Gürcüstanın paytaxtında ilk uşaq hospisi – palliativ qulluq üzrə müəssisə açılıb ki, orada xroniki və müalicəsi mümkün olmayan uşaqlara pulsuz xidmət göstəriləcək.
Uşaq hospisi üç əsas istiqamət üzrə fəaliyyət göstərəcək: eyni zamanda 10 uşağa 24 saat qulluq, uşaq və valideynlərə gün ərzində müvafiq qulluq göstəriləcək gündüz mərkəzi, bir də uşaqlara yaşadıqları yerdə qulluq göstərəcək evdə qulluq xidməti.
“İşıldaquşlar ölkəsi” adlı hospisin əsası “Gürcüstan-açıq cəmiyyət” fondunun təşəbbüsü, bu fondun və digər donorların maliyyə dəstəyilə qoyulub.
Gürcüstanın birinci xanımı Maka Çiçua hospisin açılışında çıxış edərkən “bu cür xeyirxah və şərəfli işin ətrafında” biznes, dövlət və ayrı-ayrı donorların birləşməsini misilsiz adlandırıb.
Uşaq hospisinin tikintisi 2015-ci ilin oktyabrında “Eveks” tibb korporasiyası və Gürcüstan prezidentinin ehtiyat fondunun maliyyə dəstəyilə başlanıb. Daha sonra onlarla şirkət və adi vətəndaş tikintiyə yardım edib. Bir il ərzində hospisin inşası üçün 1 milyon laridən çox vəsait toplanıb.
Uşaq hospisinin yaradılması ideyası 2013-cü ildə palliativ qulluq üzrə belə bir müəssisəyə ehtiyacın olub-olmaması ilə bağlı aparılan araşdırmanın nəticəsində ortaya çıxıb. Araşdırma göstərib ki, 18 yaşına qədər 839 uşaq bu cür qulluğa möhtacdır.