Gürcüstan – kütləvi testdən keçirmə lazımdırmı?
Gürcüstanda yüksək risk qrupuna daxil olanların koronavirusa qarşı testdən keçirilməsinə başlayıblar. İlk növbədə bu, koronaviruslu xəstələrin müalicə olunduğu klinikaların tibb işçiləri, hərbçilər, psixiatrik xəstəxanaların pasiyentləri, din xadimləri, o cümlədən də qocalar evi və pansionatda yaşayan məhdud imkanlı insanlardır. Əhalinin bu təbəqələri ekspress-testlərlə yoxlanacaq və nəticə müsbət olduğu halda ətraflı PCR-müayinədən keçiriləcəklər.
Müxalifət və ekspertlərin bir hissəsi hakimiyyətin addımlarını tənqidi dəyərləndirir və bildirirlər ki, bu cür yoxlama sistemi obyektiv mənzərəni əks etdirməyəcək. Mənzərənin tam olması üçün test yoxlamasını hədəf qrupları üzrə yox, ümumi keçirmək lazımdır.
Aprelin 30-a olan məlumata əsasən, Gürcüstanda rəsmən 539 koronavirusa yoluxma halı qeydə alınıb. 5 256 nəfər karantindədir. 548 nəfər stasionarda nəzarət altındadır. 178 nəfər sağalıb. Altı nəfər ölüb.
Yalnız əhalinin total testdən keçirilməsi vəziyyətə dair real mənzərəni verə bilər, hakimiyyət isə hər gün yalnız keçirilmiş testlərin sayı ilə bağlı hesabat verməməlidir, həm də məhz kimlərin testdən keçirildiyi və nə qədər tibb işçilərinin yoxlanıldığı haqda məlumat verməlidir – keçmiş səhiyyə naziri, müxalif “Avropa Gürcüstanı” partiyasının üzvü Zurab Çiaberaşvili hesab edir.
- Hökumətin böhran əleyhinə planı
- Gürcüstan turizminin taleyi
- Hökumətin məhdudiyyətləri aradan qaldırmaq planı
Amma epidemiyaya nəzarət etmək üçün kütləvi yox, məhz hədəf qrupları üzrə testdən keçirmək daha səmərəlidir – Tbilisi İnfeksion Xəstəxanasının direktoru, Koronavirusa Kliniki Nəzarət Qrupunun rəhbəri Tengiz Tsertsvadze belə hesab edir. Onun sözlərinə görə, əhalinin total testdən keçirilməsi zamanı infeksiyanın üzə çıxarılması ehtimalı əhəməyyətsiz dərəcədədir və mahiyyət etibarilə bu, resursların, vaxt və qüvvənin boş yerə sərfiyyatıdır.
“Məsələn, Almaniya və İsrail total testdən keçirməni seçdilər. Nəticədə əhalinin yalnız üç faizini testdən keçirə bildilər. Təbii ki, bu, epidemiyanı nəzarət altına almaq üçün yetərli deyil”, – Tsertsvadze deyib. Onun fikri ilə Gürcüstanın aparıcı epidemioloqları və infeksionistləri də razıdır.
Məsələn, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze də eyni fikirdədir. Onun sözlərinə görə, ölkənin bütün əhalisini test etmək sadəcə mümkün deyil və heç yanda belə yanaşma yoxdur.
“Almaniyada ancaq xəstəlik əlamətləri olanları testdən keçirirlər. Biz də Gürcüstanda Almaniya modelini əsas götürmüşük”, – Qamkrelidze bildirib.
O qeyd edib ki, Gürcüstanda artıq 21 min PCR-test var. Tezliklə daha 40 min test gətiriləcək. Ay sonuna qədər isə test ehtiyatı 100 min təşkil edəcək. Qamkrelidzenin sözlərinə görə, Luqar adına laboratoriyada hər gün 700 test analiz edilir, mayda isə bu göstərici 1500-2000 dənəyə qədər yüksələcək.
Fevraldan bəri Gürcüstanda 12 593 nəfər COVID-19 virusuna qarşı testdən keçirilib. www.worldometers.info portalının məlumatına əsasən, Gürcüstanda hər milyon nəfər insandan 3157 nəfər yoxlanılıb. Bu, Avropada ən aşağı göstəricilərdən biridir, yalnız Ukraynanın göstəricisi daha aşağıdır – hər milyon nəfərdən 2390 nəfər. Qonşu Azərbaycan və Ermənistanda müvafiq göstərici hər milyon nəfərdən 13083 və 6813 nəfər təşkil edir.