Ermənistan-Rusiya: qazla isinən hisslər
Menecment fövqəladə elmdir, xüsusən də söhbət enerji sahəsindən, o cümlədən də qazdan gedirsə. Eyni səbəblər həm qazın qiymətinin aşağı salınmasının, həm də bahalaşdırılmasının əsaslandırılması ola bilər.
1 yanvar 2017-ci ildən Ermənistanda təbii qaza yeni, daha aşağı tarif qüvvəyə minib.
[yes_list]
- Hər ay 10 min kub metrə yaxın qaz istifadə edən sıravi abonentlər üçün “Qazprom Ermənistan” bur kub metr qaza görə qüvvədə olan 146,7dram [30 sent] əvəzində 139 dram [təxminən 29 sent] həcmində tarif müəyyən edib.
- Əhalinin təminatsız təbəqələri üçün 100 dram [təxminən 20 sent] nəzərdə tutulub.
- Tarif hesablamaları dollarla aparılan iri istehlakçıların da sevinmək üçün əsası var. İstifadə olunan hər kub metr qaza görə əvvəlki 257,56 dollar əvəzində onlar 242,1 dollar ödəyir.
- Emal şirkətləri və oranjereya təsərrüfatları üçün isə bu qiymət bir az da aşağıdır – 212 dollar.
[/yes_list]
Ermənistandakı istehlakçılar üçün təbii qaz tariflərini azaltmaq təşəbbüsü Ermənistanın yeganə qaz təchizatçısı olan “Qazprom Ermənistan”dan gəldi. Rusiya “Qazpromu”nun bu törəmə şirkəti noyabrın 2-də İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına müvafiq ərizə ilə müraciət etdi.
Niyə “Qazprom Ermənistan” öz təşəbbüsü ilə qaz tarifini azaltmaq istədi?
Bunun tarixi barədə ayrıca söhbət açmağa dəyər.
Qaçan bazar
Nə qədər qəribə olsa da, bu təşəbbüs üçün əsas səbəb istehlak həcmlərinin azaldılması olub, bunun da nəticəsində şirkətin gəlirləri azalıb. Qarabağda jurnalistlərlə keçirilən görüş zamanı baş nazir Karen Karapetyan bildirib ki, bazarın kiçilməsi problemi mövcuddur.
Hökumət “Qazprom Ermənistan”la danışıqlar aparıb və bu danışıqların nəticəsində ortaq məxrəcə gəliblər ki, qazın qiymətinin azaldılması istehlak həcminin artmasına, nəticədə də gəlirin çoxalmasına gətirib çıxara bilər.
Bu, iqtisad universitetinin birinci kurs tələbəsinin belə bilməli olduğu klassik tələbat qanunudur. Qəribə olan isə odur ki, cəmi bir neçə ay bundan əvvəl bu qanun Ermənistanda enerji blokuna görə məsul şəxslərin yadlarına da düşmürdü.
Misal üçün, 2016-ci il sentyabrın əvvəlində “Qazprom” Ermənistana təbii qazın təchizatının qiymətini azaldaraq, 1000 kub metrə görə 165 dollar (əvvəllər 189 dollar idi) həcmində müəyyənləşdirdi. Amma “Qazprom Ermənistan” əhali üçün qazın tariflərini müvafiq həcmdə azaltmaqdan imtina etdi və bildirdi ki, dramın qiymətdən düşməsi ilə bağlı çəkdiyi ziyanı çətinliklə kompensasiya edə bilib.
Qaz istehlakı son iki il ərzində Ermənistanda həqiqətən də azalıb. 2016-cu ilin ilk doqquz ayı ərzində Ermənistanda təbii qazın istehlakı 1 milyard 117,6 milyon kub metr təşkil edib, halbuki 2013-cü ilin müvafiq dövrü ərzində bu göstərici 1 milyard 317,1 milyon kub metr həcmində olub.
Tarifin azaldılması gözlənilən effekti verəcəkmi, yəni istehlak artımına gətirib çıxaracaqmı?
Hələlik demək çətindir.
Çox güman ki, bu şirkətin maliyyə axınını daha da azaldacaq, çünki qaz istehlakı təkcə qiymətdən deyil, həm də çox sayda digər amildən (əhalinin sayı, alıcılıq qabiliyyəti, benzinin qiyməti, hava şəraiti və s-dən) asılıdır.
Benzinin qiyməti isə Karen Karapetyanın baş nazir postuna təyin edilməsindən sonra cəmi ay yarım ərzində təxminən 8 faiz düşüb.
Regular markalı benzinin bir litrinin qiyməti 380 dramdan [80 sentdən] əvvəlcə 360 [76 sent], sonra da 350 drama [74 sent] qədər düşüb.
Benzinin eyni templə ucuzlaşması davam etsə, yanacaqdoldurma məntəqələrində təbii qaza olan tələbat azalacaq, bu da “Qazprom Ermənistan”ın gəlirlərinin azalmasına gətirib çıxaracaq.
Havayı pendir siçan tələsində olur?
Yəni “Qazprom” göz görəsi riskə gedir. Şirkətdən bildirirlər ki, tarifin azaldılması üçün ehtiyatları var. Misal üçün, danışıqlar nəticəsində Gürcüstan ərazisindən qazın nəqlinin qiymətini azaltmaq olar.
Gürcüstanla Rusiya arasında iki il sürən və bu yaxınlarda sona çatan danışıqlar nəticəsində Gürcüstanın tranzit ölkə kimi xidmətləri 2017-ci ildən xammal deyil, pulla ödəniləcək ki, bu da Ermənistana Gürcüstan ərazisindən gətirilən qazın qiymətini azaltmalıdır.
JAMnews-un arayışı: Gürcüstan – “Qazprom”. Münasibətlər tarixində yeni səhifə
Bundan əlavə, “Qazprom Ermənistan” borclar üzrə ödənişləri yüngülləşdirmək üçün kredit öhdəliklərini restrukturizasiya etmək niyyətindədir.
Bu da kifayət etməsə, Rusiyanın “Qazprom” şirkəti riskləri öz üzərinə götürməyə və mümkün itkiləri maliyyələşdirməyə hazırdır. Məhz bu da Ermənistan əhalisini daha çox narahat edir və qazın ucuzlaşmasına görə ürəkdən sevinməyə imkan vermir.
İş orasındadır ki, ucuz qazın müqabilində Ermənistan dəfələrlə çox mühüm enerji obyektlərini “Qazprom”a güzəştə gedib:
[yes_list]
- Razdan SES-in 5-ci enerji blokunu,
- “İran-Ermənistan” qaz borusunu,
- artıq keçmiş “Ermənistan-Rusiya Qazprom”unda Ermənistanın payını (bunun nəticəsində də şirkətin adı dəyişdirilib, “Qazprom Ermənistan” olub).
[/yes_list]
Kulis arxasında gedən proseslərdən xəbərdar və təhlil bacarıqları olduğunu düşünən insanlar qazın qiymətinin düşməsi ilə bağlı suallara cavab olaraq eyhamla gülümsəyir və Avrasiya İnkişaf Bankının İnteqrasiya Tədqiqatları Mərkəzinin 2016-cı ilin noyabr ayında dərc olunan sorğusunun nəticələri ilə tanış olmağı məsləhət görürlər.
Bu sorğunun nəticələrinə görə, Ermənistan əhalisi tərəfindən Rusiyanın dost ölkə kimi qəbul edilməsi kəskin – 17 bənd azalıb.
Bu yaxınlarda isə Ermənistan Avropa İttifaqına xüsusi şərtlərlə assosiasiya haqqında müqavilənin bağlanması imkanını müzakirə etmək təklifi il müraciət etdi.
Belə çıxır ki, Rusiyanın Ermənistana sevgisi artmayıb, Ermənistanın Rusiyaya sevgisi azalıb. İndi də Rusiya soyuyan hissləri isindirməyə çalışır. Əsasən də qazla.