Gürcüstan məktəblərində bullinq: başqalarına bənzəməmək qəbahət olanda
Adətən uşaqlar özlərindən fərqlənənləri sıxışdırır, bu zaman fərqin nədən ibarət olması bir önəm daşımır. Uşaq öz etnosuna, sağlamlıq durumuna, valideynlərinin seksual istəklərinə, siyasi baxışlarına görə bullinqə məruz qala bilər. Məktəb müəllimləri və rəhbərliyi adətən nəinki reaksiya vermir, hətta aqressiyaya təhrik edirlər, uşaqlar böyüklərə kifayət qədər inanmır ki, vaxtında yardım üçün müraciət etsinlər, dövlətin isə hələlik problemə effektiv reaksiya vermək mexanizmi yoxdur.
Anasının baxışlarına görə sıxışdırılan qız
Eleniko Qoqoxiya anasına daha məktəbə getmək istəmədiyini deyəndə səkkiz yaşı varıydı. Anası çox tez qızının sinifdə sıxışdırıldığını başa düşdü.
“O tez-tez deyirdi ki, öz sinfinə, məktəbə getmək istəmir, heç kim onunla dostluq etmir, ona gülürlər”, – qızın anası Nanuka Tevzadze danışır.
Məlum olub ki, Eleniko ətrafında dözümsüzlük ab-havası anasının fəal olduğu və LGBT fərdlərin hüquqlarını qoruduğu üçün yaranıb. Qızın sıxışdırılmasını təkcə uşaqlar deyil, həm də valideynlər, hətta müəllimlər də dəstəkləyib.
Nanuka uzun illərdir ki, ictimai fəaliyyətlə məşğuldur və qızına da hamının bərabər olduğunu deyir. O, həm də hesab edir ki, uşaqlara seksual təhsil verilməlidir. Bu ideyaları Elenikonun sinif yoldaşlarının valideynləri dəstəkləmir.
“Qızımdan onların niyə belə hərəkət etdiyini xəbər aldım. Onlar ona deyirdi – anan elə şeylər yazıb ki, bizim analarımız heç vaxt yazmaz. Yaşıdlarından fərqlənən qız sinif yoldaşlarının xoşuna gəlmirdi”, – Nanuka deyir.
Bullinq nədir
ABŞ-ın Səhiyyə və Sosial Müdafiə Departamenti bullinqi təkrarlanan zorakılıq forması kimi müəyyən edir. Bullin qin dörd növü var: verbal – qurbana ona xoş olmayan şeylər deyiləndə, sosial – qrup qəsdən özünü elə aparır ki, qurbana əzab versin (məsələn, boykot), fiziki – döymə və digər fiziki zorakılıq və kiber-bullinq – internetdə sıxışdırma, bütün bunlar qorxutma və təzyiqin müxtəlif metodlarını özündə əks etdirir.
•Insanlar niyə intihar edir. Azərbaycandan hekayələr
Bullinq təkcə qurbanları deyil, həm də aqressor və bullinqin şahidlərinə də ziyan vurur.
Bullinq qurbanları daimi narahatlıq, niskil və tənhalıq hisslərindən əziyyət çəkir, iştahası və yuxusu pozulur, bu da onların fiziki və psixi sağlamlıq durumuna təsir edir, bu da öz növbəsində məktəbdə oxumasına təsir edir.
Eleniko deyir ki, tək o deyil, sinif yoldaşı – məhdud imkanları olan uşaq da bullinqə məruz qalıb. Sinif yoldaşları onlarla dostluq etmir və lağa qoyurdular.
Eleniko məktəbini dəyişdi, təzə sinif yoldaşları onu təqib etmir. Amma deyir ki, burada onun təzə sinif yoldaşını sıxışdırırlar.
“Qızımın sıxışdırılması uşaqlardan gəlməyib, 7-8 yaşında uşaq bilmir, kimi və nəyə görə sıxışdırmaq lazımdı. Çox vaxt valideynlər qəsdən və ya bilmədən öz övladlarına nümunə göstərir, uşaqlar da onların davranışlarını təkrar edirlər”, – Naniko Tevzadze deyir.
Nanuka anlayır ki, hansısa başqa vəziyyətdə qızının bullinq obyektinə çevrilməyəcəyinə yüz faizlik zəmanət vermək olmaz, bununla belə, hesab edir ki, qızını düzgün tərbiyə etsə, o, özünü qorumağı bacaracaq.
Məktəb günahkardır?
Psixoloq Maya Tsuramua hesab edir ki, 8 yaşlı uşaq təhqir obyektinə çevriləndə məktəb reaksiya verməyə borcludur.
“Valideynlərin baxışları və fəaliyyəti cəmiyyətin müəyyən hissəsində populyar olmayanda və aqressiyaya səbəb olanda məktəb şagirdi qorumaq üçün işə qarışmalıdır”, – psixoloq belə hesab edir.
13 yaşlı Luka Sakandelidzenin anası Məryəm məktəb administrasiyasını bullinq provokasiyasında ittiham edir.
“Sinif rəhbəri şagidlərə Lukanın özünü necə aparmasını telefona çəkib, öz valideynlərinə göstərməyə çağırıb. Bununla da valideynləri ona qarşı qoyub”, – Məryəm deyir.
İş orasındadır ki, Luka xüsusi təhsil tələbatları olan uşaqdır. Hiperaktivdir, diqqətini dərsdə cəmləməkdə və emosiyalarına nəzarət etməkdə çətinlik çəkir.
Hələ birinci sinifdə oxuyanda sinif yoldaşları onu döyməyə başlayıb, bundan sonra da psixoloji sıxışdırma və sosial şəbəkələrdə bullinqə keçiblər.
Luka artıq beş məktəb dəyişib. İki aydır ki, oxuduğu məktəbdə heç kim onun xətrinə dəymir. Amma Məryəm narahatdır ki, o yenə də rişxənddən qorunmuş deyil:
“Məktəbi dəyişmək problemi həll etmir. Kompeks yanaşma, başqa şagirdlərlə, onların valideynləri və müəllimlərlə işləmək lazımdır. İşə psixoloqlar və davranış üzrə mütəxəssislər qarışmasa, heç nə alınmayacaq. Nə müəllimlər, nə də məktəb direktorlarının müvafiq kvalifikasiyası yoxdur”.
İxtisaslı kadrların olmadığını uzun illərdir ki, bullinq problemi ilə məşğul olan “Zorakılıqsız kommunikasiya institutu” qeyri-hökumət təşkilatında da qeyd edirlər.
Təşkilat dövlət və özəl məktəblərdə aşağılamaq mövzusunda xüsusi araşdırmalar aparıb, həm də bir neçə məktəbdə müəllimlər, valideynlər və şagirdlər üçün təlimlər keçirib.
Təşkilat rəhbəri Tamaz Axobadze deyir ki, bullinq hansısa uşaq qrupdan nəyləsə fərqlənəndə baş verir.
“Tədqiqatlarımız göstərdi ki, müəllim sıxışdırmanın qarşısını almaq əvəzinə uşaqların davranışına fikir verməməklə, bəzən də təəssüflə şərh etməklə faktiki olaraq onu qızışdırır. Bəzən müəllimlər bunu nadinclik və ya zarafat adladırır, halbuki bu, səhvdir. Müəllimlər hesab edir ki, onların əsas məqsədi sinifdə sakitliyi qoruyub saxlamaqdır”, – Axobadze deyir.
Amma onun sözlərinə görə, hazırda bullinqlə bağlı olan ən böyük problem homofobiya səbəbindən təqibdir. 7-9-cu siniflərdə bullinq daha çox yayılıb.
“Məktəbdə uşaq gey olduğunu bildirəndə və ya buna şübhələr yarananda məhz bu uşaqlar qurbana çevrilir. Bu qrup cəmiyyətdə onsuz da təqib olunur, məktəbdə isə bu, özünü daha aydın göstərir”, – Axobadze deyir.
Həm də onun sözlərinə görə, bullinq qurbanları adətən etnik və dini azlıqların nümayəndələri olur:
“Uşaqlar ətraflarında gördüklərini öz həyatlarına gətirir. Bu, daha çox onların deyil, cəmiyyətin problemidir, çünki məktəblərin böyük hissəsi zorakılıq ab-havasında böyüyür”.
Dövlət nə edir?
Təhsil və Elm Nazirliyi “Zorakılıqsız kommunikasiya institutu” qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq etmir, baxmayaraq ki, təşkilat bullinqlə mübarizə üçün pulsuz və effektiv xidmətlər təklif edir. Hazırda təşkilat rəhbərliyi əməkdaşlığa razı olan məktəblərdə pilot layihələrlə məşğul olur.
Qanunla bu cür halları tənzimləməli olan yeganə dövlət xidməti Təhsil Nazirliyi nədzində məktəb pristavları (“mandaturi”) xidmətidir.
Məktəb pristavları (“mandaturi”) xidmətinin psixoloji mərkəzinin psixoloqu Teona Çitaşvili deyir ki, kiber bullinq son illərdə məktəbdə ən çox rast gəlinən sıxışdırma növüdür.
Onun sözlərinə görə, pristavlar bu cür hallara reaksiya verməli və psixoloqlar xidmətinə məlumat verməlidir. Amma Gürcüstanın 2083 məktəbində cəmi 500-də pristavlar xidmət göstərir. Demək olar ki, Təhsil Nazirliyi əslində problemin əsl miqyası barədə təsəvvürə malik deyil.
Bununla belə, Teona Çitaşvilinin sözlərinə görə, son zamanlar yaxşılaşma aydın hiss olunur – valideynlər, müəllimlər və məktəblilər problemin mahiyyətini daha yaxşı anlamağa və bullinqi müəyyən etməyə başlayıb.
Uşaqlar böyüklərə etibar etmir
Psixoloq Maya Tsuramua hesab edir ki, bullinq problemini ağırlaşdıran odur ki, bu cür faktları aşkar etmək çətindir. Çox vaxt məktəbin işçiləri bullinqin nə olduğunu bilmirlər, valideynlərə də onu ayırd etmək çətindi. Qurbanlar adətən susmağı üstün tutur, amma bunun günahı onlarda deyil, cəmiyyətdədir.
“Uşaqlar çox vaxt necə sıxışdırıldıqlarından danışmağa çəkinirlər, utanırlar. Xüsusən də cəmiyyət onlardan güclü, “zor” olmağı, heç nədən qorxmamağı tələb edəndə. İkinci amil ümidsizlik hissidir. Əksər uşaqlar əmindir ki, onsuz da heç kim onlara kömək etməyəcək”, – Maya Tsuramua deyir.
Psixoloqun fikrincə, böyüklər uşaqların problemlərinə adekvat və ciddi yanaşmalıdır.
“Böyüklər üçün xırda məsələ uşaq üçün böyük faciəyə çevrilə bilər. Ona görə də uşaq dəstək alacağına inanmayanda susur. Bəzən böyüklərə etibar etmir, böyüklərə açdığı sirlərini saxlayacaqlarına inanmır”.
Onun sözlərinə görə, bu, zorakılığı həyata keçirənlərin valideynlərinə də aiddir. Bəzən uşaqlar bunu özlərini xilas etmək, sosiallaşmaq və ya özünü təsdiq etmək üçün edirlər.
Mütəxəssislər hesab edir ki, vəziyyəti yaxşılaşdırmaq üçün birinci növbədə, cəmiyyəti problemlə bağlı daha çox məlumatlandırmaq, məktəblərdə isə daha fəal şəkildə təqib hallarını üzə çıxarmaq və onlara reaksiya vermək lazımdır.