Genişləndirmədən narazı olan Ermənistan sakinləri hesab edirlər ki, icmaların birləşdirilməsi kəndləri məhv edəcək
Ermənistan hökuməti ölkənin 328 icmasını 34 icmada birləşdirməyi təklif edir. Genişləndirmə proqramının gələn ilin sonunda başa çatdırılması nəzərdə tutulub. Məsələ artıq Milli Məclisin gündəliyinə daxil edilib və deputatlar artıq bu təşəbbüslə nəinki tanış olublar, həmçinin onu müzakirə də ediblər.
Amma birləşdirilən kəndlərin sakinləri narazılıq bildirir, etiraz aksiyaları təşkil edirlər. Məsələn, Qeqarkunik rayonunun 20-ə yaxın kəndinin sakinləri magistral yolunu kəsərək genişləndirmə proqramına etiraz ediblər. Onlar hesab edirlər ki, nəticədə sərhəd kəndləri inkişaf edə bilməyəcək və yeni emiqrasiya dalğası başlayacaq.
Onlar həmçinin qeyd edirlər ki, hakimiyyət bu məsələ ilə bağlı onların fikrini soruşmayıb. “Genişlənmə sadəcə bir şeylə nəticələnəcək: bir arayış almaqdan ötrü birləşmiş icmaların administrasiya rəhbərinin yanına getmək üçün maşın tapmalı olacağıq. Bu, kəndimizi tamamən məhv edəcək”, – sakinlərdən biri deyir.
Müxalifət də əksər kənd administrasiyası rəhbərlərinin işlərindən məhrum olacaqlarını səbəb gətirərək narahatlığını ifadə edib, çünki yerli özünüidarə orqanları da birləşdiriləcək. İcmaların büdcələrinin bölüşdürülməsi ilə bağlı da problem yaranacaq.
Amma hakimiyyət əmin edir ki, genişlənmə nəticəsində icmaların idarı olunmasında səmərəlilik artacaq, resurslara qənaət ediləcək və sərmayə yatırılması ehtimalı artacaq.
Ərazi İdarəetməsi və İnkişafı nazirinin müavini Vaçe Terteryan bildirib ki, icmaların birləşdirilməsi nəticəsində kənd və şəhər sakinlərinin hüquqları və imkanları artacaq, azalmayacaq.
“Heç bir kənd “bağlanmayacaq”, heç bir kəndin ənənələri pozulmayacaq və özünü identifikasiyaları azalmayacaq”, – o deyib.
Terteryan əmin edib ki, kənd məktəbləri bağlanmayacaq və uşaqlar dərslərə qonşu kəndlərə getməli olmayacaqlar.