“Qazprom” Gürcüstanla müqavilənin şərtlərini dəyişir
“Qazprom” Gürcüstanla bağlanan müqavilənin şərtlərini dəyişir.
İndiyə qədər Gürcüstan onun ərazisindən Ermənistana magistral qaz xətti ilə nəql olunan qazın ümumi həcmindən 10 faiz alıb. Amma 2018-ci ildən başlayaraq, ödəniş xammal əvəzində pulla həyata keçiriləcək.
Gürcüstanın energetika naziri Kaxa Kaladze “Qazprom” şirkətinin nümayəndələri ilə yanvarın 10-da Minskdə görüşüb. Ödənişin yeni forması ilə bağlı qərar da bu görüş zamanı qəbul edilib. Yeni müqavilə 2 il müddətinə bağlanıb. Müqaviləyə əsasən, xammal şəklində ödəniş forması bir il ərzində qüvvədə qalacaq, gələn ildən etibarən isə ödəniş pulla həyata keçiriləcək.
Gürcüstanın energetika naziri bildirir ki, “həmin müqavilə Gürcüstanı Rusiyanın enerji daşıyıcılarından daha asılı vəziyyətə salmır. Dəyişən ancaq ödəniş forması olacaq ki, bu da beynəlxalq təcrübədə adi bir haldır”.
Gürcüstan ərazisindən təbii qazın nəqlinə görə alacağı tarifə gəlincə, Kaladzenin sözlərinə görə: “Bu, Avropa ölkələri arasında ən yüksək tariflərdən biri olacaq”.
Bundan əlavə, energetika nazirinin bildirdiyinə görə, mövcud razılaşmaya əsasən, lazım olarsa Gürcüstan Rusiya qazını 215 ABŞ dolları əvəzinə 185 dollara ala bilər.
“Qazprom” müqavilənin şərtlərinin dəyişməsini və ödəniş formasının pulla həyata keçirilməsini hələ ötən ildən istəyib. Arqument kimi də şirkət Avropa Energetika Xartiyasına istinad edir, xartiya Gürcüstandan tələb edir ki, qazın nəqlinə görə “Qazprom”dan xammal əvəzinə pul götürsün. Amma gürcü ekspertlərinin fikrincə, bu razılaşma Gürcüstanın zərərinə olacaq. Ötən il Gürcüstan hökuməti “Qazprom-Eksport” şirkəti tərəfindən təklif olunan şərtlərdən imtina edib. Bu il isə hökumət Rusiya tərəfinin şərtlərini qəbul edib.
Ötən il Gürcüstan hökuməti həm də “Qazprom”dan əlavə həcmdə təbii qazın alınması ümudiylə şirkətlə danışıqlar aparıb, bu da Gürcüstanda etiraz dalğasına səbəb olub. Nəticədə “Qazprom”la bu razılaşma alınmayıb.
• Hazırda Gürcüstan üçün əsas təbii qaz tədarükçüsü Azərbaycandır. Ötən il Gürcüstanda istifadə olunan qazın ümumi həcminin 87,1%-i Azərbaycandan nəql olunub. Gürcüstan Azərbaycandan qazı aşağı qiymətlərlə: əhalini təmin etmək üçün 1,000 kub metr qaza görə 120 dollar; İES üçün 1,000 kub metr qaza görə 143 dollar alır, bu da “Qazprom”un özünün strateji tərəfdaşı olan Ermənistana təklif etdiyi qiymətdən xeyli aşağıdır. Hazırda Ermənistan Rusiyanın 1,000 kub metr qazına görə 165 ABŞ dolları ödəyir.
Azərbaycan qazından başqa Gürcüstan həm də Rusiya qazını alır, amma daha az həcmdə. 2014-cü ildə Gürcüstan 267 milyon 773 min kub metr, o cümlədən də tranzitə görə ödəniş şəklində 206 milyon 166 min kub metr Rusiya qazı alıb. Gürcüstan Ermənistana uzunluğu 221 kilometr olan “Şimal-Cənub” qaz xətti ilə nəql olunan Rusiyanın təbii qazının ümumi həcmindən 10% alır.
• Ötən il Gürcüstan ərazisindən Ermənistana magistral qaz xətti ilə təxminən 2,1 milyard kub metr təbii qaz nəql olunub. Gürcüstan nəql olunan qazın ümumi həcmindən 0,3 milyard kub metr alıb.
• “Qazprom” ən iri dünya miqyaslı Rusiya şirkətidir. Şirkətin kapitalında dövlətin payı 51% təşkil edir.