Gürcüstanın həmkarlar ittifaqları əmək qanunvericiliyinin dəyişdirilməsi üçün imza toplamağa başlayıbb
“Əməyi təhlükəsiz elə” – Gürcüstanın Həmkarlar İttifaqları Birliyi bu başlıq altında petisiya üçün imza toplamağa başlayıb.
Petisiya müəllifləri əmək qanunvericiliyinin dəyişdirilməsini və əmək təhlükəsizliyinin təmin olunmasını tələb edirlər. Əsas tələb əməyin təhlükəsizliyini, həmçinin əmək üzərində effektiv müfəttişliyi nizamlayan qanunların hazırlanmasından ibarətdir. İmza toplamaq ideyası fevralın 9-da Tbilisidə Jvaniya küçəsində korpus tikintisində bir fəhlə həlak olandan sonra yaranıb.
Bu, iş yerində təhlükəsizlik normasının pozulması nəticəsində baş verən ilk ölüm hadisəsi deyil. İnşaatda və ya mədənlərdə baş verən bədbəxt hadisələr haqda KİV-də permanent şəkildə məlumatar dərc olunur. Həmkarlar ittifaqlarının məlumatına görə, 2017-ci ildə iş yerlərində təhlükəsizlik normalarının pozulması nəticəsində 41 nəfər həlak olub, 63 nəfər isə xəsarət alıb.
10 min nəfər imzalayandan sonra petisiya parlamentə, hökumətə, Səhiyyə və Sosial Müdafiə Nazirliyinə göndəriləcək. Əmək qanunvericiliyinin dəyişdirilməsi məsələsi artıq çoxdandır ki, Gürcüstanın gündəmindədir, amma həlli uzanır. Hələ 2017-ci il iyunun 1-də Gürcüstan hökuməti əməyin təhlükəsizliyi haqda qanun layihəsini parlamentə təqdim etmişdi. Qanun dekabrda təsdiqlənməli idi, amma bu günə qədər bu baş verməyib.
Ekspertlər öz növbəsində bildirirlər ki, bu qanun layihəsi heç minimal təhlükəsizlik normalarını da təmin etmir, parlament isə hətta bu natamam sənədi də qəbul etməyə tələsmir.
Qanun layihəsindəki problemlər haqda ombudsmen Nino Lomcariya da məlumatlıdır. Onun yaydığı bəyanatda bəzi buraxılmış məqamlar qeyd olunub: məsələn, qanunun təsiri altına işlə təmin olunmuş şəxslərin hamısı düşmür, qanun yalnız ağır, zərərli və ya təhlükəli işlərdə çalışanlara şamil edilir; bundan başqa, qanun layihəsi əvvəlki kimi əmək müfəttişlərinə hətta əmək kollekktivindən rica daxil olsa belə, maneəsiz şəkildə bu və ya digər obyekə daxil olmaq səlahiyyəti vermir; sanksiyalar da qəbulolunmaz dərəcədə yumşaq ifadə olunub – konkret olaraq ilk dəfə əmək təhlükəsizliyi normalarının pozulmasına görə sadəcə xəbərdarlıq, təkrar pozulmasına görə isə 50 lari cərimə nəzərdə tutulub.