“Gedin, güzgüyə baxın” – İlham Əliyev Bakıdakı Hərbi Qənimətlər Parkı ətrafında mübahisələr haqqında
Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin açılması, Kanada XİN-in Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları ilə bağlı çağırışı, ikinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış vəziyyət və Bakıdakı Hərbi Qənimətlər Parkı ətrafında mübahisələrlə bağlı fikirlərini bildirib. Bu barədə o, ölkənin əsas dövlət televiziyası sayılan AzTV-yə müsahibə verib.
- Qızıl unitazda Putin və “Gecə canavarları” – Qələbə Günü və Qərblə Rusiya arasında kəskinləşmə
- Seçki ərəfəsində bəyanat: Ermənistanın eks-prezidenti Robert Koçaryan “Hayastan” blokuna rəhbərlik edəcək
- Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu
“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır”
2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan Zəngəzur dəhlizi haqqında danışarkən İlham Əliyev deyib:
“Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır. Bildiyiniz kimi, 10 noyabr tarixli birgə bəyanatda bu, təsbit edilib.
Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır”.
“Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”
İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış vəziyyət barədə danışan Azərbaycan prezidenti bildirib ki, Dağlıq Qarabağ “münaqişəsi həll olunub”.
“Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır”, – İ.Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur.
“Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq – de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı.
Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur – atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması.
Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər?” – o qeyd edib.
“Özünü nə sayır Kanada?”
Bu yaxınlarda Kanadanın Xarici İşlər Nazirliyi çağırış edərək, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının azad edilməsini istəmişdi. Xatırladaq ki, həmin şəxsləri Azərbaycan hərbi əsir deyil, terrorçu kimi qiymətləndirir.
Bu çağırışı şərh edərkən İlham Əliyev deyib:
“Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun, öz işləri ilə məşğul olsun”.
Hərbi Qənimətlər Parkı haqqında
İlham Əliyev Bakıda açılmış Hərbi Qənimətlər Parkının ölkə hüdudlarından kənarda birmənalı qarşılanmamasına da münasibətini bildirib.
“Bu Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır. Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm. Jurnalistlərə, xarici jurnalistlərə deməliyəm, xarici siyasətçilərə deməliyəm. Mən deyəcəyəm, mən susmayacağam. Amma onlar da öz işləri ilə məşğul olsunlar. Özləri problemlər içində çabalayırlar. Min cür problemləri var”, – Azərbaycan prezidenti bildirib.
Dağlıq Qarabağın statusu haqqında
“O ki qaldı, bəzi siyasətçilər Dağlıq Qarabağın – deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin.
O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə, desin.
Ona görə məsələhət görürəm ki, bizi əsəbiləşdirməmək və münasibətlərimizi gərginləşdirməmək üçün nə status haqqında, nə münaqişə haqqında hər hansı bir açıqlama verilməsin. Veriləcəksə, cavablarını alacaqlar”, – İlham Əliyev deyib.
“Odla oynamasınlar”
Ermənistandakı revanşist əhval-ruhiyyəyə aid sualı cavablandıran Azərbaycan prezidenti bildirib ki, Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər.
“Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”, – deyə, o, sözlərini yekunlaşdırıb.