Gürcüstan hökuməti üzümçülüyə subsidiya ayırır
Gürcüstan hökuməti “rtveli” (üzüm məhsulunun toplanması) üçün büdcədən 60 milyon lari [20 milyon dollara yaxın] subsidiya ayırıb. Amma bu, yalnız iki növ üzümə – rkatsiteli və kaxuri mtsvane – aid ediləcək.
Bu il rtveli zamanı 1000 ton sözügedən növ üzümü emal etməyə hazır olan şirkətlər subsidiya alacaqlar.
Alınan üzümün hər kiloqramına görə onlar dövlətdən 30 tetri [10 sentə yaxın] alacaqlar, əgər özləri kəndlilərdən satın almış olsalar, rkatsiteli və ya kaxuri mtsvane növünün hər kiloqramına ən azı 80 tetri [30 sentə yaxın] ödəyəcəklər.
Subsidiya haqda qərar pandemiya ilə əlaqədar yaranmış böhrana görə verilib – baş nazir Giorgi Qaxariya bildirib.
Gürcüstan şərabının yalnız ixracı yox, həm də daxili istehlakı da azalıb: ölkə sərhədləri artıq dördüncü aydır ki, bağlıdır, turist yoxdur, kafe-bar və restoranlar işləmir.
“Üzümçülər bu gün çətin vəziyyətdədirlər. Həm də təkcə Gürcüstanda yox, dünyanın ümumi şərab ehtiyatının 70 faizini istehsal edən Fransa, İtaliya, İspaniya kimi şərabçılıq ölkələrində də istehsal azalıb. Belə çətin şəraitdə biz yenə də üzümçülərimizə minimal zəmanət təklif edə bildik”, – ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili deyib.
- Gürcüstan hökumətinin böhran əleyhinə planı
- Pandemiya iqtisadiyyatı. Beso Namçavadze və Andria Qvidiani ilə söhbət
Bu il Gürcüstanda ümumi üzüm məhsulu 280-300 ton təşkil edəcək.
Gürcüstan hökuməti 2008-ci ildən, Rusiya Gürcüstan məhsuluna ticarət embarqosu qoyandan sonra üzümçülüyə subsidiya ayırır.
Yalnız 2019-cu ildə hakimiyyət bu sahənin artıq möhkəmləndiyini və bazar qanunları ilə yaşaya biləcəyini hesab edərək üzümçülüyə vəsait ayırmayıb.
2008-2018-ci illərdə üzümçülüyə ümumilikdə 175,8 milyon lari [60 milyon dollara yaxın] vəsait sərf olunub.