Gürcüstanın iri şəhərlərində tədrisin başlanması oktyabrın 1-ə təxirə salınıb
Gürcüstan hökumətinin qərarı ilə koronavirusun yayılmasının yüksək riskini nəzərə alaraq ölkənin böyük şəhərlərində tədris prosesinin başlanması oktyabrın 1-ə qədər təxirə salınıb.
Beləliklə, Tbilisi, Qori, Rustavi, Kutaisi, Zuqdidi, Poti, Batumi və Kobuletidə sentyabrın 15-i başlaması planlaşdırılan tədris ili iki həftə ertələnib.
“Bu şəhərlərin ali və orta məktəblərində tədris prosesi oktyabrın 1-də başlayacaq. Bu vaxt bugün mövcud olan riskləri doğru dəyərləndirmək üçün lazımdır. Bunun üçün bizə iki həftə gərəkdir ki, uşaqlarla bağlı əlavə qərarlar qəbul edək”, – baş nazir Giorgi Qaxariya deyib.
Onun sözlərinə görə, bu qərar həm dövlət, həm də özəl, o cümlədən də orta və ali təhsil müəssisələrinə eyni dərəcədə şamil edilir.
Bundan başqa, baş nazir Səhiyyə Nazirliyinə göstəriş verib ki, yaxın günlərdə koronavirus xəstələrinin qəbulu üçün əlavə yerlər hazırlansın.
“Yaxın günlərdə 3000 yataq yeri tam hazır olmalıdır ki, xəstələrin sayı artacağı halda onlar insanları sürətlə və effektiv müalicə edə bilsinlər”, – Qaxariya deyib.
Qaxariya qeyd edib ki, xəstəliklərin sayının artmasına baxmayaraq, təşviş üçün səbəb yoxdur və ölkədə xəstəliyin üzə çaxarılması və müalicəsi mexanizmi davamlı və ləngimədən işləyir.
Dördüncü gündür ki, Gürcüstanda koronavirusa yeni yoluxma halları hər gün artır.
Bu gün, sentyabrın 11-də Gürcüstanda 87 yeni yoluxma halı qeydə alınıb ki, bu da fevralın 26-da ölkədə ilk koronavirus halı aşkarlanandan bəri ən yüksək sutkalıq yoluxma göstəricisidir.