Bakıda etiraz, 40 nəfərə yaxın iştirakçı saxlanılıb. Fotoreportaj
Sentyabrın 9-da Bakının mərkəzində tanınmış müxalifətçi Tofiq Yaqublunun həbsinə qarşı əvvəlcədən elan edilmiş etiraz aksiyasında 40 nəfərə yaxın gənc fəal saxlanılıb. Təşkilatçılardan biri paytaxtdan 200 kilometr məsafəyə aparılıb və boşluq ərazidə polis avtomobilindən düşürdülərək tərk edilib.
Aksiya başlayandan bir neçə saat əvvəl yüzlərlə polis və xüsusi texnika Konstitusiya Məhkəməsi qarşısındakı meydana gedən bütün yolları bağlayıb.
Aksiya iştirakçıları yenə də bir-bir aksiyanın təyin edildiyi əraziyə yaxınlaşa biliblər, amma hər biri “Tofiq Yaqubluya Azadlıq!” şüarını səsləndirən kimi saxlanılıb.
• Azərbaycanda daha bir növbədənkənar parlament seçkiləri gözlənilir?
İki saat ərzində polis əməkdaşları 30 nəfərə yaxın insanı saxlayıb və polis maşınlarına doldurublar. Onları polis şöbəsinə aparıb, təxminən bir saat sonra buraxıblar.
Bu zaman on nəfərə yaxın fəal Yaqublu haqqında hökm çıxarılan Bakı şəhəri Nizami rayon Məhkəməsinə doğru yürüş edib. Orada da bir neçə etirazçı saxlanılıb. Onları Bakı kənarına apararaq, orada sərbəst buraxıblar.
Etiraz aksiyasının təşkilatçılarından biri – siyasi fəal Qiyas İbrahimovu isə polis maşınında Bakıdan təxminən 200 kilometr məsafədə yerləşən Cəlilabad rayonuna qədər aparıb, orada boşluq ərazidə avtomobildən düşürüblər.
Tofiq Yaqublu 2020-ci il sentyabrın 3-də xuliqanlıq ittihamı ilə cəzasını ciddi rejimli islah müəssisəsində çəkmək şərtilə 4 il və 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin materiallarına əsasən, o, avtomobili ilə qəza törədib və digər maşında olan evli cütlüyü döyüb.
Freedom House Tofiq Yaqublunun həbsi ilə bağlı xüsusi bəyanatla çıxış edib və Azərbaycan hakimiyyətindən onun azad olunmasını tələb edib
Yaqublu 2014-2016-cı illərdə kütləvi iğtişaşlar törətmək ittihamı ilə iki il cəza çəkib. Daha sonra 2019-cu il oktyabrın 19-da Bakıda müxalifətin etiraz aksiyasında iştiraka görə 30 gün həbsdə qalıb.