Fransa Dağlıq Qarabağı tanımır – XİN-in bəyanatı
Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bu haqda Fransa XİN-in nümayəndəsi bildirib.
Noyabrın 25-də Fransa Senatı mütləq səs çoxluğu ilə (305 səs “lehinə” və bir səs “əleyhinə”) Dağlıq Qarabağın tanınması zərurəti haqda qətnamə qəbul edib. Bu, hökumətin ünvanına hüquqi cəhətdən tövsiyə xarakteri daşıyan çağırış idi, yəni Nazirlər Kabineti qətnaməni diqqətə ala da, yerinə yetirməyə də bilərdi.
Fransanın XİN yanında dövlət katibi Jan-Batist Lemuan hələ qətnamə nəzərdən keçirildiyi zaman bildirib ki, Fransanın Dağlıq Qarabağın müstəqilliyi birtərəfli şəkildə tanıması sülh prosesinin inkişafına kömək etməyəcək.
Üstəlik, Lemuanın sözlərinə görə, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi məsuliyyəti Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması, o cümlədən də Dağlıq Qarabağın gələcək statusu məsələsində razılığın əldə edilməsi üzərində işləməkdən ibarətdir.
“Amma Fransa sülhün əldə edilməsi üzrə öz öhdəliklərinə sadiqdir və region xalqlarının təhlükəsizliyi və ləyaqəti nəzərə alınaraq Qarabağda münaqişənin nizamlanmasına nail olmaq üçün qətiyyətlidir. Fransa bundan sonra da Cənubi Qafqazda vəziyyətin stabilləşmsi üçün əlindən gələni edəcək.
9 Noyabrdakı atəşkəs razılaşmasından sonra hələ razılaşdırılmamış bütün parametrlər, xüsusən də münaqişədə iştirak edən xarici muzdluların geri çəkilməsi və ya bölgənin tarixi və mədəni irsinin qorunması ilə bağlı irəliləyiş əldə etmək üçün Minsk Qrupu həmsədrliyi çərçivəsində qalacaq”.
Senatın qətnaməsi haqda
Qətnamə Fransa hökumətini Dağlıq Qarabağı tanımağa və dinc əhaliyə genişmiqyaslı yardım göstərməyə çağırır. Sənəddə Dağlıq Qarabağın dinc əhalisinə qarşı törədilmiş hərbi cinayətlərin araşdırılması üzrə beynəlxalq komissiyanın yaradılmasının zərurəti haqda deyilir.
Orada Fransa hökumətinə danışıqlar prosesinin bərpa olunması üzrə – 1994-cü ildə, yəni 2020-ci ilin sentyabrında başlayan və təmas xəttini dəyişən ikinci Qarabağ müharibəsindən əvvəl cızılmış sərhədlərin təmin edilməsi ilə – səy göstərmək çağırışı edilib.
Qətnamə üzrə məruzəçi senator Bryuno Retayo çıxışı zamanı bildirib ki, ekspansionist, neoosmanlı və islam siyasəti yürüdən Türkiyə prezidentinin həlledici dəstəyindən sonra münaqişə lokal olmaqdan çıxıb:
“Mən Ərdoğanın sözlərindən dəqiq sitat gətirirəm: “Dağlıq Qarabağ islam ölkəsi olub və hilalın kölgəsi altına qayıdıb”. Daha nə qədər təcavüz olmalıdır ki, Avropa, nəhayət, real sanksiyalar – diplomatik, amma ilk növbədə iqtisadi – elan etsin? Biz özümüz nə vaxt sadəlövh olmaqdan əl çəkəcəyik?”
Qətnamə layihəsi noyabrın 18-də sıralarında respublikaçıların lideri Bryuno Retayo və “Mərkəzçilər İttifaqı” qrupunun rəhbəri Erve Marselin də olduğu müxtəlif fraksiyalardan olan beş senator tərəfindən Senata təqdim olunub.
Oktyabrda Dağlıq Qarabağın tanınması haqda qanun layihəsi Fransa parlamentinin aşağı palatasına da təqdim olunub. Layihə Dağlıq Qarabağ xalqını sentyabrın 27-də Azərbaycan tərəfindən başladılan hərbi təhlükədən müdafiə etmək üçün Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını təklif edir.