Şərh: Gürcüstanda koronavirusla mübarizə – qaranlıqda dolaşmaq kimi
Gürcüstan parlamentinin müxalif Avropa Gürcüstanı Partiyasından olan deputatı, keçmiş səhiyyə və sosial müdafiə naziri (2012) Zurab Çiaberaşvili JAMnews-a müsahibəsində Gürcüstan hökumətinin koronavirus epidemiyası ilə mübarizəsi, fövqəladə vəziyyət və karantin rejiminin nə dərəcədə effektiv olduğu və hansı addımların atılmalı olduğu haqda öz fikirlərini bölüşüb:
Əksər ölkələrdə səhiyyə üzərinə düşən yük və virusun yayılması arasında balans haqda düşünürlər ki, səhiyyə sistemi həddən artıq yüklənməsin, risk qrupuna daxil olan insanlar maksimum müdafiə olunsu və eyni zamanda cəmiyyətin qalan hissəsində immunitet formalaşsın.
Biz həmçinin anlamalıyıq ki, tam qapalılıq və iqtisadiyyatın dayanması şəraitində imkansızlıq, yoxsulluq, hətta aclıq kimi fəsadlar ortaya çıxacaq və bütün bunlar insan həyatı ilə ölçüləcəq qədər baha başa gələ bilər.
- Gürcüstan və koronavirus – uğur, yoxsa şans?
- Gürcüstanda koronavirus, fövqəladə vəziyyət və fermerlərin etirazları
Hökumətin qapalı rejimdən necə çıxmaq və səhiyyə ilə iqtisadiyyat arasında doğru balans yaratmaqla bağlı aydın strategiyası yoxdur.
Biz yoluxanların sayı ilə xəstəxana sahəsinə düşən yük arasındakı dəqiq nisbəti bilməliyik. Doğru model lazımdır. Məsələn, biz bilməliyik ki, əgər yoluxanlar 420 nəfərdirsə və sabah 600 nəfər olacaqsa, bu, iş yükünü necə artıracaq.
Digər tərəfdən biz məhdudiyyətlər, fövqəladə vəziyyət və yoluxanların sayı arasındakı əlaqəyə baxmalıyıq. Əgər biz bu iki əlaqəni doğru qura bilməsək, son nəticədə də məhdudiyyətlərlə xəstəxanaların yükü arasında birbaşa əlaqəni qura bilməyəcəyik və biz sadəcə qaranlıqlarda dolaşa-dolaşa qalacağıq.
Əgər biz yoluxanlarla bağlı hazırkı kiçik rəqəmlərdə qalsaq, bu, məqsədyönlü ola bilməz və bu haqda indi bütün dünya epidemioloqları danışırlar. Çünki hətta bir ölkə ilə – Ermənistan, Azərbaycan və ya Türkiyə ilə, bizim ticarət tərəfdaşlarımızla sərhədlər açılan kimi yenə də epidemiya təhlükəsi ilə üz-üzə qalacağıq, çünki həmin ölkələrdə ictimai immunitet daha yüksək olacaq.
Hökumət sovet prinsipi ilə hərəkət edir: “icazə verilməyən hər şey qadağandır”. Məsələn, bu gün həkimlərin ev və xəstəxana arasında marşrutunu nəzarətdə saxlayırlar ki, onlar yolüstü heç yana baş çəkməsinlər. Bu, tam bürokratik absurddur.
Məsələn, İsveçdə ümumiyyətlə qadağa yoxdur, çünki hökimət vətəndaşlarının sağlam düşüncə və vicdana sahib olduğuna əmindir.
Hətta insanın indi tibbi yardıma ehtiyacı olsa belə, fərdi maşınlardan istifadənin qadağan edilməsi səbəbilə onun xəstəxanaya gedib çıxması çətin olacaq, çünki hamı 3 min lari həcmində cərimələnməkdən qorxur.
Daha ailələrin mümkün olan çox sayda tələbatlarından danışmıram, onların isə əli-qolu bağlanıb. Prinsip “qadağan olunmayan hər şeyə icazə verilir” mahiyyətində olmalıdır.
Məktəblərin, uşaq bağçalarının və universitetlərin hələ də bağlı olmasını doğru hesab edirəm. Amma söhbət insanların böyük sahələrdə, açıq məkanlarda işləyə biləcəyi, məsələn, inşaat, ağac emalı sahəsinə aid müəssisələrdən söhbət gedirsə, o zaman onların işləməsində nə problem var?
Ya da əgər biz mağazaya gedib yumurta alırıqsa, digər mağazaya gedib mobil telefon üçün şarj aləti almaqda nə problem ola bilər? Şarj aləti satılan mağazada əcaib nə var ki, əgər orada da aptekdəki kimi küçədə növbəyə dayanıb mağazaya tək-tək girmək mümkündürsə?
Bu cür yanaşma belə fikir yaradır ki, hökumət təşviş halında hərəkət edir və aydın plana sahib deyil. Ən əsası isə biz təcriddən çıxmaq, məhdudiyyətlərin tədricən aradan qaldırılması deyəndə, bu addımlar konkret nəzarət göstəricilərinə bağlı olmalıdır ki, hansı hallarda məhdudiyyətlərin götürüldüyünü izah etmək mümkün olsun.
Mən səhiyyə sistemində ciddi problemlər görürəm – xəstəxanalarda infeksiyanın yayılmasına daxili nəzarət mexanizmində, həmçinin tibb personalının lazımi səviyyədə təchiz olunmasında və təlimatlandırılmasında.
Əgər yoluxanların sayının bu qədər az – 400 nəfər olduğu halda tibb personalı arasında yoluxanlar varsa, bu o deməkdir ki, sistemdə boşluqlar var. Biz hamımız çox şadıq ki, bizdə yoluxanların sayı azdır, amma hökumətin öz spikerləri, epidemioloqlar deyirlər ki, onların gözləntilərinə görə, hesab minlərlə olacaq.
Amma biz minlərə doğru addımlayırıqsa, səhiyyə sisteminin səhiyyə nazirinin dediyindən daha yüksək səviyyədə hazırlığa ehtiyacı var.
Yəni ən əsası odur ki, biz Gürcüstanda mövcud olan bu cür məhdudiyyətlərlə xəstələnənlərin sayının az olmasında heç bir məntiq görmürük. Əgər bizdə göstəricilər azdırsa, o zaman niyə iqtisadiyyata bu qədər böyük ziyan vururuq? Və əgər yoluxmanın artmasından qorxuruqsa, onda niyə Koordinasiya Şurasının yaradıldığı həmin üç ay ərzində biz minlərlə xəstənin öhdəsindən gələ bilmək üçün maddi və insan ehtiyatlarını artıra bilmədik?