Gürcüstan hökumətindən onlayn ticarətə icazə verilməsi xahiş edilib
Gürcüstan hakimiyyəti pandemiyanın qarşısını almaq məqsədilə martın 21-dən fövqəladə vəziyyət, martın 31-dən isə komendant saatı və bütün ölkə üzrə karantin elan edib, bütün digər qadağalarla yanaşı ərzaq və hazır yemək çatdırılması xidmətindən başqa bütün onlayn ticarət də dayandırılıb.
Yaranmış vəziyyət istehlakçılar üçün xeyli çətinliklər yaradıb, müxtəlif xidmət göstərənlər üçün isə böyük ziyanla nəticələnib. Gürcüstanın bir çox sakinləri distansion fəaliyyətə keçib, bununla əlaqədar olaraq insanlar texnikalarını yeniləməyə – banal qulaqcıqdan və ya videokameradan tutmuş, kompüterin özünə qədər – ehtiyac duyurlar. Bunu eləmək praktiki olaraq mümkün deyil.
Satıcılar da nə edəcəklərini bilmirlər. Martın 21-də ofisi və bütün mağazaları bağlanan “Beko” şirkətinin baş direktoru Mehmet Melek bildirir ki, hökumət işverənlərdən iş yerlərini saxlamağı xahiş edir. Amma martın 30-dan hətta vəziyyəti qismən yüngülləşdirə biləcək onlayn ticarət də qadağandırsa, iş yerlərini saxlamağın necə mümkün olacağı məlum deyil.
2 apret 10:00-a qədər Gürcüstanda 130 koronavirusa yoluxma halı rəsmən təsdiqlənib. 5,437 nəfər karantində, 260 nəfər stasionar nəzarətdədir. 23 nəfər sağalıb.
Gürcüstanın baş naziri Giorgi Qaxariya “İmedi” telekanalına müsahibəsində bildirib ki, hökumətə həqiqətən də onlayn ticarətə icazə verilməsinə dair rica daxil olub və bu zaman ciddi arqumentlər də gətirilib.
Amma baş nazirin sonrakı sözlərindən bəlli olub ki, xahişlərdə ciddi arqumentlərlə yanaşı düşüncəsiz bəhanələr də yer alıb və o, bunları dərk etməkdə belə acizlik çəkir:
“Yəni məhz indi kiminsə dəhşətli dərəcədə pleyerə və ya mobil telefona ehtiyacı yaranıb ki, sərt rejim bitənə qədər bir neçə həftə dözmək mümkün deyil?!”
Baş nazir hökumətin təqdim etdiyi bütün tədbirlərə ciddi əməl olunmasının vacibliyini xatırladaraq, qaydalara maksimum riayət edən bütün şirkətlərə onlayn ticarətə icazə veriləcəyini vəd edib.
Gürcüstanda pandemiyanın qarşısının alınması üçn martın 21-dən fövqəladə vəziyyət elan olunub. Martın 23-dən daxili epidemioloji partlayış təhlükəsi səbəbilə Kvemo Kartli regionunun Marneuli və Bolnisi şəhərləri bağlanıb. Epidemiyanın genişlənməsi yüksək risk təşkil etdiyi üçün martın 31-dən bütün Gürcüstan ərazisində 21:00-dan 6:00-a qədər komendant saatı elan olunub.