Gürcüstan 100 faiz Rusiya buğdasından asılıdır - çörək bahalaşa bilər
Hazırda Gürcüstanın buğda aldığı yeganə ölkə Rusiyadır.
2020-ci ilin yanvarından iyuluna qədər Gürcüstan Rusiyadan 49 milyon 371 min dollarlıq 223 min ton buğda alıb.
Son illərdə dünya bazarında, o cümlədən də Rusiyada buğdanın qiyməti qalxır. Poti limanına gətirilən, əvvəllər qiyməti 205 dollar olan Rusiya buğdanın bir tonu indi 215 dollardır. İdxal olunan buğdanın indən belə də bahalaşacağı istisna deyil.
Rusiyada buğdanın bahalaşmasının ardınca Gürcüstanda çörəyin bahalaşması da baş verə bilər
Gürcüstanın buğda ehtiyatları kifayət qədərdir, buna görə də indiyə qədər bahalaşma çox da hiss olunmayıb – Buğda və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqadze deyib.
Onun sözlərinə görə, Gürcüstanda çörək və buğdanın qiyməti Rusiya buğdası daha 15 dollar bahalaşacağı təqdirdə artacaq, amma bu halda da çörəyin qiymət artımı “faciəvi” olmayacaq.
“Əlbəttə ki, dünyadakı bahalaşma tendensiyası bizə də təsir edəcək, amma ehtiyatlar hesabına bu proses ləng gedir. Əgər qiymət daha 15 dollar artmasa, bizdə un və müvafiq olaraq çörək bahalaşmayacaq. Sonra müəyyən dəyişikliklər ola bilər, amma faciəvi yox”, – Silaqadze deyir.
Rusiya əsas və yeganə buğda təchizatçısı
Gürcüstanın buğda idxal etdiyi əsas ölkə Rusiyadır. Ötən illərdə də bu, belə olub. Amma 2020-ci ildən fərqli olaraq ötən il başqa ölkələrdən də buğda alınıb.
2019- cu ildə Gürcüstana gətirilən buğdanın 87,3 faizi, bu isə 430236 ton edir (90,6 milyon dolar dəyərində), Rusiyaya aid olub.
Amma ötən il Gürcüstan Qazaxıstandan da buğda alıb – 13,2 milyon dollar məbləğində 56248 ton.
Ən iri beş buğda ixracatçısı arasında Rusiya və Qazaxıstandan başqa bu ölkələr də var:
ABŞ – 6000 ton, 1,1 milyon dollar;
İran – 230 ton, 45,5 min dollar;
Türkiyə – 45 ton, 21 min dollar.
Ötən il iqtisadiyyat naziri Natia Turnava bəyan edib ki, Gürcüstana ixracı dəstəkləmək üçün Qazaxıstan hökuməti buğdanın daşınma xərclərinin 50 faizini subsidiya etməyi planlaşdırırdı və Gürcüstana buğdanı nisbətən daha uyğun qiymətə almaq imkanı verməyi düşünürdü. Amma Qazaxıstanda buğda məhsulu pis olduğu üçün satışa çıxarılmayıb.
Bu il Qazaxıstanda buğda məhsulu necə olacaq və Gürcüstan bu il oradan nə qədər buğda alacaq – bunlar sentyabrın sonunda, Qazaxıstanda məhsul yığımı aktiv fazaya girəndə məlum olacaq.
Gürcüstanda hər il 80-100 min ton buğda toplanır, bu da istehlakın heç 10 faizini də təşkil etmir.