Gürcüstana ən çox pul köçürməsi Rusiyadan gəlir. İkinci yerdə İtaliya, üçüncü yerdə isə Yunanıstandır.
Ötən ilin dekabrında Rusiyadan Gürcüstana 45 milyon dollar göndərilib ki, bu da pul köçürmələrinin ümumi həcminin 32,5 faizini təşkil edib. İtaliyadan 15,4 milyon dollar, Yunanıstandan isə 15,1 milyon dollar göndərilib.
Növbəti üçlüyü ABŞ (13,1), İsrail (12,4) və Türkiyə (10,0) təşkil edib.
Gürcüstanın Milli Bankının məlumatına görə, 2017-ci ilin dekabrında ölkəyə 138,4 milyon dollar həcmində pul köçürməsi daxil olub, bu da daha əvvəlki ilin dekabrı ilə müqayisədə 16,3 faiz (19,4 milyon dollar) çoxdur.
2017-ci ilin dekabrında eyni zamanda Gürcüstandan da xaricə 19,8 milyon dollar (51,8 milyon lari) pul göndərilib. Bir il əvvəlki analoji dövrlə müqayisədə bu göstərici 1,6 milyon dollar artıq olub.
Gürcü emiqrantların böyük əksəriyyəti Rusiya, İtaliya və Yunanıstanda yaşayır və işləyir. Hər ay onlar Gürcüstanda qalan ailələrinə maddi dəstək göstərirlər.