Gürcüstanda Ermənistanı rabitə ilə təmin edən kabel kəsilib
Gürcüstanın Kvemo Kartli regionunun polisi Dmanisi və Marneuli rayonlarında beynəlxalq əhəmiyyətli fiberoptik kabellərin zədələnməsi faktı üzrə araşdırmaya başlayıb. Məlumatda deyilir ki, sentyabrın 29-a keçən gecə Dmanisi rayonunun Orozmani kəndi yaxınlığında naməlum şəxslər telekommunikasiya şəbəkəsinin fiberoptik kabellərini qazıb çıxarıblar və zədələyiblər.
Qara dənizdən gələn və Poti-Tbilisi-Bolnisi-Dmanisi-Ermənistan istiqamətində Avropa ilə Asiyanı birləşdirən beynəlxalq əhəmiyyətli fiberoptik kabellər kəsilib. Sentyabrın 28-də Silknet şirkəti Sadaxlo kəndində fiberoptik kabelin zədələndiyi haqda məlumat alıb.
Hadisə yerinə gələn şirkət nümayəndələri su kanalından keçən kabelin kəsildiyini görüblər. Bu kabel yerli əhalini İnternetlə təmin edir, eyni zamanda Ermənistan Respublikasına qoşulur.
DİN-in informasiyasına görə, müvafiq xidmətlər hər iki hala operativ reaksiya verib, problem həll olub və internetə qoşulma normal işləyir. DİN-in məlumatına əsasən, cinayəti törədən şəxslərin müəyyən edilməsi və saxlanması üçün fəal istintaq hərəkətləri və intensiv əməliyyat-axtarış işləri aparılır.