Ermənistanın Kassasiya Məhkəməsinin sədri borca pul verib faiz alırmış
Etika üzrə Komissiyanın açıqladığı vəzifəli şəxslərin deklarasiyalarına əsasən 2008-ci ildən etibarən Ermənistanın Kassasiya Məhkəməsinin sədri vəzifəsini tutan Arman Mkrtumyan 185 min 790 ABŞ dolları həcmində pulu borc verib və buna görə 6 milyon 815 min dram (14 min dollar) həcmində faiz alıb.
2014-cü ildə Mkrtumyan bu məbləği (185 790 dollar) pul vəsaiti kimi deklarasiyada qeyd edib, amma 2015-2016-cı illərdə bu vəsait məmurun faiz aldığı istiqraz kimi göstərilib.
Eyni zamanda deklarasiyada qeyd olunur ki, Mkrtumyanın pul əmlakı ötən ilin əvvəlində 17 milyon dram (33 min dollar), eyni ilin sonunda isə 20 milyon dram (41 min dollar) təşkil edib. Onun qazancı 23 milyon 783 min drama (49 min dollar) çatıb. Bunun 14 min dolları borca verilmiş məbləğin faizinin, qalanı isə əmək haqqının payına düşür.
Etika üzrə Komissiya bildirir ki, Mkrtumyan bir çox digər vəzifəli şəxslər kimi daşınan və daşınmayan əmlakını deklarasiya etməyib. Amma onun işsiz olan həyat yoldaşı Marine Mkrtumyan 2015-2016-cı illərdə 30 min dollar həcmində pul vəsaiti haqda deklarasiya edib.