Ermənistandan bir qrup mütəxəssis humanitar missiya ilə Suriyaya yollanıb
Ermənistandan bir qrup mütəxəssis humanitar yardım göstərmək üçün fevralın 8-də Suriyanın Hələb şəhərinə yollanıb. Ümumilikdə Ermənistandan Suriyaya gedən mütəxəssislərin sayı 83 nəfərdir.
Ermənistanlı qrup nə ilə məşğul olacaq?
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovvanisyan Facebook səhifəsində yazıb:
“Yalnız döyüş getməyən bölgələrdə yardım göstəriləcək. Ermənistanlı mütəxəssislər humanitar minadan təmizləmə, əhalinin məlumatlandırılması, həmçinin Hələbdə tibbi yardım göstərmək kimi humanitar fəaliyyətlə məşğul olacaq”.
• Rusiya biznesi Cənubi Osetiya vasitəsilə Suriyada işləri yoluna qoyur
Ermənistan və Rusiya arasında razılaşma
Ermənistanın humanitar əməliyyatda iştirakı ilə bağlı qəbul edilmiş qərar haqda ötən ilin sentyabrında məlum olub. Bu haqda Ermənistanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşünün yekunları haqda məlumat verərəkən bildirib.
Nikol Paşinyan həmçinin vurğulayıb ki, erməni mütəxəssislər hərbi əməliyyatlara cəlb olunmayacaq:
“Bu yalnızca humanitar proqramdır və heç bir hərbi anlam daşımır. Biz bu proqramı Ermənistanın büdcə imkanları çərçivəsində reallaşdırmaq niyyətindəyik. Humanitar proqramın həyata keçirilməsi üçün bütün xərclər 2019-cu il büdcə layihəsində nəzərdə tutulub”.
Amma Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan dəqiqləşdirib ki, ermənistanlı mütəxəssilərin Suriyaya göndərilməsi və onların logistik təminatı “Rusiya tərəfinin dəstəyilə həyata keçirilir”.
Ermənistan missiyada niyə iştirak edir?
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi izah edib:
“Suriya xalqına humanitar yardım göstərmək haqda qərar bu ölkədə yaranan ağır vəziyyəti nəzərə alınaraq verilib. Həmçinin Hələbdə hərbi əməliyyatların nəticələri, BMT Təhlükəsizlik Şurasının 2017 və 2018-ci illərdə qəbul olunan müvafiq qətnamələri, Suriya tərəfinin yazılı müraciəti, həmçinin orada çoxsaylı erməni icmasının yaşaması amili də qərarın verilməsinə təsir göstərib”.