Gürcüstan: turizmin axırı necə olacaq?
Gürcüstanda bir aydan artıqdır ki, koronavirus pandemiyasına görə fövqəladə vəziyyət qüvvədədir.
Pandemiya bir çox məhdudiyyətlərin qoyulmasına gətirib çıxardı, ilk növbədə də komersiya fəaliyyətinə.
Ölkədə işgüzar fəaliyyət faktiki olaraq dayandırıldı. Dəyən ziyanı hesablamaq hələ tezdir, amma iqtisadçılar əminliklə deyir ki, ən böyük itki turizm və xidmət sektorlarında olacaq.
Turizm və turistlərə aid hər şeyə ziyan dəyib.
Son illərdə Gürcüstanda artan turist sayı fonunda çoxları öz biznes və gələcəklə bağlı ümidlərini onların üzərində qurmuşdu.
İndi onlar ayaqda qalmaq üçün vasitələr axtarır və yeni reallığa adaptasiya olmağa çalışırlar, çünki ölkənin hələ uzun müddət turistsiz yaşamağa məcbur olacağını anlayırlar.
Çox güman ki, hökumət turizmə böyük ümid bəsləmədən, öz siyasətini dəyişməli olacaq.
«Velvet»: turistsiz keçinmək mümkün olacaqmı?
“Velvet mağazası qədimi əşya və bərpa olunmuş mebel satır.
Bu kiçik biznesi bir neçə dost təşkil edib. Onlar türistlərin ən böyük marağına səbəb olan köhnə Tbilisidə mağaza üçün yer icarəyə götürüb və Gürcüstanın hər yerində maraqlı, qədimi əşyalar axtarırlar.
Son zamanlar alver daha yaxşı gedirdi.
Köhnə sovet telefonu, 60-cı illərin çıraqları, nadir antikvar kitablar və köhnə gürcü operası səs yazısı olan saralmış vinil – bu cür əşyalar xaricilərin çox xoşuna gəlirdi.
Bu gün həmin mağaza ərzaq mağazalarından və apteklərdən başqa bütün digər obyektlər kimi bağlanıb.
“Velvet”in həmtəsisçilərindən biri olan Nata Tsnobiladze deyir ki, çıxış yolu tez tapıldı. Mağaza tam olaraq onlayn alış-verişə keçib. Xarici alıcılara mal poçt vasitəsi ilə göndərilir.
«Hələ koronavirusdan əvvəl biz malları onlayn satırdıq, amma satış az olurdu. Fövqəladə vəziyyət elan olunduqdan sonra biz bütün gücümüzü bu sahəyə yönəltdik. Bu, əməkdaşlarımızın bir hissəsini saxlamağa və rüsumları ödəməyə şərait yaratdı», – o deyir.
Sonra kuryer vasitəsi ilə çatdırılmanı fövqəladə vəziyyət səbəbilə qoyulmuş yeni məhdudiyyətlərə görə müvəqqəti olaraq dayandırmalı oldular. Amma şirkət məhz bu yöndə inkişaf etməyi planlaşdırır.
Yeni xidmət üsulu – karantin
Öz əsas gəlir yeri olan turistləri itirən böyük şirkətlər də bu cür problemlərlə qarşılaşır.
Bir çox şirkət öz fəaliyyət sahəsini yenidən qurmağa çalışır. İqtisadiyyat Nazirliyinə fövqəladə vəziyyət şəraitində onların biznesini yeniləmək xahişiylə müxtəlif şirkətlərdən yüzlərlə müraciət edilib — bunun üçün şirkət sübut etməlidir ki, sosial məsafəyə və bütün sanitar normalara riayət etməklə işləyir.
- Gürcüstan və İran: infeksiya ocağı yaxınlığında yaşayış
- Gürcüstan: turist yoxdur, mehmanxanalar müflis olma həddindədir
- Gürcüstanda tarixi kənd Şatili – dağlar insansız qalanda
“Georgian Bus” yeni vəziyyətə və fors-major hallarına uyğunlaşan bir şirkətdir.
Şirkətin əsas fəaliyyəti turistlərin daşınması, həmçinin Gürcüstanın müxtəlif şəhərlərindən Kutaisi beynəlxalq aeroportuna mütəmadi avtobus reysləri idi.
Bu aeroportdan ucuz aviaşirkətlər istifadə edir və əsas sərnişinlər ya xaricilər, ya da Avropaya səyahət edən gürcüstanlı turistlər idi. Uçuş və reyslərin bağlanması ilə şirkət işsiz qaldı. Amma çıxış yolu tapıldı.
«Martın 12-dən sonra bizim yeganə fəaliyyətimiz Gürcüstana qayıdan həmvətənlərimizi karantin zonalarına daşımaqdır. Aeroportlardan başqa biz insanları quru sərhədlərindən də daşıyırıq. Bizim avtobuslar bütün sərhədlərdə gözləmə rejimindədir.
Məsələn, bu yaxınlarda biz Gürcüstan vətəndaşlarını Yerevandan gətirdik, bu Xarici İşlər Nazirliyinin sifarişi idi. İndi biz müqavilə əsasında turizm idarəsi ilə işləyirik», – “Georgian Bus”ın direktoru Şalva Xutsişvili deyir.
Onun sözlərinə görə, şirkət böhranın ən birinci zərbəsi altına düşdü.
«Sonra isə bizə itkilərimizin müəyyən hissəsini qarşılamağa şərait yaradan bu yeni xidmət yarandı. İndi biz işçilərimizə maaş verə bilirik və onları işdən çıxarmağa məcbur deyilik», – Xutsişvili deyir.
Şirkətdə güman edirlər ki, dövlət sifarişləri mayın sonuna qədər davam edəcək və bu, şirkətin maliyyə davamlılığı üçün çox vacibdir.
Ölkəyə turistlərin gəlməməsinə baxmayaraq, bir çox mehmanxana hələ də işləyir, onların yeganə gəlir mənbəyi karantinə yerləşdirilən insanlardır.
Aprelin 22-də Gürcüstanın mehmanxanalarında karantin zonalarında 5015 insan yerləşdirilmişdi, həmin yerlərdə bir qayda olaraq tibbi personalı və mühafizə də yerləşdirilir.
Bakurianidə yerləşən «Villa Palas» mehmanxanasından bizə verilən məlumata görə, hökumət 21 martdan 20 marta qədər bütün mehmanxananı 300 min lariyə (təxminən 95 min dollar) icarəyə götürüb.
Mehmanxana karantinə yerləşdirilmiş insanları üç dəfə yeməklə təmin edir və sanitar normaların qorunmasına görə cavabdehlik daşıyır.
Aprelin 1-nə olan məlumata görə, Gürcüstanın Milli Turizm Administrasiyası karantin sahələri kimi istifadə edilən mehmanxanaların icarəsinə 10 milyon laridən çox (təxminən 3.2 milyon dollar) vəsait ayırıb.
Bəzi böyük brend mehmanxanalar (“Sheraton” və Tbilisidəki “Holiday Inn” kimi) sosial məsuliyyət çərçivəsində öz xidmətlərini dövlətə pulsuz təklif edirlər.
Onların xidmətlərinə görə qənaət olunmuş vəsait isə böyük olmayan mehmanxanalar arasında paylaşdırılır.
Kimin bəxti gətirmədi
Minlərlə kiçik mehmanxana, hostel, qonaq evi və apartament sahibləri xüsusilə çətin vəziyyətdə qaldı.
Xarici turistlərin sayının daimi artması fonunda evin icarəyə verilməsi son illərdə Gürcüstanda fəaliyyətin ən artan və geniş yayılmış növlərindən biri idi.
Bu, bir çox ailə üçün tək və ya əsas gəlir mənbəyi oldu.
Quqa Çapiçadze iki ildən artıqdır ki, Tbilisinin mərkəzində turistlər üçün Airbnb və booking.com üzərindən apartament icarəyə verir.
Aprel-may ayları xüsusilə yaxşı dövrdür, bu aylarda Tbilisiyə çox sayda turistlər gəlir.
«Bütün bronlar fevralın sonundan ləğv edilib, biri belə qalmayıb. Bu epidemiyadan öncə kredit götürdüm, ikinci mənzil aldım və təmir etdim. İndi gəlirimi itirmişəm, amma bankın borcu qalıb», – Quqa deyir.
Böyük komersiya bankları ipoteka krediti daxil olmaqla kredit ödənişlərinə möhlət verib. Amma üç ay möhlətin faizi daxil olmaqla, yenə də borcunu ödəməli olacaqsan.
Bəzi mənzil sahibləri müvəqqəti çıxış yolu tapıb, öz mənzillərini vətəndaşlara özünü izolyasiya etmək üçün iki həftəlik icarəyə verirlər. Amma bu xidmət üçün tələbat böyük deyil.
«Uçuşlara uzun müddət məhdudiyyət qoyulacaq, hətta dünya koronavirus pikini keçdikdən sonra. Ona görə də bizim üçün, turizm sahəsində çalışanlar üçün bu böhran daha ciddi olacaq, və bizim əvvəlki vəziyyətə nə zaman dönəcəyimizi heç kim bilmir», – Quqa deyir.
Turizmlə bağlı ümidlərə son?
Son onillikdə turizm sahəsi aktiv şəkildə böyüyürdü və Gürcüstan iqtisadiyyatının vacib komponentlərindən biri oldu.
Ötən il Gürcüstana rekord sayda 9,3 milyon (əhalinin sayından 2,5 dəfə çox) xarici qonaq gəlib.
2011-2018-ci illərdə Gürcüstanda xarici qonaqların artım tempi ildə 15% təşkil edirdi hansı ki, Avropada ən yüksək göstəricilərdəndir.
Bu nəticələr sayəsində Gürcüstan nəinki qonşuların, hətta Portuqaliya, Niderland, Polşa, İrlandiya, Kipr və başqa ölkələri qabaqlayır.
Xarici qonaqların sayı artdıqca, bu sahədən gələn gəlir də artırdı.
Məsələn, 2018-ci ildə turizmdən gələn gəlir 3,2 milyard dollar təşkil etdi. Bu 2017-ci ilin analoji dövründən 19,1% çoxdur. 2012-ci il ilə müqayisədə isə demək olar ki, üç dəfə çoxdur (1,4 milyard dollar).
İldən ilə əhalinin əksər hissəsi, Gürcüstan iqtisadiyyatı kimi turizm gəlirlərindən asılı vəziyyətə düşürdü. Gürcüstanda 2018-ci il üçün turizmin ÜDM-də payı 7,6% təşkil edib.
Turizm gəlirlərinin yarısından çoxu qonşu ölkələr Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyadan gəlirdi. Amma son illər yüksək gəliri olan turistlərin sayı artır, xüsusilə Aİ-dən.
2018-ci ildə Gürcüstana gələn hər onuncu qonaq Avropa İttifaqından idi, bu da 2017-ci il ilə müqayisədə 36 faiz çoxdur.
Gözlənilir ki, indiki böhranın fonunda, ilk növbədə, Avropadan və yüksək səviyyədə gəlir gətirən başqa ölkələrdən turistlərin axını azalacaq, bu da Gürcüstanın turizm sektoruna əhəmiyyətli təsir göstərəcək, ekspertlər belə hesab edir.
Tur-operatorlar Assosiasiyasının rəhbəri İaTabaqari hesab edir ki, koronavirusa görə bu sahə böyük ziyan görəcək, xüsusilə, turist agentlikləri, gid və sürücülər.
«Görünür ki, tur-operatorlar ən böyük risk altındadırlar. Yaxın gələcəkdə onların tək ümidi yetərincə olmayan daxili turizm olacaq. Qış onsuz da passiv dövr idi və ondan sonra koronavirus başladı. Bu gün hər hansısa perspektiv haqda danışmaq çətindir», – İa Tabaqari deyir.
O hesab edir ki, hökumət çox insanın işsiz qalmaması üçün bu sahəyə uzunmüddətli kömək planı hazırlamalıdır. Məsələn, o hesab edir ki, bu və ya digər regionda təbiətin xüsusiyyətlərini bilən keçmiş bələdçiləri dövlət ekologiya sahəsində layihələrə cəlb edə bilər. tmək olar.
Hökümət necə kömək edəcək
Hökumət artıq sahibkarlara bəzi dəstək tədbirləri barədə məlumat verib.
Plana uyğun, COVID-19-un yayılmasıyla bağlı yaranmış zərərə görə hökumət əmlak vergisinin və turizm sahəsində işləyən şirkətlər üçün gəlir vergisinin ödənişini dörd aylıq təxirə saldı.
Güzəştlər mehmanxalar, restoranlar, nəqliyyat şirkətləri, ekskursiya təşkil edənlər və başqa turizm xidməti göstərənlərə şamil olunacaq.
Bundan başqa, hökumət altı ay ərzində 4-50 otağı olan mehmanxalar üçün kredit faizini qarşılayacaq.
Yekun nəticədə, hökumətin hesablamalarına görə vergilərin ödənməsinin təxirə salınması 50 mindən çox işçinin işlədiyi 18 min şirkətə təsir edəcək. Proqnoza görə, beləliklə özəl sektorda 100 milyon lari (31 milyon dollar) qalacaq.
İqtisadçı Merab Caniaşvili hesab edir ki, Gürcüstanın belə çətin vəziyyətə düşməsinin səbəblərindən biri dövlətin son illərdə turizmə həddən artıq diqqət ayırmağı oldu.
«Bu, böyük səhvdir, iqtisadiyyatı turizm kimi zəif olan bir sektora bağlamaq. Hər bir böhranda ilk növbədə turizm sektoru əziyyət çəkir, çünki insanlar ilk növbədə səyahətdə qənaət etməyə başlayırlar. Ona görə də böhranlara qarşı ən zəif sektor budur və bu, bizim üçün çox pis nəticələnəcək», – Caniaşvili deyir.
Caniaşvilinin sözlərinə görə, son illər biznesə dövlət dəstəyi əsasən turizmə edilirdi, halbuki bu sektora özəl yatırımlar da kifayət qədər böyük idi.
«Məsələn, dövlətin böyük maliyyə təşkilatlarından biri olan Əməkdaşlıq Fondunun son 15 layihəsinə baxsaq, onların əksəriyyətinin mehmanxanaların maliyyələşməsinə xərcləndiyini görərik, bu isə doğru deyil», – Caniaşvili deyir.
İqtisadçının sözlərinə görə, turizm sektorunun sahibkarlarının vergi ödəmələrinin təxirə salınması onlara bir müddət kömək edəcək, amma nəticədə işçilərin əksəriyyəti müvəqqəti olaraq işini itirəcək.
O, hesab edir ki, bu vəziyyətdə hökumət doğru nəticələr çıxarmalı və turizm deyil, iqtisadiyyatın daha güclü – istehsal, informasiya texnologiyaları və s. sektorlarına diqqətini cəmləməlidir.
«Mediaşəbəkə»nin dəstəyi ilə