Seçim haqqı olmadan: bir məktubla başlayan hekayə
Jurnalist Liya Xocayan artıq bir neçə aydır ki, heç vaxt planlaşdırmadığı xeyriyyəçiliklə məşğul olur. Hər şey Eçmiadzində bir ailənin təcrid olunması ilə başlayıb. Bu şəhər Ermənistanda ilk iri koronavirus epidemiyası ocaqlarından biri olub. Şəhər sakinləri hələ ölkədə fövqəladə vəziyyət elan olunmamışdan əvvəl özünütəcrid rejiminə keçməli olublar.
“Elə karantinin ilk günündən Eçmiadzində redaksiyamıza pis vəziyyətdə qalan insanlardan zənglər gəlməyə başladı. Mənim üçün əri koronavirus şübhəsi ilə (sonra təsdiqləndi) başqa şəhərdə bir oteldə təcrid olunan qadının çarəsiz məktubu impuls oldu. Ailənin qalan üzvlərini – onun valideynlərini, həyat yoldaşını və üç azyaşlı uşağını evdə təcrid etmişdilər. Onların isə heç nəyi yox idi – nə yeməkləri, nə də almaq imkanları.
Mən də sadəcə sosial şəbəkələrdə dostlarıma müraciət elədim. Ehtiyac içində qalan bu ailəyə kömək etmək istədiyimi, arzu edənlərin də mənə qoşula biləcəyini yazdım. Həmçinin “Bari mama” (“Mehriban ana”) təşkilatına müraciət elədim və dərhal müsbət cavab aldım. Mənə yardım payları verdilər, həm də ancaq bu ailə üçün yox, əlavə iki ailə üçün də. Bu xeyriyyəçilik işi də beləcə başladı”, – Liya danışır.
Həmin gündən etibarən hər axşam işdən sonra Liya öz maşınında ehtiyacı olan ailələrə ərzaq daşıyır. Deyir ki, onun üçün tənha qocalar prioritetdir, amma imkan daxilində hamıya kömək etməyə çalışır:
“Elə ailələr var ki, çox ağır vəziyyətə düşüblər, uşaqları ac qalır. Amma çox hallar olub ki, mən onlardan ünvanlarını istəmişəm, onlar da mənim hökumətdən olmadığımı anladıqları üçün mənə zəhmət verməməkdən ötrü yardımımdan imtina ediblər. Bu, artıq onların mənim qayğıma qalması idi”.
Liyaya hamı kömək edir – dostları, dostlarının dostları, tanımadığı insanlar. Ona yemək və ya pul verirlər. Və artıq hamı əmin olub ki, onların yardımı ən çox ehtiyacı olanlara gedib çatır.
Jurnalist üçün insanların onun təşəbbüsünün ətrafına toplaşması eyni zamanda həm gözlənilən, həm də gözlənilməz olub:
“İndi çoxlarının problemi var, çoxları işini itirib, itirməsələr də yenə də sabaha əmin deyillər. Buna görə də artıq bir aydan çoxdur ki, mənin bu insanların sayəsində gündə iki-üç ailəni dəstəkləyə bilməyim sadəcə möcüzədir. İnsanlar yardım əlini uzadır, imkanları çatan hər şeylə kömək etməyə çalışırlar. Kimsə yemək verir, kimsə paltar, kimsə təmir işlərinə kömək təklif edir, kimsə hələ dünyaya gəlməyən körpəsi üçün yığdığı cehizi verir. İnsanlar çox xeyirxahdır və bu vəziyyət əyani sübutdur”.
Liya üçün isə bu dövr emosional anlamda çox çətin zamandır. Bəzi yeni tanışları haqda o, ağlamadan, sakit danışa bilmir:
“Növbəti dəfə yardım paylayırdım və 23 yaşlı hamilə qadınla tanış oldum. Uşaq evində böyüyüb, tək yaşayır, çox pis şəraitdə, fərdi evdə heç bir rahatlığı olamayan bir otaq kirayələyib. Onun otağına qalxan pilləkan sınıq idi, hər dəfə onun yanına gələndə qorxurdum ki, oradan yıxılar və vaxtından tez doğmalı olar.
Yanına gedib-gəldikcə, məlum oldu ki, o, sadəcə yeməksiz qalmayıb, daha ciddi problemləri də var: pasportu yox idi, altı aylıq hamiməlik dövründə bircə dəfə də həkim müayinəsində olmamışdı və poliklinikada qeydiyyatda deyildi. Karantinə qədər xadimə işləyib, amma indi məlum səbəblərdən artıq işləmir, heç karantindən sonra da işləyə bilməyəcək.
Bu hekayə çoxlarına təsir etdi. Yeməkdən başqa qıza və doğulacaq uşağına paltar göndərdilər, uşaq üçün yataq, oyuncaqlar, gigiyena vasitələri. Pilləkanı təmir etmək istəyən insanlar tapıldı, amma onun otaq kirayələdiyi rayonun administrasiyası bu məsələ ilə özü məşğul oldu, pasport almağa da kömək etdilər.
Bu gün bizim hamilə qadın artıq həkim qeydiyyatındadır, mayın 14-də pasport alacaq, iyulda da ilk övladını dünyaya gətirəcək. Ən əsası isə uşaq evində böyüyən və min bir əziyyət görən bu qadın uşağını tək böyütmək istəyirmi, sualına müsbət cavab verdi. Sonra isə körpəsini gözləyərək bəzədiyi beşiyin şəklini çəkib, mənə göndərdi”.
Liya etiraf edir ki, bu zaman ərzində onun həyatında və onun özündə də çox şey dəyişib. O belə qərara gəlib ki, tənha qocalmaq istəmir:
“Əvvəl mən bu məsələyə barmaqarası yanaşırdım, amma indi həyatının sonunda tək qalmaqdan pis heç nəyin olmadığını yaxından hiss etdim”.
Hər axşam jurnalist Facebook səhifəsində gün ərzində gördüyü işin hesabatını paylaşır və bu işdə ona kömək edənlərə təşəkkürünü bildirir.