Ermənistan post-sovet hərbi blokunda haqlarını qorumaqda israrlıdır
“Ermənistanın razılığı olmadan KTMT baş katibinin təyin edilməsinin mümkünlüyünü istisna edirəm, çünki bu strukturda bütün qərarlar konsensus əsasında qəbul edilir”, – müdafiə naziri David Tonoyan bildirib.
• Ermənistan öz nümayəndəsini KTMT baş katibliyindən geri çağırıb
• Ermənisyan Rusiyadan dörd qırıcı təyyarə alıb
KTMT nədir?
Kolletiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın liderliyi altında fəaliyyət göstərən regional beynəlxalq qurumdur. KTMT-nın nizamnaməsində yazıldığına görə, təşkilatın məqsədi – “sülhün, beynəlxalq və regional təhlükəsizlik və stabitliyin möhkəmləndirilməsi, üzv dövlətlərin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin kollektiv əsasda qorunmasıdır”.
KTMT keçmiş Sovet İttifaqı ərazisində 1992-ci ildə, SSRİ dağılandan dərhal sonra yaradılıb. Gürcüstan, Azərbaycan və Özbəkistan qısa müddət sonra təşkilat sıralarını tərk edib və hazırda KTMT-nın altı üzvü var – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan.
Məsələnin tarixçəsi
Hələ bu yaxınlara qədər təşkilatın baş katibi vəzifəsini Ermənistan nümayəndəsi Yuri Xaçaturov tuturdu. Amma 2018-ci ilin iyulunda Yerevanda Xaçaturovun 1 mart 2008-ci il hadisələrinə aidiyyatı ilə bağlı istintaq başlanandan sonra o geri çağırılıb. Həmin vaxt etiraz aksiyasının dağıdılması nəticəsində 10 nəfər həlak olmuşdu, Yuri Xaçaturov isə silahlı qüvvələrin Yerevan harnizonuna komandanlıq edirdi. İstintaqın versiyasına görə, nümayişin dağıdılmasına məhz o rəhbərlik edib.
Bununla belə Yerevan baş katib kürsüsünü itirmək niyyətində deyil və buna haqqı da var – təşkilatın reqlamentinə əsasən, mandat hələ bir il Ermənistanda qalmalıdır. Yalnız 2020-ci ildən kürsü Belarusa keçməlidir.
Amma KTMT-nın digər üzvləri artıq indidən baş katib səlahiyyətlərini Belarus nümayəndəsinə ötürməyə meyllidirlər.
Yerevan razı deyil
Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katibin təyin edilməsi ciddi məsələdir, söhbət operativ-taktiki səviyyədə hansısa qərarın qəbulundan gedir. Baş katib məsələsi strateji addımdır:
“Aydın deyil ki, təşkilat üzvlərinin biri olmadan baş katib necə təyin edilə bilər. Nizamnamə məhdud tərkiblə baş katib təyin etməyə icazə vermir”.
Tonoyan bildirib ki, Ermənistan XİN-i hazırda bu məsələ ilə bağlı müvafiq iş aparır.
Minskin maraqları
Belarusda istisna etmirlər ki, əgər Yerevan Belarus nümayəndəsinin təyinatı ilə sona qədər razılaşmazsa, bu məsələ ilə bağlı qərar məhdud tərkibdə qəbul edilə bilər.
“Nizamnamədə qərarın məhdud tərkibdə qəbul olunmasının mümkünlüyü nəzərdə tutulub. Amma bu, heç də yaxşı variant deyil. Bu cür qərarlar konsensusla qəbul edilməlidir”, – Belarus nümayəndəsi Stanislav Zas bildirib.
O, baş katib vəzifəsinə Belarusun namizədidir.
Ekspert rəyi
Politoloq Styopa Safaryan qeyd edib ki, Yerevan bu məsələnin qərarını 2020-ci ilə, Ermənistanın baş katib vəzifəsində rəsmi müddəti başa çatana qədər uzadacaq. Ekspertin rəyincə, bu yolla Yerevan yalnız yeni baş katibin təyinatı ilə bağlı yox, həm də ümumilikdə təşkilatdakı vəziyyətlə bağlı mənfi münasibətini bildirir.
“Ermənistanın maraqları təmin olunmayıb. Bu maraqlar isə yalnız baş katib təyin edilməsi ətrafındakı intriqa ilə məhdudlaşmır. Aydındır ki, Belarus Ermənistana güzəştə getmək istəmir, amma bununla belə baş katib kürsüsünü əldə etmək arzusundadır. Ermənistan onun maraqları və haqları təmin olunmayınca, bunun baş verməyəcəyini anlatmağa çalışır.
Məndə olan məlumata görə, bu problemlər yalnız baş katiblik ətrafındakı qeyri-müəyyənliklə məhdudlaşmır. Məsələn, bu, müttəfiqlərin Azərbaycana silah satması məsələsidir. Bu və digər bütün planlarda Ermənistan heç nə əldə etməyib. Əgər nəsə əldə etsəydi, baş katiblik məsələsində güzəştə gedə bilərdi”.
Ermənistan hakimiyyəti dəfələrlə bu təşkilatda öz qəzəbini dilə gətirib. Məsələn, 2018-ci ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, beynəlxalq tərəfdaşlar Ermənistanla başqa münasibətlərə, “əsl tərəfdaş münasibətlərinə” alışmalı olacaqlar:
“Bütün beynəlxalq tərəfdaşlar yadda saxlamalıdırlar ki, Ermənistanla onların alışdıqları bu cür münasibətlər artıq olmayacaq. Biz susqun dinləyici rolunda olmayacağıq”.