Ümum Gürcüstan Müsəlmanları idarəsinin rəhbəri sabotajda günahlandırılıb, o isə hesab edir ki, buna müxalif telekanala verdiyi müsahibə səbəb olub
Gürcüstan Müsəlmanlarının Ali Ruhani İdarəsinin rəhbəri şeyx Mirtağı Əsədov və təşkilatın bir neçə təsisçisinə qarşı cinayət məcəlləsinin sabotajı nəzərdə tutan 318-ci maddəsi ilə cinayət işi qaldırılıb.
Hələlik müsəlmanların rəhbərinin məhz hansı əməlindən söhbət getdiyi bəlli deyil. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti vəziyyəti heç cür şərh etməyib.
Mirtağı Əsədov aprelin 17-də yaşadığı Marneuli şəhərində Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şöbəsinə çağırılıb.
Gürcüstanın İnsan Haqları və Monitorinqi Mərkəzi onu vəkillə təmin edib.
Mirtağı Əsədov özü hesab edir ki, ona qarşı qaldırılan cinayət işi müxalif “Mtavari arxi” telekanalına verdiyi müsahibə ilə əlaqədardır.
Müsahibə zamanı Əsədov baş nazir Giorgi Qaxariyanın Pasxa vaxtı kilsələrin bağlı olmayacağı haqda verdiyi açıqlamasnı şərh edib.
- “Gürcüstanda 2-3 həftə sonra minlərlə insan xəstələnə bilər” – Xəstəliklərə Nəzarət Mərkəzi
- Gürcüstanda epidemiya ilə mübarizə: əsas təhlükə kilsədir
Əsədov deyib ki, Gürcüstan teokratik ölkə deyil.
“Hər iki dində [islamda və xristianlıqda] Allah birdir. Məscid də, kilsə də Allahın evidir. Birini bağlayıb, digərini açıq saxlamaq ədalətli deyil.
Biz məscidin qapılarını bağlamışıq, çünki cəmiyyət qarşısında məsuliyyətimizi hiss edirik. Aprelin 25-də Ramazan ayı başlayır. Biz də məscidi açsaq necə olacaq, baxaq görək, kilsə kimi buna da anlayışla yanaşacaqlarmı?”
“Baş nazirin sözləri diskriminasiya xarakteri daşıyır, o, ölkə vətəndaşlarını özününkü və yadlara bölür, bu isə doğru deyil”, – Əsədov deyib.