Ukrayna və Gürcüstanın baş nazirləri noyabrın 27-də baş tutan görüş zamanı hər iki ölkə vətəndaşlarının bir-birinə səfər etməsinin asanlaşdırılması məsələlərinə toxunublar. Ukraynanın baş naziri Vladimir Qroysman sərhədlərin pasportsuz, tək ID kartla keçilməsinə imkan verməyi təklif edib.
“Ölkələrimizin vətəndaşları arasında səfərləri asanlaşdırmalıyıq. Bilirsiz ki, Gürcüstan və Ukrayna vətəndaşları bir-birinə qonaq getməyi sevir və bu gün biz bir-birimizə qonaq gedərkən ID kartların istifadəsi ilə bağlı dialoqa başlamaq qərarını verdik. Bu, səfər şəraitini asanlaşdıracaq”, – Ukraynanın baş naziri bildirib.
Baş nazirlərin görüşü Tbilisidə, hökumət administrasiyasında baş tutub. Danışıqlardan sonra hökumət başçıları bəyanatla çıxış ediblər.
Vladimir Qroysman o cümlədən vurğulayıb ki, bu gün Ukrayna biznesi Gürcüstanın iqtisadiyyatı və əksinə gürcü biznesmenləri Ukrayna iqtisadiyyatı ilə maraqlanır. Onun sözlərinə görə, iqtisadi əməkdaşlıq iki ölkə arasında münasibətlərdə prioritetdir.
Gürcüstan hökumətinin başçısı öz çıxışında Ukraynanın suverenliyinə, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstəyini ifadə edib. Rusiya tərəfindən Ukrayna ərazilərinin işğalını o, Gürcüstana qarşı aqressiyanın davamı adlandırıb.
“Həm Krım Muxtar Respublikasının və Sevastopolun işğalı və ilhaqını, həm də Rusiya Federasiyasının Ukraynanın şərq regionlarında aqressiv və qanunsuz hərəkətlərini qəti şəkildə pisləyirəm.
Rusiyanın Ukraynada qanunsuz addımları Rusiyanın Gürcüstana qarşı 2008-ci ilin avqust ayında həyata keçirdiyi və nəticədə Gürcüstanın ərazilərinin – Abxaziya və Cənubi OsetiyaSxinval regionunun işğal olunduğu aqressiyasının davamıdır”, – Kvirikaşvili bildirib.
Gürcüstanın baş naziri hər iki ölkənin Qərbyönlü siyasi kurslarına toxunub. Kvirikaşvilinin sözlərinə görə, Gürcüstanla Ukraynanı bir məqsəd birləşdirir – Avropa və Avroatlantika məkanlarının tamhüquqlu üzvləri olmaq. O vurğulayıb ki, üç gün əvvəl “Şərq tərəfdaşlığı” proqramında Ukrayna və Gürcüstan Avropa İttifaqı dövlətləri ilə birlikdə gələcəkdə Aİ ilə yaxınlaşmağa istiqamətlənən bəyannamə qəbul ediblər.