Gürcüstan epidemiya ilə mübarizədə qaz anbarı inşasına ayrılmış vəsaiti sərf edir
Almaniya İnkişaf Bankının (KFW) Gürcüstana qaz anbarının inşası üçün ayırdığı 150 milyon avronun böyük hissəsi COVID-19 epidemiyasına görə yaranan problemlərin həllinə sərf edilib. Söhbət 120 milyon avrodan gedir.
Acarıstanda da analoji vəziyyətdir – su təchizatının yaxşılaşdırılması üçün ayrılmış 60 milyon avro vəsait koronavirusla mübarizəyə yönləndirilib.
Bu vəsait Gürcüstana KFW tərəfindən 2018-ci ildə Almaniya kanslerinin Tbilisiyə səfərinin yekununda imzalanan yardım haqda saziş çərçivəsində ayrılıb. KFW rəhbərliyi Gürcüstan hökumətinin ayrılmış vəsaitin bir hissəsini pandemiya ilə mübarizəyə sərf etmək haqda qərarı ilə razılaşıb.
Qaz anbarının inşası üçün heç bir təhlükə yoxdur – iqtisadiyyat naziri Natiya Turnava əmin edib. Onun sözlərinə görə, Gürcüstanın inşaatın ilk mərhələsini vaxtında başlaması üçün kifayət qədər resursu var, buna yarım il sərf olunacaq, daha sonra isə layihənin 2024-cü ilə qədər tamamlanması üçün resurslar axtarılacaq. O əmindir ki, beynəlxalq maliyyə institutları Gürcüstana yardım edəcək – bu layihə o dərəcədə vacibdir.
Qaz anbarının inşası Gürcüstan və Avropa İttifaqı arasında Assosiasiya haqda müqavilənin bir hissəsidir. Obyektin istismara verilməsi müddəti 2023-cü ildir.
Gürcüstanın özünün təbii qaz ehtiyatı praktiki olaraq yoxdur – öz qazının həcmi ümumi istehlak həcminin heç bir faizini də təşkil etmir.
Gürcüstana əsas qaz təchizatçısı Azərbaycandır. Alternativ isə Rusiyadır, Gürcüstan qış mövsümündə əlavə qazı bu ölkədən alır. Amma Rusiya dəfələrlə enerji məsələsindən siyasi təsir vasitəsi kimi istifadə edib. Qaz anbarı Gürcüstana yayda qaz ehtiyatı yaratmaq imkanı verəcək və qışda həmin ehtiyatın istifadəsi sayəsində Rusiyadan enerji müstəqilliyi əldə etmək mümkün olacaq.
Bu gün dünyada mövcud olan 700-dən çox qaz anbarından üçü Cənubi Qafqazda yerləşir – biri Ermənistanda, ikisi Azərbaycanda.
Gürcüstanda qaz anbarının inşası layihəsi hələ 2014-cü ildə “Tərəfdaş Fondu” tərəfindən təqdim olunub və obyektin ümumi dəyəri 250 milyon avro kimi dəyərləndirilib. Layihəyə əsasən, qaz anbarı Tbilisi yaxınlığında inşa ediləcək, onun rezervuarları 400 milyon kubmetr qaz saxlamağa qadir olacaq ki, bu da Gürcüstanın ümumi illik qaz istehlakının 10-15 faizini təşkil edir.