Gürcüstanda koronavirusa yeni yoluxanlar arasında “təcili yardım” həkimi də var
Paylaşmaq
Paylaşmaq
Aprelin 4-də Gürcüstanda koronavirusa yoluxduğu təsdiqlənən növbəti səkkiz nəfərdən biri Tbilisidə təcili yardım həkimidir.
Verilən məlumata əsasən, o, həyat yoldaşından yoluxub. Həyat yoldaşı bir neçə gün əvvəl koronavirusa yoluxduğu aşkarlanan yeddi nəfər Milli Bank əməkdaşından biridir. Versiyalardan birinə görə, bu, pul əskinasları ilə təmas nəticəsində baş verib.
Həkimin işlədiyi təcili yardım şöbəsi bağlanıb. Epidemioloqlar onun təmasda olduğu insanların siyahısını hazırlayır.
Yoluxmuş həkim martın 31-də bütün günü növbədə olub.
Aprelin 4-də səhər saatlarında Gürcüstanda koronavirusdan 79 yaşlı qadın vəfat edib. O, Gürcüstanda pandemiyanın ilk qurbanı olub. ümumilikdə ölkədə 156 nəfər xəstələnib, onlardan 28 nəfər sağalıb. 5,526 nəfər karantində, 344 nəfər isə xəstəxanada nəzarət altında saxlanılır.
Martın 21-dən Gürcüstanda koronavirus pandemiyasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb, ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlanıb. İnsanlara xüsusi ehtiyac olmadan evdən çıxmaq qadağan olunub.
Martın 23-dən koronavirusun daxili yayılması təhlükəsi səbəbilə Marneuli və Bolnisinin bütün giriş və çıxışları bağlanıb.
Martın 31-dən Gürcüstanın bütün ərazisində komendant saatı qüvvəyə minib.