Ermənistan iranlıların nəyinə lazımdır?
Ermənistan iranlı turistlərin sevdiyi yerdir
Sirr deyil ki, indi Ermənistan və regionun digər ölkələri ağır dövrlərini yaşayır. Əsasən də xaricdən gələn neqativ impulslar səbəbindən 2016-cı il Ermənistan üçün o qədər də uğurlu olmadı, bütün əsas göstəricilər aşağı düşdü: iqtisadi artım planlaşdırılmış 2,1% əvəzinə 05% təşkil etdi, il ərzində xaricdən pul köçürmələri (transfertlər) və xarici sərmayələr azaldı, dövlət borcu isə əksinə, artdı.
• Ermənistan İran və Avrasiya İttifaqı ölkələri arasında tranzit ərazi olacaq
• Ermənistanda əvvəllər azərbaycanlıların yaşadığı kəndin çətin həyatı
• Ermənistan-Rusiya: qazla isinən hisslər
Artan ancaq Ermənistana İrandan turistlərin axın dinamikası oldu. 2016-cı ilin yanvar-sentyabr aylarında Ermənistana 160 mindən çox turist gəldi, il ərzində isə bu göstərici 190 minə yaxınlaşdı. Bu, rekord göstəricidir. İran Ermənistanın turizm sahəsində ABŞ-ı ötərək, ikinci ən iri tərəfdaşı oldu, o Rusiyaya çatmaq üzrədir.
İran turizminin mənzərəsi
Ermənistana İrandan gələn turistlərin sayının artması son 15 ildə müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, 2000-ci illərin əvvəllərində Ermənistana ildə 7-8 min iranlı gəlirdisə, 2015-ci ildə onların sayı 140 min nəfəri üstələdi, bu ilin yanvar-sentyabr aylarında isə artıq qeyd etdiyimiz kimi, 160 min oldu.
Cədvəldə 2009-cu ildən 2016-cı ilə qədər Ermənistana gələn iranlı turistlərin sayı göstərilib.
Həm də növbəti cədvəlin göstərdiyi kimi, iranlı qonaqların axın dinamikası Ermənistana gələn turistlərin ümumi sayının dəyişməsinə uyğun deyil.
Beləliklə, 2010-cu ildə Ermənistana ümumi turist axını 19,5%, İrandan isə 37,9% artıb. 2012 və 2013-cü illərdə isə iranlı turistlərin axını müvafiq olaraq 17,2 və 15,3% azalıb, bu vaxt Ermənistana turist axınının ümumi göstəricisi digər ölkələrin hesabına artıb. 2012-2013-cü illərdə iranlı turistlərin passivliyi əsasən İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalarla şərtlənib.
Artımın ikinci mərhələsi 2014-cü ildə başlayıb: İrandan gələn turistlərin axını 17%, ümumi axın isə 16,6% artıb.
2015 və 2016-cı illərdə isə İrandan gələn turistlərin sayı hər il 30% artmağa başlayıb. Eyni zamanda turistlərin sayının artımının ümumi tempi zəifləyib, 2016-cı ilin yanvar-sentyabr aylarında 3,6% təşkil edib (ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə).
Nəticədə İranın ümumi turist axınında xüsusi çəkisi hazırda 18,2% təşkil edib. Bu artım templəri olduğu kimi qalsa, İran Rusiyanı da arxada qoyaraq, Ermənistanın turizm sahəsində birinci tərəfdaşı ola bilər.
3- Ermənistan respublikasına səfər edən turistlərin coğrafi bölgüsünün strukturu (%)
Yanvar-sentyabr 2016-cı il
İran turizminin xüsusiyyətləri
Ermənilər üçün Ermənistana səfər etməyə əsas səbəb Novruz bayramıdır. Bu bayram martın dördüncü şənbəsindən başlayır və 13 gün davam edir. Cəmi bu iki həftə ərzində Ermənistan 20-25 min iranlı qəbul edir. İş orasındadır ki, İranda çox sayda dini qadağa var, Ermənistanda isə bu cür məhdudiyyətlər yoxdur. Bu günlərdə iranlılara muzeylərdən tutmuş gecə klublarına qədər Ermənistanın hər yerində rast gəlmək mümkündür. Əlbəttə, bu mənada Avropa ölkələri daha cəlbedici ola bilərdi, amma Ermənistan daha yaxındır və çoxları bura öz maşını ilə gəlir.
Düzdür, iranlı turistlər başqa aylarda da gəlir. Son zamanlar müşahidə olunan artım turizm operatorlarının fikrincə bir neçə səbəblə bağlıdır. Misal üçün, “Tatev” turizm agentliyinin nümayəndəsi Nver Davtyan hesab edir ki, iranlı turistlərin axınının artması Türkiyə amili ilə bağlıdır. Əvvəllər çox sayda iranlı Türkiyəyə gedirdi – ildə 2 milyona yaxın. Amma bir tərəfdən İran-Türkiyə münasibətlərinin pisləşməsi, digər tərəfdən də Türkiyədə artan terror aktları iranlı turistləri narahat etməyə başladı. Turizm operatorlarının sözlərinə görə, iranlıların bir hissəsi Türkiyəni Ermənistan, Gürcüstan və Azərbaycana dəyişdilər, çünki daha yaxın və daha təhlükəsiz ölkələri üstün tuturlar.
Təbii ki, Gürcüstan iranlı turistlərin cəlb edilməsi mənasında Ermənistan üçün rəqibdir. Gürcüstanın Ermənistanla müqayisədə əsas üstünlüyü dənizin olmasıdır. Amma Ermənistanın da öz üstünlükləri var. Birincisi, o daha yaxındır. İkincisi, Ermənistanda iranlıların dilində servis daha yaxşı inkişaf edib və iranlılar burada özünü daha rahat hiss edirlər.
Ermənistana 2016-cı ildə səfər edən iranlı turistlərin sayının artması iki amillə şərtləşir. Birincisi, İranın üzərindən sanksiyaların götürülməsi, bu da ölkəyə xarici valyutada əlavə maliyyə axınını cəlb etmək imkanı verdi. İkinci amil 2016-cı ildə qüvvəyə minən Ermənistanla İran arasında viza rejiminin ləğvi ilə bağlıdır (müvafiq referendum iyunun 5-də imzalanıb). Bu o deməkdir ki, qonşu ölkəyə 90 gündən çox qalmayan Ermənistan və İran vətəndaşlarına viza lazım olmur.
Amma maneələr də var. Misal üçün, sanksiyalar səbəbindən iranlılar Visa və Mastercard kartları vasitəsiylə Ermənistanın otellərində onlayn otaq bron edə bilmirlər. Bu problem barədə hələ 2016-cı ilin əvvəllərində mehmanxanaların bron edilməsi ilə məşğul olan armhotels.am saytının direktoru Aşot Nazaryan məlumat verib.
İranlılarla söhbət zamanı məlum oldu ki, həmin problem hələ də həll olunmayıb, amma yaxın zamanlarda yaxşılığa doğru dəyişikliklər mümkündür. Adlarının hallanmasını istəməyən iranlılar şikayət etdi ki, Ermənistanın bankları problemlərdən qaçmaq üçün İran vətəndaşlarına hesab açmaqdan imtina edirlər. Hazırda Ermənistanda iranlılara ancaq İran kapitalının bazasında işləyən “Mellat” bankı xidmət göstərir.
İnfrastrukturla bağlı şikayətlər də var. Öz maşınları ilə gələn iranlılar Ermənistanın yollarının keyfiyyətindən və yol nişanlarından şikayət edirlər. Bu işarələr əcnəbilər üçün nəzərdə tutulmayıb və turistlərə onlardan baş çıxarmaq çox çətindir (Gürcüstanda bu mənada vəziyyət xeyli daha yaxşıdır). Öz avtomobilində gəlməyən iranlıları taksi sürücülərinin münasibəti narahat edir, onlar real qiymətdən xeyli daha artıq gediş haqqı istəyə bilərlər.
Bütün bu narazılıqlar xırda görünə bilər. Amma İran turizmi Ermənistan iqtisadiyyatı üçün o dərəcədə vacibdir və o dərəcədə böyük potensiala malikdir ki, istənilən xırda-xuruş məsələlərlə ciddi-ciddi məşğul olmağa dəyər.