Gürcüstanda Dəmirəl adına kollecin müdiri saxlanılıb – onu terrorçuluğu dəstəkləməkdə ittiham edirlər
Mayın 24-də Gürcüstanda “Şahin lisey-məktəbi”nin keçmiş direktoru, həm də Dəmirəl adına kollecin müdirlərindən biri saxlanılıb. Mustafa Çabuk ilkin ehtimala görə, Türkiyə tərəfinin xahişiylə FETO terror təşkilatı ilə əlaqədə olması ittihamı ilə saxlanılıb.
Mayın 25-də Tbilisi Şəhər Məhkəməsi Çabuka qarşı 3 ay müddətinə həbs qəti imkan tədbiri seçib. Məhkəmə Çabuka qarşı silahlı terrorçu təşkilatında iştirakla bağlı ittiham irəli sürən prokurorluğun vəsatətini təmin edib. Prokurorluq nümayəndələrinin sözlərinə görə, Türkiyə tərəfinin təqdim etdiyi materiallara əsasən, Mustafa Çabuk istintaqdan gizlənir.
Çabukun vəkili Soso Barataşvili bildirib ki, müdafiə etdiyi şəxsdən başqa, Gürcüstanda daha bir neçə türk iş adamı saxlanılıb. Barataşvilinin sözlərinə görə, söhbət ondan gedir ki, Çabuk guya Dəmirəl adına kolleci hansısa terror təşkilatına vermək istəyirmiş.
Vəkil izah edib ki, kolleci həqiqətən də adı heç bir “qara siyahı”da hallanmayan bir Amerika şirkətinə vermək istəyirdilər, buna görə də Mustafa Çabukun saxlanması səbəbləri ona aydın deyil.
Dəmirəl adına kollec Gürcüstanda fəaliyyət göstərən Çağlar təhsil şəbəkəsinin bir neçə müəssisəsi kimi Türkiyədə 15 iyun 2016-cı ildə hərbi çevrilişin təşkilində ittiham olunan Fərullah Gülənin adı ilə bağlanır. Türkiyə hökuməti Şahinin bütün məktəblərinə “hücum çəkərək”, bildirib ki, “orada terrorçuları böyüdür və hazırlayırlar”.
Çabukun saxlanması barədə məlumatı onun xanımı Tuba Çabuk sosial şəbəkələr vasitəsilə yayıb. Mayın 24-də o, Gürcüstan prezidenti və baş nazirinə yoldaşını Türkiyəyə təhvil verməmək xahişiylə müraciət edib.
“Həbsin səbəblərini çox güman ki, Türkiyədə axtarmaq lazımdır. Dünən Gürcüstanda Türkiyənin nümayəndə heyəti olub, onun səfərindən dərhal sonra da yoldaşım həbs edilib. Müstəntiqlər mənə dedi ki, Gürcüstan tərəfinin Mustafaya qarşı heç bir hüquqi və qanunverici iradı yoxdur”. – deyə Tuba Çabuk bildirib.
Daxili İşlər Nazirliyi hələ ki, Mustafa Çabukun saxlanması faktını heç cür şərh etmir.
Türkiyənin baş naziri və kabinet üzvləri Gürcüstanda 22-23 may tarixlərində olublar. Tərəflər bir sıra sahələrdə, o cümlədən də hüquqi məsələlər üzrə əməkdaşlıq haqqında razılığa gəliblər.