Gürcüstanda hepatit C – “sakit qatilə” qalib gəlmək mümkün olacaqmı?
Gürcüstanda hepatit C-dən minlərlə adam tam sağalıb. Bununla belə, hepatit C-nin kökünün kəsilməsi üzrə presedentsiz proqramın uğurla sona çatması məsələsi hələ də sual altındadır. Onun sona çatmasına bir ildən bir az çox vaxt qalır və hələ də əsas sualın cavabı yoxdur – Gürcüstan “sakit qatilə” tamamilə qalib gələn birinci ölkə olacaqmı?
Bir neçə il əvvəl hepatit C sağalmaz xəstəlik hesab olunub. Mövcud preparatlar hamıya kömək etməyib. hepatit C-nin müalicəsi çox bahalıdır (80 min dollara qədər). İnsanlar evlərini və mənzillərini satıb, xaricə müalicəyə gedirdi. Ağır əlavə effektlərə görə isə çoxları kursu yarıyolda qoyurdu.
Gürcüstan üçün hepatit C ciddi problemdir. 2015-ci ilə aid tədqiqata əsasən, burada 150 min nəfərə qədər və ya yaşlı əhalinin 5,4%-i virus daşıyıcısı olub. Avropa ölkələrində xroniki hepatit C xəstələrinin sayı 0,5-1%-dən çox deyil. Onun geniş yayılması halında isə 1,5-2,3% olur.
•HİV-ə yoluxmuş insanlar Gürcüstanda necə yaşayır
•Gürcüstanda marixuana çəkmək olarmı? Yeni qanun nə deyir?
•Gürcüstanda qızılca — cahillik epidemiyası?
•Gürcüstanda narkosiyasət – repressiyalardan imtina?
Məhz bu böyük rəqəmlər dünyada analoqu olmayan layihənin məhz Gürcüstanda başlamasına səbəb olub. Hepatit C-nin eliminasiyası proqramı 2015-ci ilin aprel ayında start götürüb. Gürcüstan hökuməti onu Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-in Prevensiya və Xəstəliklərə Nəzarət Mərkəzi ilə tərəfdaşlıqda həyata keçirir.
Əvvəlcə daha ağır vəziyyətdə olan pasientlərə yardım edilib. Onlara qiyməti əksər vaxtlarda onların bütün əmlakından daha baha olan preparatlar verilib.
Bu iddialı proqramın məqsədi kimi 5 il ərzində xəstəliyin tam kökünün kəsilməsi və onun gələcəkdə yayılmasının qarşısının alınması göstərilib.
2015-ci ilin aprel ayından 2020-ci ilin aprel ayına qədər 135 min nəfəri (bütün xəstələrin 90 faizini) müayinə və müalicə etmək lazımıydı. Proqrama 116 milyon lari (təxminən 43 milyon dollar) ayrılıb. Bura qiyməti ildə milyard dollardan çox olan yeni “Sofosbuvir” və “Harvoni” preparatları daxil edilmir. Gürcüstana onları Amerikanın “Gilead” dərman şirkəti pulsuz verir.
Son üç il yarım ərzində müalicə kursunu 51 min nəfər keçib, onların 98,2%-i tam sağalıb. Proqramın başa çatmasına hələ il yarım qalıb.
“Virusun olduğunu biləndə hamiləydim”
İya on il əvvəl hamilə olarkən planlı qan analizi verib. Qanında aşkar edilən hepatit C onun üçün şok olub. Harada yoluxduğunu heç cür anlaya bilmirdi. Gözəllik salonlarına öz alətləri ilə gedirdi, əməliyyat olunmayıb, qan köçürülməyib.
•Gürcüstan: yeni tibbi sığorta proqramının qaydalarına əsasən kimə nə düşür
İyadan sonra yoldaşı Dato da analiz verib. Onda da virus aşkar olunub. Müayinə göstərib ki, onun qara ciyəri xeyli daha pis vəziyyətdədir.
“Aydın idi ki, yoldaşımı mən yoluxdurmuşam. Özümün necə yoluxduğumu dəqiq bilmirəm, amma gənclikdə bir neçə dəfə narkotik qəbul eləmişəm, tatu vurdurmuşam və stomatoloqun qəbuluna getmişəm”, — Dato danışır.
Ər-arvad müalicənin qiymətini öyrənəndən sonra sağalmağa heç bir ümidləri yoxuydu. İki azyaşlı uşaqla kirayə mənzildə yaşayırdılar. Yüz min dolları haradan alsınlar?
İllər keçirdi, Datonun vəziyyəti getdikcə pisləşirdi — qara ciyəri böyüdü, üzünün rəngi saralmağa başladı.
Hepatit C-nin eliminasiyası proqramı onlar üçün qurtuluş oldu və ailəyə sanki ikinci həyat bəxş etdi. Preparatın üçaylıq kursundan sonra 43 yaşlı Datonun və 37 yaşlı İyanın qanında artıq virus qalmamışdı.
“Sakit qatil”
Dünyada hepatit C xəstəliyinin dəqiq statistikası yoxdur. Ona stomatoloqun kabinetində də yoluxmaq, 20-30 il ərzində rahatca həmin virusla yaşamaq və günlərin bir günü qara ciyər serrozunun olduğunu aşkar etmək olar. Ona görə də ona “sakit qatil” adını veriblər.
Ümumdünya Səhiyyə Təşkilatı dünyada hepatit C xəstələrinin sayının 71 milyon olduğunu bildirir, halbuki bu, minimal göstəricidir. Onun verdiyi ağırlaşmalardan hər il 400 minə qədər adam ölür.
Bu xəstəlik 98% hallarda müalicə olunur. Xəstəliyin bir neçə il əvvəl müalicə olunduğu interferondan fərqli olaraq, “Harvoni”nin demək olar ki, heç bir əlavə təsiri yoxdur. Amma bahadır — üç aylıq kursun qiyməti 80 min dollardır. Buna görə də müalicə çox vaxt hətta varlı və inkişaf etmiş ölkələrin sakinləri üçün də əlçatmazdır.
Dərmanı satıb, ölmək
47 yaşlı Sisino (ad dəyişdirilib) iflic olmuş anası ilə birlikdə Zuqdididə, qaçqın yataqxanasında yaşayır. O, bazarda ədviyyat satmaqla dolanır. Bəzən bir gün ərzində heç nə sata bilmir və evə ərzaqsız qayıdır.
Üç ay ərzində həftədə iki dəfə o, hepatitə qarşı bahalı dərmanın növbəti dozasını almaq üçün şəhər xəstəxanasına gedirdi. Yoluxduğunu təsadüfən bilib — eliminasiya proqramı çərçivəsində qaçqınlara pusluz analiz ediblər.
“Qan köçürməmişəm, maniküra getmirəm, diş həkiminə pulum yoxdur. Hepatitə haradan yoluxduğumu anlaya bilmirəm”, — o deyir. Dərmanın ələ verilmədiyindən narazıdır — axı müalicə əvəzinə onları sata da bilərdi.
“Hiylə işlədirlər. Bilirlər ki, çoxları elə kasıbdır ki, ölməyi, amma həmin pulu övladlarına verməyi üstün tutar. Çoxları mənim kimi düşünür. Ona görə də bizi dərmanı kameranın qarşısında içməyə məcbur edirlər”, — Sisino danışır.
Proqram necə işləyir
Hər bir xəstə üçün proqram analizdən başlayır. Skrininq hepatiti aşkar edərsə, pasienti uçota qoyurlar və o, çağırılmasını gözləyir. İki aya qədər gözləmək lazım olur. Sonra da pasienti proqramda iştirak edən tibb mərkəzlərindən birinə təyin edirlər.
Dərman hər iki həftədən bir verilir. Sənədlərə qol çəkmək və həbi klinikada videoyazı altında qəbul etmək lazımdır ki, konkret pasientin nə qəbul etdiyi qeydə alınsın.
Skrininq mərkəzləri Gürcüstanın 12 şəhərində fəaliyyət göstərir. Ədliyyə evlərində (vətəndaşlara bütün növ sənədlərin verildiyi idarələr) hepatit C-yə verilən analizin alınması üçün xüsusi şöbələr açılıb. Müayinə 20 dəqiqə çəkir, nəticəni isə telefonla almaq olar. Oktyabrın 10-dan ədliyyə evlərində 6500 nəfər skrininq keçib, onlardan 180 nəfərində virus aşkar olunub.
25 min xəstə müalicə almaqdan boyun qaçırır, niyə?
C hepatitinin eliminasiyası proqramını uğurla başa çatdırmaq üçün yerdə qalan vaxt ərzində daha 84 min nəfəri müalicə etmək lazımdır. Amma bu planın yerinə yetirilməsi sual altındadır, çünki proqrama getdikcə daha az adam daxil edilir. 2006-cı ildə 24 min nəfər müalicə kursu keçibsə, 2017-ci ildə onların sayı 17 min, 2018-in 10 ayı ərzində isə cəmi 10 min nəfər olub. Ən qəribəsi isə odur ki, öz diaqnozunu dəqiq bilən 25 min nəfər müalicə olunmağa tələsmir.
Ekspertlər bunun bir neçə səbəbini qeyd edir.
Birincisi, pul — proqrama daxil edilmək üçün bir neçə pullu analiz vermək lazımdır. Əvvəlcə onların qiyməti 400-700 lari arası idi (150-260 dollar), hazırda məbləğ 110 lariyə qədər düşüb, amma bu, çoxları üçün hələ də maneədir.
İkincisi – coğrafiya. Klinikalar şəhərlərdə yerləşir və ora hər iki həftədən bir getmək lazımdır. Misal üçün, Samsxe-Cavaxeti sakinləri Tbilisiyə getmək üçün 200 kilometr qət etməlidir. Hökumətdə hazırda proqramın desentralizasiyası haqqında danışırlar.
Daha bir səbəb narkosiyasətdir. Son məlumatlara görə, Gürcüstanda 55 min inyeksion narkotik istifadəçisi var və onların 70 faizi bir qayda olaraq, hepatit C-yə yoluxub.
“İnsanı istifadə olunan iynəyə görə həbs edirlərsə və ya zorla test keçirirlərsə, onu kölgədən çıxarıb, proqrama cəlb etmək mümkün deyil. Narkosiyasətin liberallaşdırılması baş tutmayana qədər biz ümid edə bilmərik ki, hepatit C-yə qalib gəlmək mümkün olacaq”, — “Gürcüstanın narkotik istifadəçiləri şəbəkəsi”nin nümayəndəsi Koka Labartkava deyir.
Rusiya təbliğatı və çaxıra qarşı sevgi
İnsanların müalicə üçün müraciət etməməsinə daha bir mühüm səbəb dezinformasiyadır: Gürcüstanda C hepatitinin eliminasiyası proqramına Rusiya təbliğatı təsir edir.
Rusiyanın müdafiə və xarici işlər nazirliklərinin nümayəndələri və hakimiyyətin nəzarəti altında olan media bu yaxınlarda yekdilliklə bildirirdilər ki, Gürcüstanda hepatitin müalicəsi adı altında “insanların üzərində təcrübələr” aparılır, bunun da nəticəsində guya ki “onlarla insan ölüb”. Bu qəddar eksperimenti də guya Amerikanın Tbilisidəki “Luqara” bioloji laboratoriyası həyata keçirir. Bu məlumatın açıq-aşkar absurdluğuna baxmayaraq, kampaniyaya antiqərb yönlü internet resursları da qoşulub.
“Hər dezinformasiya dalğasından sonra proqrama qoşulmaq istəyənlərin sayı katastrofik şəkildə azalır”, — həkim-infeksionist Maya Butsaşvili deyir.
O, müalicədən imtinanın daha bir, çox qəribə bir səbəbini qeyd edir.
“Məsələn, bir pasient dedi ki, evində üç ton ev çaxırı var və bu çaxırı içib, bitirməmiş müalicəyə başlaya bilməz”.
Kim xəstələnə bilər?
İstənilən adam. Hələ də peyvəndinin olmadığı hepatit C qanla keçir. Virus sağlam adamın qan axınına düşməlidir. O hepatosidlərə
—qara ciyər hüceyrələrinə daxil olur, yayılır və qara ciyərin toxumalarını zədələyir. Xəstəlik çox vaxt ümumiyyətlə simptomsuz keçir — ta iş işdən keçənə qədər.
Necə yoluxmaq olar:
— Steril olmayan tibb alətləri
— İnyeksion narkomaniya
— Yoluxmuş adamın diş fırçası, qayçısı və ya ülgücü kimi əşyaları
— Yoluxmuş adamla qorunmadan seks vasitəsilə. Halbuki bu, o qədər nadir haldır ki, ÜST C hepatitini cinsi yolla keçən xəstəliklərə aid etmir
Dərman və müalicə əlçatan olduğu halda sağalmaq çətin deyil. Bununla belə, sağalan adam həyat tərzini dəyişməli olacaq — alkoqol, ağır və yağlı yeməkdən imtina.
Niyə məhz Gürcüstan?
Mütəxəssislər Gürcüstanda hepatit C-nin yayılmasının iki əsas səbəbini qeyd edir — steril olmayan alətlər və inyeksion narkomaniya.
90-cı illərdə xaosun hökm sürdüyü vaxtlarda Gürcüstanda narkomaniyanın dəqiq statistikası aparılmayıb, amma onun geniş yayıldığı aydın görünürdü. Parklar və həyətlər istifadə olnmuş iynələrlə dolu idi, onlarla da uşaqlar oynayırdı.
Səhiyyə idarələrinin hər hansı nəzarət sistemi aparılmırdı. Tibb alətləri isə primitiv üsullarla sterilizasiya edilirdi. Elektrik enerjisi olmayanda onları od sobalarında qaynadırdılar. Donor qanını heç kim yoxlamırdı.
Gürcüstanı eksperimentin aparılması üçün ona görə seçdilər ki, hepatitin yayılmasının yüksək səviyyədə olduğu kiçik ölkədə bu cür proqramı təşkil etmək daha asandır, həm də ölkədə inkişaf etmiş tibb infrastrukturu var. Xaricdə “yüksək səviyyədə lobbiçilik” də öz rolunu oynadı.
Bəs sonra?
Misir hepatitlə mübarizədə liderlərdən biridir. 2008-2011-ci illərdə orada xüsusi proqram həyata keçirilib, proqram çərçivəsində 190 min pasientin 90 faizi sağalıb. Amma bundan sonra hepatit C bir az da geniş yayılıb. Proqram başa çatandan bir il sonra 100 min yeni yoluxma halı aşkar edilib.
Əsas səbəb — xəstəliyin yayılmasının prevensiyası üçün heç nə edilməyib, bundan başqa inyeksion narkomaniya, tibb müəssisələri və bərbərxanalar hələ də virus ocaqları olaraq qalırdı.
2015-ci ildə Gürcüstanda 2 mindən çox bərbərxana və gözəllik salonlarında yoxlamalar keçirilib. Müəyyən olunub ki, onların əksəriyyətində alətlərin sterilizasiya qaydaları pozulub.
Prestijli stomatologiya klinikasının meneceri Nana Murusidzenin sözlərinə görə, 2015-ci ilə qədər Səhiyyə Nazirliyi stomatologiya klinikalarının uçotunu belə aparmayıb.
“Onlar neçə klinikanın olduğunu belə bilmirdilər. Bir dəfə mən hətta Batumidəki bazarda stomatoloji kabinet görmüşdüm”.
O vaxt qaydaları sərtləşdirdilər, amma onlara riayətə nəzarət mexanizmi hələ də mövcud deyil.
Gözəllik salonunun sahibi İrina Onaşvili deyir ki, salon 2012-ci ildən işləyir və bu vaxt ərzində heç kim salondakı sanitar şəraiti yoxlamayıb.
“Bu yaxınlarda 1200 dollarlıq yeni sterilizasiya aparatı aldıq, biz avadanlıq və alətlərimizi daimi yeniləyirik. Amma bu, bizim öz istəyimizdir. Heç kim bizi buna məcbur etmir. Müştərilərimiz bizə inanır, bu illər ərzində heç kim heç nəyə yoluxmayıb”.