Siyasətçilər koronavirus haqda. Niyə Ermənistan yoluxanların sayına görə region lideri olub?
Ermənistan yeni Covıd-19 xəstələrinin sayının hər gün artdığı şəraitdə karantin rejimindən çıxır. Onların sayı sürətlə 4 minə yaxınlaşır. Bu isə o deməkdir ki, səhiyyə sistemi tezliklə bütün yoluxanların xəstəxanaya yerləşdirilməsindən imtina edə bilər. Yalnız ağırlaşma halları olduqda xəstəxanaya aparacaqlar.
Niyə əhalisi nisbətən az sərhədləri isə bağlı olan Ermənistan regionda yoluxma sayına görə lider oldu?
Günahkar kimdir?
Ermənistanda ilk yoluxma halı martın 1-də qeyd edilib. Mayın ortasında isə ölkədə artıq xəstələrin sayı 3500-ü keçib. Onların 30 faizə qədəri artıq sağalıb, 47 nəfər isə ölüb.
Bu, regionun üç ölkəsi arasında ən yüksək göstəricidir. Müqayisə üçün Gürcüstanda Ermənistana nisbətən təxminən 6 dəfə daha az insan Covir-19 virusuna yoluxub. Azərbaycanda da yoluxanların sayı nisbətən azdır – təxminən 850 nəfər daha az.
Ermənistan hələ martın əvvəlində fövqəladə vəziyyət tətbiq edib. Kafe və restoranlar, demək olar ki, bütün müəssisələr, bərbərxanalar, ərzaq mağazalarından başqa bütün satış obyektləri bağlanıb. Küçəyə yalnız xüsusi ehtiyac olduğu zaman, həm də evə ehtimal olunan qayıdış zamanının da göstərildiyi xüsusi hərəkət anketi ilə çıxmaq mümkün idi.
Ölkə İranla və Gürcüstanla sərhədləri bağlayıb. Bəzi ekspertlər hesab edirlər ki, bütün bunlar kifayət qədər operativ edilib, digərləri isə əmindirlər ki, qərarlar gecikib və üstəlik ilk mərhələdə ölkə rəhbərliyi vəziyyətə lazımi dərəcədə ciddi münasibət göstərməyib. Bu haqda parlamentin müxalif “Maariflənmiş Ermənistan” fraksiyasından olan deputat Gevorq Qorqisyan bildirib.
“Hakimiyyət ən başından virusa və onun yayılması təhlükəsinə ciddi yanaşmadı. Müxalifət İranla sərhədləri, digər ölkələrlə hava əlaqəsini bağlamaq, ölkəyə gələnləri isə karantin altına almaq lazım olduğu haqda danışdığı zaman hakimiyyət təbliğat kampaniyası aparır və virusla bağlı qeyri-ciddi bəyanatlar verirdilər. Bu gün belə davranışın nəticəsi göz qabağındadır”.
Koronavirus Ermənistan siyasi isteblişmentini qızğın konstitusiya dəyişiklikləri təbliğatı dövründə yaxaladı. Bir çox şəhərlərdə kütləvi toplantılar Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilirdi və nəticədə o, iki dəfə koronavirus testindən keçməli oldu. O zaman Nazirlər Kabinetinin rəhbəri bildirmişdi ki, onlar tezliklə xəstəliyin öhdəsindən gələcəklər, səhiyyə naziri Arsen Torosyan isə Covıd-19-un ciddi xəstəlik olmadığını demişdi.
Fövqəladə vəziyyətin tətbiqi və komendantlığın atdığı addımlar zamanında baş vermişdi və yoluxmaların sayının çox olması hakimiyyətin yanlış davranışı ilə şərtlənməyib – “Mənim addımım” iqtidar fraksiyasının deputatı Eriknaz Tiqranyan hesab edir.
“Bizdə ilk yoluxma martın 1-də qeydə alınıb Daha sonra hökumət addımlar atıb. Martın 16-da bizdə fövqəladə vəziyyət elan olunub. İlkin mərhələdə virus haqda çox şey məlum deyildi. Hətta Ümumdünya Səhiyyə Təşkilatında da hansısa məsələlərlə bağlı konkret mövqe yoxdu. Amma komendantlıq bütün lazımi addımları atdı” .
Deputat hesab edir ki, başqa ölkələrin statistikası real vəziyyəti əks etdirmir, çünki nə Gürcüstanda, nə də Azərbaycanda Ermənistandakı qədər test edilmir.
“Gürcüstanda “nəzarət altında olan insanlar” adlanan kateqoriya var. Və indiyə qədər aydın deyil ki, bu, nə kateqoriyadır. Bizdə isə yoluxma ehtimalı olan hər kəs testdən keçirilir. Bir çox ölkələr bizim elədiklərimizi eləmir, yalnız ağırlaşma hallarında müalicə edirlər”.
Komendantlıq və Ermənistanın Səhiyyə Nazirliyi bununla yanaşı dəfələrlə bəyan edib ki, tətbiq olunmuş tədbirlər olmasaydı, yüz minlərlə vətəndaş koronavirusa yoluxa bilərdi. Məhdudiyyətlər virusun ölkədə yayılmasını nəzarət altında saxlamağa imkan verib. Amma heç də bütün sakinlər karantin rejiminə riayət etmirdi.
Niyə karantin işə yaramadı?
Karantin rejiminə respublika əhalinin heç də hamısının riayət etmədiyini hər kəs etiraf edir. Böyük ehtimalla məhz bu, xəstəliyin sürətlə yayılmasına səbəb olub.
Müxalif deputat Gevorq Qorqisyan hesab edir ki, Avropa ölkələrində daha səmərəli nəzarət sistemi tətbiq edilib. Ermənistanda doldurulması məcburi olan xüsusi anketlər əsasən formal xarakter daşıyırdı.
“Vətndaş kağız üzərində istənilən şey yaza və evdən çıxa bilərdi. İnsanlar bu addımın ciddiyyətini qəbul etmədilər. Komendantlığın qərarı əsaslı və məntiqli olmadı ki, bu qərarların yerinə yetirilməsini təmin etmək mümkün olsun”.
Siyasətçi qeyd edir ki, həttta böyük cərimələr də vəziyyəti dəyişmədi, çünki çoxları əmin idi ki, nəticədə hakimiyyət bu cərimələri ləğv edəcək.
Vətəndaşların bir hissəsi həqiqətən vəziyyətin ciddiliyini qəbul edə bilmədilər – “Mənim addımım” iqtidar blokundan olan deputat Narek Zeynalyan deyir, amma bunda komendantlığın günahı yoxdur:
“Burada çox amillərin rolu olub. Məsələn, milli xüsusiyyətlər, bir-birinə qonaq getmək vərdişi. Və bu da xəstəliyin yayılmasının səbəblərindən biri oldu. Komendantlıq bütün dünyada qəbul olunan addımları atıb”.
Müxalif deputat Gevorq Qorqisyan bu lazımlı tədbirlərin gec həyata keçirildiyinə israr edir:
“Məhdudiyyətləri daha əvvəl tətbiq etməyə başlayan ölkələr: Yeni Zelandiya, elə həmin Gürcüstan – bu ölkələrdə vəziyyət Ermənistanda olduğundan xeyli daha yaxşıdır”.
Rəqəmlər yüksəlməkdə davam edəcəkmi?
Ermənistanda hər gün yüzdən çox yoluxma halı qeydə alınır və son 10 gündə dinamika azalmır. Komendantlıq etiraf edir ki, artıq bütün yoluxma ocaqlarına nəzarət edə bilmir. Onlar kor-koranə şəkildə ölkə daxilində yaranır.
Hava şəraitinin yaxşılaşmağına baxmayaraq, yaxın zamanda yoluxma tempinin azalmasını gözləmək lazım deyil – müxalifətçi Gevorq Qorqisyan əmindir:
“Virus bütün dünyada yayılır. Hətta baş nazir bildirib ki, payızda ikinci dalğanın olması mümkündür. Bəzi proqnozlara əsasən, bu vəziyyət bir il davam edə bilər”.
Yaxın zamanda sərhədlərin açılması məsələsi gündəmdə deyil – Eriknaz Tiqranyan qeyd edir. Amma bütün dövlətlər məhdudiyyətləri aradan qaldırmaq məcburiyyətindədir, çünki iqtisadiyyatı dirçəltmək lazımdır. Yüzlərlə müəssisə artıq normal iş rejiminə qayıdıb. Başqa yol yoxdur, iqtidar partiyasını təmsil edən deputat əmindir ki, insanlar da yeni şərtlər altında yaşamağa və işləməyə alışmalıdırlar.
İqtidar blokundan olan deputat Narek Zeynalyan da ölkə sakinlərinin özlərinin ehtiyat tədbirlərinə əməl etmələrinin vacibliyi və hər kəsin şəxsi məsuliyyəti haqda danışıb:
“Məhdudiyyətlər aradan qaldırılıb, amma bu o demək deyil ki, maskadan, əlcəkdən, antiseptiklərdən istifadə etmək lazım deyil”.