ABŞ səfiri: Gürcüstanda ayrı-ayrı şəxslərin siyasətinə son qoymaq lazımdır
“Gürcüstanda cəmiyyəti parçalayan və Rusiya üçün yol salan ayrı-ayrı şəxslərin və ölkədə nifaq və qarışıqlıq yayan digər vicdansız fiqurantların siyasətinə son qoyulmalıdır”, – ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan oktyabrın 31-də keçiriləcək parlament seçkilərinə üç gün qalmış deyib.
ABŞ səfiri Gürcüstan vətəndaşlarını pandemiyaya baxmayaraq, seçki məntəqələrinə getməyə çağırıb, çünki qaydalara riayət olunduğu təqdirdə bu prosedur təhlükəsizdir:
“Mən insanları maska taxmağa, məsafə gözləməyə və seçki məntəqələrinə gəlməyə çağırardım. ABŞ həqiqətən istəyir ki, bu seçki yaxşı keçsin. Koronavirus pandemiyasına baxmayaraq, insanların təhlükəsiz səsverməsini təmin etmək üçün artıq böyük iş görülüb”, – səfir deyib.
Onun sözlərinə görə, seçkinin sakit və azad şəraitdə keçirilməsinə görə məsuliyyət hakimiyyətin üzərinə düşür.
“Son nəticədə bu seçkilərdəki uğur Gürcüstan hökumətindən və Gürcüstan xalqından asılıdır. Biz ümid edirik ki, gürcülər seçkilərdə iştirak edəcək və səslərinin qeydiyyatdan keçməsinin qayğısına qalacaqlar”, – Kelli Deqnan deyib.
Səfir bu bəyanatı ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşının vəzifəsini yerinə yetirən Kristofer Andersonla görüşündə səsləndirib.
● Tbilisidə ilyarımlıq fasilədən sonra ABŞ səfiri olacaq
● Donald Tramp ABŞ-ın Gürcüstandakı yeni səfirinin kim olacağını müəyyən edib