Ermənistandan Xankəndiyə alternativ yol varmı? Bakıdan şərh
Ermənistandan Xankəndiyə alternativ yol
Bakıda ekspertlər səviyyəsində Ermənistandan Xankəndiyə alternativ yolların mövcudluğu ehtimalı müzakirə olunur. Politoloq Şahin Elxanoğlu iddia edir ki, Qarabağ erməniləri bu yollarla silahlanmağa davam edir. Siyasi icmalçı Hacı Namazovun fikrincə, alternativ yollar olsa belə, oradan ağır silahların daşınması mümkün deyil.
- 44 günlük müharibə və Laçın yolundakı vəziyyət arasında paralellər. Bakıdan təhlil
- Əliyev rejimini tənqid edən azərbaycanlı jurnalistin Gürcüstana girişi qadağan edilib
- Gürcüstanda səs-küylü intihar işi üzrə hökm çıxarılıb
Azərbaycanlı fəalların Laçın yolunda etiraz aksiyasının 36-cı günündə Ermənistanı Xankəndi ilə birləşdirən alternativ yolların olması ehtimalı haqda danışılıb.
Rusiya sülhməramlı kontingenti hər iki tərəfdən aksiya yerinə gedən yolu bağlayıb. Ermənistanı Qarabağın erməni əhalisinin yaşadığı hissəsi ilə birləşdirən yeganə yol olan Laçın dəhlizi ilə hər gün sülhməramlıların onlarla təchizat maşını keçir. Həmçinin bu yolda Qızıl Xaç Cəmiyyətinin maşınları ağır xəstələri Xankəndidən Ermənistana aparır.
Azərbaycan tərəfinin məlumatına görə, sülhməramlıların ağır yük maşınları Ermənistandan Xankəndiyə ərzaq və zəruri mallar aparır. Bunu Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.
Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində sxematik xəritə peyda olub, müəllifləri mavi rənglə göstərilən yolun rəsmi olaraq mövcud olan Laçın dəhlizinə alternativ olduğunu iddia edirlər. Bu versiyanı sözügedən “alternativ yolun” keçdiyi Laçın rayonundan olan məcburi köçkünlər də təsdiqləyiblər.
Təqdim olunan xəritəyə əsasən, “alternativ yol” Turşsu kəndi yaxınlığında Laçın dəhlizindən başlayır, Laçın rayonunun dağlıq ərazisindən keçərək düz Xankəndiyə qədər uzanır.
“Bütün yollar Azərbaycan sərhədçilərinin nəzarətində olmalıdır”
“Atlas” Analitik Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirir ki, onda belə bir yolun olması haqda dəqiq məlumat yoxdur, amma o, bu ehtimalı istisna etmir.
“Erməni separatçılarının bu yolla Ermənistandan Xankəndiyə silah və sursat daşığıdı barədə fikirlər var. Bunu təsdiq və ya təkzib edəcək qurum Azərbaycan Müdafiə Nazirliyidir.
Aydındır ki, həmin yol və ya yollar varsa, asfaltlanmayıb, istifadə etmək asan deyil. Buna baxmayaraq, Ermənistandan Qarabağa piyada yoluyla da silah daşımaq mümkündürsə, bunun da qarşısı alınmalıdır.
Azərbaycanın kəşfiyyat imkanları genişdir, erməni separatçılarının yerdəyişmələrini kosmik incələmə imkanlarımız da var.
Demək, əgər Qarabağla Ermənistanı birləşdirən başqa çığır yollar da varsa, onlar ya nəzarətə götürülməlidir, ya da raket zərbəsiylə dağıdılmalıdır. Bütün yollar Azərbaycan sərhədçilərinin nəzarətində olmalıdır”, – politoloq bildirib.
“Bu, sadəcə dağ çığırıdır”
Siyasi müşahidəçi Hacı Namazovun sözlərinə görə, bu məlumat çox güman ki, Xankəndidən gələn açıqlamalar əsasında ortaya çıxıb:
“Laçın yolunda etiraz aksiyası başlayandan sonra Xankəndidən silahlıların bəyanatları eşidilməyə başladı. Separatçı rejimin yenicə ortaya çıxan lideri Ruben Vardanyan Azərbaycana qarşı mübarizə aparmağın zəruriliyi ilə bağlı bəyanat yayıb. Düzdür, o zaman Ermənistanın baş naziri Nikol Paşinyan separatçılara ifadələrində daha diqqətli olmağı tövsiyə etmişdi.
Azərbaycanla döyüşməyə hazır olmaq silahlanma deməkdir. Separatçı rejim Bakı ilə başqa cür mübarizə apara bilməz, çünki dünyada heç kim tərəfindən tanınmamış bu qruplaşmanın bütün çağırışları beynəlxalq hüququn qayalarına çırpılaraq darmadağın olur.
Düzü, hətta dişlərinə qədər silahlanmış Xankəndi rejimi müasir Azərbaycan ordusuna qarşı bir neçə saatdan çox çətin ki müqaviət göstərə bilər. Amma necə deyərlər, “əlcək atılıb” və Qarabağda qeyri-qanuni dəstələri silahlandırmağın alternativ yollarının olması barədə şayiələr yayılıb”.
Namazov əmindir ki, heç bir alternativ yol normal, rəsmi mövcud olan Laçın yolunu əvəz edə bilməz:
“Təqdim olunan alternativ yolun xəritəsi çox qarışıqdır. Orada hansısa yola bənzər bir şey varsa da, dağ yolundan başqa bir şey deyil. Maşınlar belə yollarla getmir. Yəni Xankəndiyə silah daşınırsa da, bu, ağır texnika ola bilməz. Azərbaycan tərəfinin qətiyyən narahat olacağı heç nə yoxdur.
Amma başqa versiya da var. Bakı rus sülhməramlılarına dəstək maşınlarının yalnız humanitar yük daşıdığına əmin deyil. Əgər bu doğrudursa, heç bir yola ehtiyac yoxdur.
Amma bu halda da söhbət yüngül silahlardan gedir, çünki ağır hərbi texnika mütləq diqqət çəkərdi.
Hər halda, yenə deyirəm, qanunsuz Qarabağ rejimi ona qarşı çıxan ordu ilə müqayisədə çox zəif görünür. Mən dərindən inanıram ki, hər şey silahlı toqquşmaya gedib çıxmayacaq. Bu, nə Bakıya, nə Qarabağ separatçılarına, nə də Yerevana lazım deyil”.