Gürcüstan prezidentliyinə namizədi Cavaxetiyada seçicilərlə görüşündən sonra ksenofobiyada günahlandırıblar
Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili yenidən qalmaqal mərkəzindədir.
Bu dəfə onu ksenofobiyada və milli zəmində nifrətin qızışdırılmasında ittiham ediblər.
Bunun səbəbi isə Zurabişvilinin etnik ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya (Gürcüstanın cənubu) regionunda yerli əhali ilə görüşü zamanı səsləndirdiyi sözlər olub.
Oktyabrın 2-də Ninotsminda şəhərində seçicilərə müraciət edərək Zurabişvili Gürcüstan vətəndaşlığının alınması məsələsinə toxunub. O, ikinci vətəndaşlığın yalnız prezidentin icazəsi ilə verilməsi haqda qanunu tənqid edib və bu qanunun dəyişdirilməsi üçün səy göstərəcəyinə söz verib.
Öz çıxışında Zurabişvili Mixail Saakaşvilini türklərə ikinci vətəndaşlıq verib, ermənilərə imtina etməkdə günahlandırıb.
“Mənim opponentim olan bir prezident, heç onun adını da çəkmək istəmirəm, bir çox türklərə ikinci vətəndaşlıq verirdi, sizə isə vətəndaşlıq vermirdi”, – Zurabişvili ağzına kimi dolu zalda bəyan edib.
Onun bu sözləri müxalifət və QHT nümayəndələri, o cümlədən də sıravi Facebook istifadəçiləri arasında kəskin narazılıq doğurub.
Zurabişvilini etnik zəmində nifrət qızışdırmaqda, həmçinin qeyri-peşəkarlıqda günahlandırıblar.
“Bu cür bəyanatlar bu regionda böyük təhlükə yaradır və yanlış siyası formanın təzahürüdür”, – jurnalistlərə “Avropa Gürcüstanı” partiyasının Gürcüstan prezidentliyinə namizədi David Bakradze bildirib.
“Vahid Milli Hərəkat” partiyasında prezidentliyə namizədin bəyanatını daha radikal qarşılayıblar. Partiya liderlərindən biri Nino Meliya hesab edir ki, Zurabişvilinin sözləri onun Gürcüstanın düşməni olduğunu təsdiqləyir.
“Biz Zurabişvilinin adi düşmən olduğunun danılmaz sübutunu gördük. Necə prezident olmaq arzusunu ifadə etmək və eyni zamanda etnik azlıqlara, bu misalda erməni həmvətənlərimizə keçmiş hakimiyyətin türklərə vətəndaşlıq verib, ermənilərə vermədiyini demək mümkündür?” – “Novosti-Qruziya” Meliyaya istinadən yazır.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri əsasən müxalifətlə razıdırlar. “Gürcüstanın Demokratik Təşəbbüsləri” təşkilatının sədri Georgi Mşveniradze qeyd edir ki, “Zurabişvilinin bəyanatı qanun çərçivəsini aşmasa da, dağıdıcı xarakter daşıyır”.
“Belə bəyanatlar çox təhlükəlidir, çünki türkofobiya yaradır. Onun bəyanatında türklər hansısa təhülkə kimi təqdim olunub. Bu birmənalı şəkildə ksenofobiyadır. Bundan başqa, elə bəyanatlar Türkiyədən əvvəl mövcud olmuş Osmanlı imperiyası ilə müəyyən ağrılı əlaqələrə malik etnik qrupa müraciətdə edilirsə, iki qat təhlükəlidir”, – Mşveniradze “Netqazeti” nəşrinə bildirib.
“Bu cür dövlət əleyhinə bəyanatların müəllifi prezident seçilə bilməz. O, Gürcüstan üçün tamam biabırçı namizəddir və onu dəstəkləyən hər kəs üçün rüsvayçılıqdır. O Marneuliyə gedəndə [Gürcüstanın etnik azərbaycanlıların yaşadığı region – JAMnews] yəqin deyəcək ki, Saakaşvili əslində erməni olub”, – Facebook səhifəsində David Zurabişvili yazıb.
Faceboook-da Zurabişvilinin öz dağıdıcı bəyanatları ilə Gürcüstan üçün təhlükəli olduğunu da yazıblar. Yalnız müxalif əhvallı istifadəçilər yox, hakimiyyətə loyal olanlar da öz narazılıqlarını bildiriblər.
“Onun elədiyi vətənə xəyanətdir”.
“Hələ bu diplomatdır… O öz düşünülməmiş bəyanatları ilə bizi hansısa müharibəyə sürükləyəcək”.
“Populizm və Saakaşviliyə nifrəti naminə o, ölkə maraqlarıni qurban verməyə hazırdır. O, erməni və türk xalqları arasındakı ağrılı tarixi münaqişə üzərindən və insanların hissləri ilə oynamağa hazırdır”.
“Onun prezidentliyi ölkə üçün real təhlükədir”, – Facebook istifadəçiləri yazırdı.