Şərh: Dəyişikliklər 1965-ci ildə başlayıb " />

Ermənistan Osmanlı Türkiyəsində erməni soyqırımını xatırlamaq qadağasından memorialın tikintisinə qədər yolu neçə keçib

Şərh: Dəyişikliklər 1965-ci ildə başlayıb

REUTERS/David Mdzinarishvili

Hər il aprelin 24-də Ermənistan matəm içində olur. Bu gün ölkəyə dünyanın müxtəlif ölkələrindən yüz minlərlə adam gəlir, ümumilikdə isə matəm mərasimlərində adətən bir neçə milyon adam iştirak edir. Amma həmişə belə olmayıb.

24 aprel Ermənistanda rəsmi olaraq soyqırımı qurbanlarının rəsmi xatirəsi günüdür. Erməni soyqırımı Osmanlı Türkiyəsində 1915-ci ildə törədilən kütləvi qırğındır. Buna qədər Osmanlı İmperiyasında 2,5 milyona yaxın erməni yaşayırdı.

Qətllər və kütləvi deportasiya nəticəsində onların yarısından çoxu ölüb. Ermənistan və bir neçə Qərb ölkəsi və təşkilatları rəsmi olaraq həmin hadisələri soyqırımı kimi tanıyıb. Türkiyə isə bu ifadəni qəti şəkildə rədd edir.

SSRİ-də erməni soyqırımı qapalı mövzu olub

Bundan əlavə, bu tabu idi və onun pozulması soyqırımın özünə bərabər tutula biləcək nəticələrə gətirib çıxara bilərdi – həbs, təqib, sürgün, güllələnmə.

Kütləvi repressiyalar Stalinin dövrünə təsadüf etdi, bu zaman türklərin törətdiyi qırğınlardan qurtulan ermənilər sadəcə başqa dövlətlərdən gəldikləri üçün təqib hədəfinə çevrilirdi.

Sovet Ermənistanında soyqırımı faktı pıçıltıyla ailə hekayələri şəklində, sağ qalanların xatirələriylə ötürülürdü, amma açıq şəkildə və mediada bu haqda danışılmırdı. Xatirələrin özü belə qadağa altındaydı, sanki belə şeylər heç vaxt olmamışdı.

Ümumiyyətlə sovet illərində istənilən milli məsələ təhlükəli sayılırdı, xüsusən də SSRİ-nin Türkiyəyə qarşı ərazi iddialarından imtina  etdiyi bir halda.

Vəziyyət 1965-ci ildə birdən-birə dəyişdi, bu zaman erməni soyqırımının 50 illiyi münasibətiylə Yerevanda kortəbii kütləvi aksiyalar başladı və yatırılmadı, öz məqsədinə çatdı (SSRİ üçün bu, inanılmaz bir halıydı).

 

24 aprel 1965-ci il tarixində Lenin Meydanında (indiki Respublika Meydanında) yığışan minlərlə gənc polisin dağılışmaq əmrinə tabe olmadı və şəhərdə yürüş etdilər. Onlar panteona qədər çatdılar, burada soyqırımın şahidi olmuş, bütün ermənilərin ehtiramla yad etdiyi bəstəkar Komitasın heykəli önünə gül qoydular, bundan sonra da meydana qayıtdılar. Burada həm də “Bizim torpaqlar”, “Torpaqlarımızı qaytarın” və “Soyqırımı tanıyırıq” plakatları peyda oldu.

Elə həmin vaxt Opera və Balet teatrının binasında rəsmi partiya iclası keçirilirdi. Nümayişçilər opera teatrının binası qarşısındakı meydana gəldilər və burada polislə qarşıdurma baş verdi. Atılan daşlar teatrın pəncərələrini sındırdı, bir neçə nəfər yaralandı (onların arasında jurnalist, “Veçerni Yerevan” qəzetinin redaktoru Vruyr Sarqsyan da varıydı). Aksiyanı dağıtmaq üçün su şırnaqlarından da istifadə olundu, nümayişçilərin üstünə soyuq su vurdular. Amma onlar dağılışmadı. Zalda keçirilən iclas isə pozuldu.

Ermənistan rəhbərliyi çətin duruma düşdü. Moskvanın işə qarışmaq təhlükəsi varıydı: şəhərə qoşun yeridilə və qiyamın qanlı yatırılması baş tuta bilərdi.

Novoçerkasskdakı hadisələr hələ xatirələrdən silinməmişdi. Orada etiraz edən fəhlələr güllələndi, sağ qalanlar isə “antisovet ünsürləri” və “quldur dəstələri” kimi ən ağır cinayətləri nəzərdə tutan maddələrlə ittiham olundu.

Düzdür, bu halda da Moskva minlərlə vətəndaşın məhkəməyə çəkilməsini, açıq məhkəmə proseslərinin təşkil olunmasını tələb etdi, amma Ermənistan hakimiyyəti bu tələblərə məhəl qoymadı.

İncə polis oyunları

Aprelin 25-də Moskvadan xüsusi nümayəndə heyəti gəldi, amma Yerevanda artıq tam sakitlik hökm sürürdü. Hətta opera teatrının pəncərələri də dəyişdirilmişdi. Nəticədə saxta cəza tədbirləri görüldü, misal üçün, teatrın təhlükəsizliyinin kifayət qədər yaxşı təşkil olunmadığına görə töhmət verildi.

Hələ 1964-cü ildə Ermənistan rəhbərliyi (komunist partiyasının birinci rəhbəri Yakov Zarobyanın başçılığı altında) məktubla Moskvaya müraciət edərək, “ermənilərin kütləvi qırğınlarının 50 illiyi münasibətiylə tədbirlər” təşkil etməyi, o cümlədən kitab və məqalə dərc etməyi, radioverilişlər və filmlər hazırlamağı, memorial kompleks tikməyi təklif etdi.

Bir neçə il sonra demək olar ki, bütün bu bəndlər reallaşdırıldı. Soyqırımı qurbanlarının xatirəsini yad etmək qətiyyəti milli dirçəlişin epizodlarından biri oldu. Yakov Zarobyan isə zərbəni öz üstünə götürməyə və öz xalqına qarşı qoşun çıxarmamağa özündə güc tapan adam kimi tarixə düşdü.

Bundan əlavə, ərazilərin qaytarılması ilə bağlı cəsarətli tələblərdən də o, Moskvaya müəyyən təzyiqin göstərilməsi və diplomatik manevrlər üçün istifadə etdi.

Nəticədə xalq qiyamı memorial kompleksin tikintisinə razılığın alınması üçün stimula çevrildi.

Sovet ideologiyasında məna boşluqları

Yerevanda Tsitsernakaberd dağında soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin maraqlı ön tarixçəsi var. Öz ideyası və forması ilə o, modern üslubunda olsa da, əsasında sovet ideologiyası ilə sıx bağlılıq var.

Foto: Hakob Ohannisyan

Əlbəttə bu gün həmin dövrün tələblərinin diktə etdiyi bu əsaslandırmanı heç kim xatırlamır, amma həmin vaxtlarda bu, mütləq bir şərtiydi. Ermənistan hakimiyyəti sovet ideologiyasındakı məna “boşluqlarından” istifadə etməyi bacardı.

Abidənin təntənəli açılışı 29 noyabr 1967-ci il tarixində – Ermənistanda sovet quruluşunun bərqərar olmasının 47-ci ildönümündə baş tutdu.

Keşmişə yox, gələcəyə baxmaq və kompleksi “Dirçəliş” adlandırmaq qərarı verildi (təbii ki, bunu da SSRİ ilə bağladılar). Memorialın iki arxitektur tərkibi (xatirə zalı və dirçəliş obeliski) məhz bu, ümumi “Dirçəliş” adını aldılar.

Ümumiyyətlə, təqvim günlərinin uyğunlaşdırılması çox müdrik bir qərardır, çünki artıq mövcud olan rəsmi  bayrama əlavə mənalar, bir çox hallarda isə yeni səsləndirmə vermək imkanı verir. İki tarixi hadisə bir-biriylə bağlıydı, Ermənistanın iki obrazı – keçmişdə əzab çəkmiş, sınmış, xalqı soyqırıma məruz qalmış, indi isə müdafiə olunan, çiçəklənən və xoşbəxt olan, ayaqda qalan və dirçələn Ermənistan obrazı.

Dik duran, əbədi məşəli olan, formaca sadə monument Ermənistanın ən mühüm müqəddəs yerinə çevrildi.

“Mülayimləşmə”nin altmənası

Tsitsenakaberd memorial kompleksi artıq baş verən, ümumittifaq əhəmiyyətini qazanan və mətbuatda geniş işıqlandırılan fakta çevrildi. Məhz mətbuat  milli məsələnin ümummilli kontekstə necə orijinal şəkildə sığışdırmağa çalışdıqlarını anlamağa kömək edir.

Foto: Hakob Ohannisyan

Sovet Ermənistanının qəzetləri özlərinin ibarəli və pafoslu mətnlərində “dəfn olunmamış şəhidlərin əbədi yaşar abidəsi”nin yaradılması və “qardaş xalqların mehriban ailədə çiçəklənməsi” barədə yazırdılar.

Əlbəttə, onu da xatırlamaq olar ki, bu, “mülayimləşmə” illəriydi, o vaxt təzyiqin dərəcəsi bir qədər azaldılmışdı, bununla belə, həm fəaliyyətdə olan müdrik hakimiyyəti və proletariatın mübarizəsini tərifləmək, həm də… çox şeyi, misal üçün mücərrəd şəri lənətləmək lazımıydı.

Sovet Ermənistanı” qəzeti yazırdı: “Bu abidəni ziyarət edən hər kəsin qəlbi şərə, müharibəyə, soyqırıma nifrət və xalqımızı faciədən xilas edən quruluşa və partiyaya dərin minnətdarlıq hissi ilə dolur”.

Həmin qəzet beynəlxalq notlar da əlavə edir: “Bu abidə tək keçmişin deyil, həm də indiki dövrün imperialist siyasətinə qarşı, soyqırımın istənilən təzahürünə qarşı etirazdır”.

Bu cür altmənalı modernist, çoxlaylı və çoxmənalı mesajla da erməni soyqırımı qurbanlarının xatirəsinin simvolu yaradıldı.

Laqeyd olmayanların gücü

Susqunluq divarı dağıdıldı və soyqırımı mövzusu ictimai gündəmə çıxdı. Yəni elmi tədqiqatlara, kitab və sənədlərin dərcinə başlanıldı, nəhayət, Soyqırımı qurbanlarının memorial kompleksi müxtəlif ölkələrin arxivlərinin öyrənildiyi muzey-instituta çevrildi.

Foto: Hakob Ohannisyan

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews