Gürcüstan ombudsmeni hakimiyyətin Batumidə məşhur türk məktəbini bağlamaq qərarı ilə razı deyil
Gürcüstan ombudsmeni Uça Nanuaşvili Təhsil Nazirliyinin Batumidəki Reyfəddin Şahin adına məşhur məktəbin fəaliyyətinin ləğvi qərarı ilə razı olmadığını deyir. Məktəb 1994-cü ildən işləyir və Acariyanın ən uğurlu özəl məktəblərindən biri sayılır.
Gürcüstanın Təhsil Nazirliyi yanında təhsil müəssislərinin avtorizasiya şurasının fevralın 3-də “Reyfəddin Şahin adına dostluq məktəb-liseyi”nin avtorizasiyasını ləğv etməsinin rəsmi səbəbi kimi lisey tərəfindən şagirdlərin qəbulu zamanı yol verilən səhvlər göstərilib. Amma bu, həmin məktəblə bağlı olan birinci qalmaqal deyil.
Ötən ilin iyul ayında Türkiyənin Batumi şəhərindəki baş konsulu Yasin Temiksan yerli “25-ci kanal”a bildirib ki, bu məktəb ABŞ-da yaşayan və Türkiyə hakimiyyətinin 2016-cı ilin may ayında Türkiyədə dövlət çevrilişi cəhdində günahlandırdığı Fətullah Gülənin “terror qruplaşması” ilə bağlıdır. Konsul o vaxt bildirib ki, Gürcüstan hakimiyyətinə məktəbi bağlamaq xahişiylə müraciət etmək niyyətindədir. Sonradan bu bəyanatı Türkiyənin Gürcüstandakı səfiri təkzib edib və bildirib ki, konsulun tərcümə olunmuş sözlərini düzgün anlamayıblar.
“Qonşu ölkədə baş verən istənilən siyasi proses Gürcüstanın qanunvericiliyimizə əsasən qeydiyyatdan keçən və qanuna uyğun olaraq işləyən təhsil müəssisələrinə təsir etməməlidir”, – deyə ombudsmen Uça Nunaşvili bildirib.
Reyfəddin Şahin adına məktəbdə təhsil prosesi hələ ki, davam edir, çünki rəhbərlik hələ avtorizasiya şurasının rəsmi qərarını almayıb və istənilən halda şuranın qərarı ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.
Hazırda məktəbdə 350 uşaq təhsil alır. Acariyanın Təhsil Nazirliyi onları başqa məktəblərə yerləşdirməyə çalışır.