Ermənistanın məşhur informasiya agentliyi “Armenpress” bu gün 100 illik yubileyini qeyd edir. Bununla bağlı olaraq, media orqanı ölkənin tanınmış siyasət və mədəniyyət xadimlərindən təbriklər qəbul edib.
“Armenpress”in tarixi
“Armenpress” 1918-ci il dekabrın 18-də Birinci Ermənistan Respublikası parlamentinin qərarı ilə yaradılıb. O zaman media orqanının adı Ermənistan Teleqraf Agentliyi adlanırdı. Hazırda isə “Armenpress” dövlətə məxsus qapalı səhmdar cəmiyyətdir. İnformasiya agentliyi Ermənistan mediasının ən çox istinad etdiyi mənbədir. 4 dildə (erməni, rus, ingilis və ərəb) dərc olunur və 11 xəbər lentinə sahibdir.
İnformasiya agentliyini yubiley münasibətilə tanınmış siyasət və mədəniyyət xadimləri təbrik edib. Onların sırasında Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan da var. O hesab edir ki, “Armenpress”in bir əsrlik tarixi ümumi sərvətdir:
“ “Armenpress” informasiya agentliyi etibarlı informasiya mənbəyi kimi ad qazanıb və bu adı qoruyub saxlayır. Təsadüfi deyil ki, “Armenpress” informasiya agentliyi Yerevanda keçirilən tarixmizin ən nəhəng beynəlxalq tədbiri Frankofoniya Forumunu işıqlandıran rəsmi orqan olub. Əminliklə deyə bilərik ki, bizim əməkdaşlığımız davam edəcək”.
Agentliyi böyük yubiley münasibətilə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan da təbrik edib və qeyd edib ki, “vəziyyətin sürətli dəyişdiyi bir şəraitdə “Armenpress”in əhəmiyyəti də daha çox artır”.
“Armenpress”i yubiley münasibətilə jurnalist həmkarları, digər informasiya agentlikləri də təbrik edib. Məsələn, Tert.am nəşri öz təbrikində vurğulayıb ki, agentliyin media bazarındakı 100 illik mövcudluğu özü-özlüyündə onun fəaliyyətinin dəyərləndirməsidir və işinin keyfiyyətindən xəbər verir:
“Bütün qəlbimizlə həmkarlarımıza… lazım olan vaxt lazım olan yerdə olmağı və zamanın tələblərinə cavab verə bilməyi arzulayırıq”.
JAMnews da həmkarlarını yubiley münasibətilə təbrik edir.