Ermənistanın verdiyi minalı sahələrin xəritələri Bakıda şübhə doğurub
2021-ci ilin əvvəlindən Azərbaycan və Ermənistan arasında bir neçə dəfə Bakıda saxlanılan erməni hərbçilərlə [Ermənistanda onları əsir hesab edirlər — JAMnews] ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına keçən ərazilərdəki minalı sahələrin xəritələrin mübadiləsi baş tutub.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi təqdim olunmuş xəritə və formulyarların doğruluğuna şübhə ifadə edib.
- Azərbaycan XIN Bakıdakı Hərbi Qənimətlər Parkı haqda: “Park tarixlə bağlıdır”
- Bakıdan şərh: “Rusiya “cırtdan ölkələr liqası” yaratmaq istəyir”
- Xocavənddə öldürülən erməni əsilli şəxslə bağlı ziddiyyətli məlumatlar
Sonuncu dəfə belə mübadilə 2021-ci il dekabrın 4-də baş verib. Azərbaycan 2021-ci il noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində baş verən toqquçmalar zamanı əsir alınan 10 erməni hərbçini Ermənistan tərəfinə təhvil verib. Əvəzində Ermənistan Azərbaycanın nəzarəti altına keçən bir neçə rayonda minalı sahələrin xəritələrini Azərbaycan tərəfinə təqdim edib.
Rəsmi informasiyaya görə, 2020-ci il noyabrın 10-dan 2021-ci il noyabrın 22-ə qədər Azərbaycanın nəzarəti altına keçən ərazilərdə mina partlaması nəticəsində ümumilikdə 180 nəfərə yaxın insan həlak olub və yaralanıb.
ANAMA əməkdaşları bu dövr ərzində ümumilikdə altı min 286 hektar sahəni minalardan təmizləyib.
10 455 piyada əleyhinə və 4 640 tank əleyhinə mina aşkarlanıb və zərərsizləşdirilib.
Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) rəhbəri Vüqar Süleymanov Ermənistan tərəfinin təqdim etdiyi minalı sahələrin xəritələri və formulyarları ilə bağlı bəyanat yayıb.
“Mina sahələrinin formulyarlarında adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur. Lakin, bildirmək istərdim ki, təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır.
Məlum olduğu kimi, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə bütün mina sahələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış edir. Ancaq, Ermənistan tərəfindən təqdim edilmiş formulyarların işğaldan azad edilmiş bütün əraziləri tam şəkildə əhatə etməsi ilə bağlı da ciddi narahatlığımız mövcuddur.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən formulyarlar üzərində təhlil və emal işlərinə artıq başlanılıb. Formulyarların təhlil edilməsindən sonra məlumatlar xəritələr üzərinə köçürülərək, müvafiq ərazidə uyğunluğu yoxlanılacaq.
Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25 % təşkil edir.
Təqdim olunan formulyarlar hərtərəfli şəkildə təhlil olunduqdan sonra onların nə dərəcədə dəqiqliyi və hansı əraziləri əhatə etdiyi barədə ictimaiyyətə əlavə olaraq məlumat veriləcək”, – bəyanatda deyilir.