrdə fəal şəkildə yeni “kilsə klasteri” müzakirə olunur.
Bu ifadənin əmələ gəlməsi kilsə ierarxiyasını qətiyyən narahat etməyib – onlar öz dediklərinin üstündə dururlarvə az məlum olan təhlükəli virusun yayılmasına rəğmən məbədlərin qapıları açıq qalır, priçastiye ayini (bu ayin zamanı bütün iştirakçılara eyni qaşıqdan su və ya şərab içirilir) dəyişmir və inanclılar ölkədə elan olunmuş komendant saatına baxmayaraq, gecədən səhərə qədər davam edən Pasxa mərasimində iştirak edə biləcəklər.
Bəzi keşişlər inanclılara açıq təklif edirlər ki, komendant saatına qədər Pasxa mərasimində iştirak etmək üçün kilsədə toplaşsınlar, komendant saatı bitəndən sonra isə kilsədən getsinlər, yəni bütün gecəni kilsədə qalsınlar.
Dünyəvi hakimiyyət əsasən susur, baxmayaraq ki, ayrı-ayrı nazirlərin buna etiraz etməyə cəsarəti çatıb.
Məsələn, baş nazirin müavini, infrastruktur naziri Maya Tskitişvili deyib ki, Pasxa gecəsində kilsəyə gedəcək vətəndaşlar fövqəladə vəziyyət rejimini pozmuş olacaqlar – eyni məkanda üç nəfərdən artıq toplaşmaq və 21:00-dan sonra evdən kənarda olmaq qadağandır.
O vurğulayıb ki, məhdudiyyətlər bütün vətəndaşlara aiddir, din xadimləri də istisna təşkil etmir.
Bu cür pozuntulara görə cərimə nəzərdə tutulub. Cərimənin həcmi min və beş min dollar arasında var-gəl edir. Amma Gürcüstanda adi insanlar üçün din xadimlərinin cərimələndiyini təsəvvür eləmək çətindir.