Gürcüstan: 11 minə yaxın məzun attestasiya imtahanından kəsilib
Paylaşmaq
Paylaşmaq
2016-2017-ci dərs ilinin 11 minə yaxın 12-ci sinif şagirdi 5,5 ballıq minimal imtahan səviyyəsini keçə bilməyiblər. Bu haqda Gürcüstanın təhsil və elm naziri Aleksandr Cecelava bildirib.
47 mindən çox şagirdin iştirak etdiyi imtahanlar 21-24 may tarixlərində 1500 məktəbdə keçirilib. Onların təxminən 20 faizi imtahandan kəsilib.
Milli İmtahan Mərkəzində bildiriblər ki, ötən il də təxminən eyni nəticələr oldu. Ötən il imtahandan kəsilənlərin bir hissəsi bu il də imtahan verib, onların da bir hissəsi bu il də baryeri aşa bilməyib. Onlar 11-ci sinfin fənləri üzrə imtahan verməli olublar.
12-ci sinifdə imtahanlar aşağıdakı fənlər üzrə keçirilib: gürcü dili və ədəbiyyatı, riyaziyyat, xarici dil, tarix, biologiya, coğrafiya, fizika və kimya. Nazir Cecelavanın sözlərinə görə, şagirdlər üçün ən çətin texniki fənlər oldu.
“Texniki fənlər onlara humanitar fənlərdən daha ağır gəlir. Vaxtaşırı olaraq, imtahanların mahiyyətinin dərs proqramına uyğun olmaması ilə bağlı şikayətlər səsləndirilir. Amma bu, belə deyil. Çox vaxt nəzərdə tutulur ki, şagird ola bilsin, əvvəllər bu ya və başqa misallara rast gəlməyib. Kompüterə adaptasiya olunmuş imtahan onu nəzərdə tutur ki, şagird təkcə standart məsələləri həll etməməlidir, həm də aldığı bilikləri istifadə etməlidir”, – Cecelava jurnalistlərlə görüşü zamanı vurğulayıb.
Aleksandr Cecelava imtahanların nəticələrini mənfi qiymətləndirmir. Misal olaraq, o bildirib ki, Almaniyada 12 illik təhsil haqqında attestatı təxminən 30 faiz məzun alır, Gürcüstanda isə bu göstərici təxminən 80 faiz təşkil edir. Nazir imtahanlardan keçməyən şagirdlərə peşələrə diqqət yetirməyi və orta ixtisas məktəblərinə qəbul olunmağı məsləhət görür. “Bu, bizim üçün çox qısa bir müddət ərzində əmək bazarına çıxmaq və layiqli sənətə sahib olmaqla yaşamaq üçün yaxşı şans verir”, – deyə Cecelava bildirib.
Gürcüstan hökuməti məktəblərdə attestasiya imtahanlarını tətbiq etmək haqqında qərarı 2010-cu ildə çıxarıb. Testlərin işlənib hazırlanmasını, administrativ və proqram tərəflərini Milli İmtahan Mərkəzi təmin edir. 2013-cü ildən başlayaraq, buraxılış imtahanları iki mərhələdə keçirilir – 11-ci və 12-ci sinifdə. 11-ci sinif şagirdləri dərs ilinin sonunda tədris kursu bitən fənlər (fizika, kimya, biologiya, coğrafiya) üzrə imtahan verirlər. Qalan dörd fənn (riyaziyyat, gürcü dili və ədəbiyyatı, xarici dil, tarix) üzrə test imtahanları məktəb bitəndə keçirilir.
11-ci siniflərdə attestasiya imtahanları iyunun 19-da başlayacaq.