Gürcüstan: Almaniyada 300 vakansiyaya 95 min iş axtaran
Bu günə qədər Almaniyada mövsümi leqal işə getmək istəyənlərin müraciət etdiyi portalda artıq 95 mindən çox adam qeydiyyatdan keçib.
Amma hazırda Almaniya tərəfi cəmi 300 vakansiya təqdim edib – Dövlət Məşğulluq Agentliyindən BMG informasiya agentliyinə bildirilib.
Orada həmçinin bildirilib ki, Almaniya tərəfi gələcəkdə vakansiyaların sayının “əhəmiyyətli dərəcədə artırılmasını” vəd edib, amma məhz nə qədər artırılacağı qeyd olunmayıb.
Haızrda bir yerə 315 nəfər iddialıdır.
Aprelin 1-dən Gürcüstan vətəndaşları Almaniyaya leqal gedə və müvəqqəti olaraq mövsümi işlərdə çalışa biləcəklər.
Gürcüstan Almaniyanın bu formatda əməkdaşlığa başladığı ilk ölkədir – Almaniyanın Gürcüstandakı səfiri Xuber Knirş deyib.
Onun sözlərinə görə, mövqümi işlər üçün aqrar sahə nəzərdə tutulub. Yəni Gürcüstan vətəndaşları əsasən müxtəlif mövsümi meyvə, tərəvəz və giləmeyvələrin yetişdirilməsində və məhsul yığımında iştirak edəcəklər.
Proqrama əsasən, Gürcüstan vətəndaşları Almaniyada bir aydan üç aya qədər qalacaq, həftədə beş-altı gün işləyəcəklər. İş günü 8-10 saatdan ibarət olacaq.
Minimum əməkhaqqı bir saata 9,5 avro təşkil edəcək. Bu məbləğdən vergi, qida və kirayə xərcləri çıxılır.
İşə qəbul üçün əvvəlcə workabroad.gov.ge portalında qeydiyyatdan keçmək lazımdır.