Ermənistan, koronavirus: səbəbsiz evdən çıxmaq olmaz, biznes üçün daha çox məhdudiyyət
Ermənistanda martın 16-da koronavirusun yayılmasının qarşısının alınması üçün elan olunan fövqəladə vəziyyət rejimində daha sərt məhdudiyyətlər tətbiq edilib.
Artıq xüsusi ehtiyac olmadan evdən çıxmaq olmaz. Çıxdıqları zaman vətəndaşlar özləri ilə pasport və ya ID-kart götürməlidirlər.
Bundan başqa, martın sonuna qədər “iqtisadi fəaliyyət” məhdudlaşdırılır, qadağan olunan və icazə verilən sahələrin siyahısı açıqlanıb.
Bütün ölkə ərazisində ərzaq mağazaları, apteklər və banklar işləyəcək. Telekommunikasiya şirkətlərinin fəaliyyətinə icazə verilib, onlayn rejimə keçən bütün qurumların və distant təhsilə keçən ali və orta məktəblərin fəaliyyəti onlardan asılıdır.
- Fövqəladə vəziyyət dövründə Ermənistanda nələr qadağan olunub?
- Qafqazda koronavirus epidemiyası: region üzrə faktlar və rəqəmlər
Hərəkət məhdudiyyəti
Martın 24-də Ermənistanda daha 14 koronavirusa yoluxma halı təsdiqlənib, yoluxanların ümumi sayı 249 nəfərə çatıb.
Bu haqda Ermənistanın baş naziri martın 24-də axşam ölkə sakinlərinə müraciətində bildirib.
Canlı yayım zamanı Nikol Paşinyan misilsiz məhdudiyyətlərin tətbiq edilməsi haqda bildirib: insanlar evdən sənədsiz, şəxsiyyət vəsiqəsiz çıxa bilməyəcəklər və küçəyə hansı məqsədlə çıxdıqlarını izah etməli olacaqlar.
Komendantlıq küçədə hərəkətə ciddi nəzarət edəcək, sakinlər xüsusi anketlər doldurmalı olacaqlar. Hər küçəyə çıxanda bu anketlər vətəndaşların üzərində olmalıdır.
Əgər çap olunmuş anketi doldurmaq üçün əl altında printer yoxdursa, anketin bütün məzmununu əllə yazmaq təklif olunur.
Orada sakinin çıxdığı ev ünvanı, evdən çıxma məqsədi, getdiyi yerin adı və ünvanı qeyd olunmalıdır.
İstənilən halda insanlar evdən çıxmamağa, ərzaq və dərman çatdırılması xidmətlərindən yararlanmağa çağırılır. Xüsusi ehtiyac olduqda isə evdən tək-tək çıxmaq tövsiyə olunur, əgər dəstəyə ehtiyacı olan yaşlı insan deyilsə.
Daha əvvəl komendant bütün ərzaq mağazalarının səhər saat 10-dan 12-ə qədər yalnız yaşı 65-dən yuxarı olan ahıl insanlara xidmət göstərməsi haqda qərar vermişdi.
Bütün ölkə sakinlərinin mobil telefonlarına həmin saatlarda alış-verişə getməmək haqda xəbərdarlıq mətnləri gəlir. Bu, yaşlı insanların koronavirusu daha ağır keçirməsi ilə bağlıdır.
Baş nazir öz müraciətində insanlardan iki nəfərdən çox toplaşmamağı və ünsiyyətdə məsafəni qorumağı rica edib.
Nələr qadağan olunub?
Virusun daha çox yayılmasının qarşısını almaq üçün hökumət müəyyən sahələrin fəaliyyətinə də qadağa qoyub. Hələlik söhbət bu sahələrin işinin martın sonuna qədər məhdudlaşdırılmasından gedir.
Qadağan olunmuş fəaliyyət növləri:
● barlar və analoji müəssisələr;
● kinoteatrlar, o cümlədən də açıq havada film nümayişi təşkil edənlər;
● uduşlu oyun mərkəzləri, idman tədbirləri, əyləncə və istirahət;
● ərzaq mağazaları, aptek və kəndtəsərrüfatı məhsulları bazarlarından başqa bütün ticarət obyektləri.
Hansı fəaliyyətə icazə verilir?
● Məhdudiyyətlər qida çatdırılmasına, həmçinin hansısa qurumların tərkibindəki bufet və yeməkxanalara şamil edilməyəcək.
● Bankların, özünəxidmət avtomatlarının işi qadağan edilməyib.
● Telekommunikasiya şirkətlərinin fəaliyyətinə icazə verilib. Onların işi fövqəladə vəziyyət zamanı xüsusilə önəmlidir, çünki qurumların böyük hissəsi onlayn iş rejiminə, orta və ali məktəblər isə distant tədrisə keçib.
● Ərzaq məhsullarının, gigiyenik vasitələrin və kosmetikanın istehsalı dayanmayacaq, mehmanxanalar, dağ-mədən sənayesi və silah istehsal edən müəssisələr işini davam etdirəcək.
● Elektrik enerjisi, qaz, su təchizatı xidmətləri məhdud işçi tərkibi ilə işləyəcək ki, qəzalar baş verən zaman aradan qaldırmaq mümkün olsun. Dəfnləri təşkil edən xidmətlərin fəaliyyəti qadağan olunmur.