Gürcüstan pandemiyanın üçüncü dalğasına hazırlaşır. Baş nazirə koronavirus diaqnozu qoyulub
Gürcüstan koronavirus pandemiyasının üçüncü dalğasına hazırlaşır. Baş nazir İrakli Qaribaşvilinin Covid-19 virusuna yoluxduğu təsdiqlənib. Bu arada ölkədə vaksinasiya lazım olandan çox ləng gedir.
AstraZeneca Britaniya-İsveç farmakoloji şirkətindən peyvəndlərin növbəti partiyası Gürcüstana aprelin sonunda, Amerikanın Pfizer firmasından isə iyunda gətiriləcək – Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.
Onun sözlərinə görə, çatdırılma beynəlxalq COVAX platforması vasitəsilə həyata keçiriləcək. Pfizer firması ilə birbaşa danışıqlara gəlincə, onların qrafiki daha sonra açıqlanacaq.
Səhiyyə nazirinin müavini sutka ərzində həyata keçirilən testlər arasınnda mümsbət testlərin payı 2 faizdən çox olsa, karantin tədbirlərinin sərtləşdirilməsinin mümkünlüyü haqda da danışıb. Son iki həftədə Gürcüstanda bu göstərici 1,94 faizə çatıb.
- AstraZeneca: xilas, yoxsa təhlükə? Koronavirusa qarşı vaksin ətrafındakı son mübahisələr haqda hər şey
- Dondurulmuş mövsüm. Pandemiya Gürcüstanın qış kurortlarına necə təsir edib?
“Hər şey cəmiyyətin mövcud qaydalara necə əməl edəcəyindən asılıdır. Ancaq bunlara əməl olunması bizim daha sərt məhdusiyyətlərə qayıtmayacağımızın qarantı ola bilər”, – Qabuniya deyib.
Onun sözlərinə görə, uşaq bağçalarında və məktəblərdə təhsil hələlik adi rejimdə davam edəcək.
Bu arada isə Gürcüstanda yoluxmaların sayı artır. Son 24 saat ərzində 897 yeni yoluxma halı qeydə alınıb, fevralla müqayisədə demək olar ki, üç dəfə artıq.
Baş nazir İrakli Qaribaşviliyə də koronavirus diaqnozu qoyulub. Onunla təmasda olduğu üçün Gürcüstan prezidenti Salome Zurabişvili də özünütəcrid rejiminə qapanıb.
Eyni zamanda Gürcüstanda koronavirusa qarşı vaksinasiya çox ləng gedir. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatına əsasən, ötən sutka ərzində cəmi 1214 nəfər vaksinasiyadan keçib. Vaksinasiya başlayandan keçən üç həftə ərzində isə ümumilikdə 12 846 nəfərə peyvənd vurulub.
Gürcüstanda indi iki vaksindən istifadə olunur – Amerikanın Pfizer və AstraZeneca Britaniya-İsveç farmakoloji şirkətlərinin. İki gün əvvəl ölkəyə Çin istehsalı olan 100 min doza vaksin də gətirilib. Amma bundan Ümumdünya Səhiyyə Təşkilatı icazə verəndən sonra istifadə olunacaq.