Ermənistanda nüfuz sahibi, bitərəf, xarici dil bilən prezidentliyə namizəd axtarılır
Ermənistanda ölkənin növbəti prezidentinin kim olacağı ətrafında qızğın müzakirə gedir, baxmayaraq ki, bu səfərki prezidentin əvvəlkilər qədər səlahiyyəti olmayacaq.
Konstitusiya dəyişikliyinə əsasən 2018-ci ilin aprelindən ölkəyə baş nazir rəhbərlik edəcək, prezidentin səlahiyyətləri isə məhdud olacaq: parlament idarə sistemi olan digər ölkələrdəki kimi onun rolu nümayəndəliklə kifayətlənəcək.
Buna baxmayaraq, siyasi çevrələrdə bu vəzifəni kimin tutacağı ilə bağlı qızğın müzakirələr gedir. Aprelin 9-da hazırkı prezident Serj Sarqsyanın səlahiyyət müddəti bitir və siyasi qüvvələr öz namizədlərini Milli Məclis deputatlarının seçiminə təqdim edəcəklər.
Ermənistanın dördüncü prezidentinin ideal obrazı
Ermənistanın hazırkı prezidenti Serj Sarqsyan ötənlərdə ziyalılarla görüşüb və onlara təsəvvüründəki prezidentin aşağıdakı meyarlara uyğun gəlməli olduğunu söyləyib:
- çilədanı dolu adam,
- ölkə daxilində və xaricində tanınan,
- Ermənistanı xaricdə ləyaqətlə təmsil edə biləcək,
- xarici dil bilən,
- Ermənistanda və diasporadakı həmvətənlilər arasında geniş əlaqələri olan,
- nüfuz sahibi,
- qərəzsiz,
- heç vaxt siyasətlə məşğul olmamış,
- bitərəf.
Bu təsvirə ideal şəkildə uyğun gələn bir namizədi ekspertlər hələ ki xatırlamır. Onların fikrincə, Serj Sarqsyan heç də təsadüfən bildirməyib ki, növbəti prezident daha əvvəl siyasətlə məşğul olmamış biri olmalıdır. Bununla o, bir neçə potensial namizədi “oyundan” çıxarmış olub.
Bu bəyanata qədər ekspert çevrələrində üç ən real namizəd müzakirə olunurdu:
- xarici işlər naziri Edvard Nalbandyan,
- Konstitusiya Məhkəməsinin sədri Qaqik Harutunyan,
- Dağlıq Qarabağın keçmiş prezidenti Arkadi Qukasyan.
Eyni zamanda analitiklər hesab edirlər ki, Ermənistanın növbəti prezidenti siyasətdən uzaq insan ola bilməz.
“Prezidentin rolu nə dərəcədə protokol xətri, rəmzi olsa da, o, siyasətlə məşğul olmamış şəxs ola bilməz, siyasətlə məşğul olmaya bilməz. Bu məntiqi deyil. Yəqin ki, Ermənistanda siyasətlə məşğul olmamış bircə adam da yoxdur. İctimai fəaliyyət də siyasidir, eləcə də diplomatik iş. Xadiməni seçməyəcəklər ki, siyasətlə məşğul olmamış olsun?” – polittexnoloq Armen Badalyan deyib.
Serj Sarqsyanın partiyadaşları əmin edirlər ki, prezidentliyə namizəd məsələsini nəzərdən keçirməyiblər, yalnız müzakirələrdən sonra bu kürsünü kimin tutacağı bəlli olacaq.
“Bəlkə də prezidentliyə bircə namizəd olacaq, biz də bir namizədi müzakirə edəcəyik. Ola da bilər ki, bir neçə namizəd arasından birini seçməli olacağıq”, – hakim Respublikaçılar partiyası fraksiyasının rəhbəri Vahram Baqdasaryan bildirib.
ERP-nın mətbuat katibi deyib ki, onların namizədi yaxın zamanda elan olunacaq. Çox güman ki, iqtidar koalisiyasına daxil olan Ermənistanın Daşnaksütyun İnqilab Federasiyası da prezident postuna bu namizədi dəstəkləyəcək.
Üstəlik özünü müxalif elan edən, deputatlarının sayına görə ikinci parlament fraksiyası olan “Sarukyan”ın da hakimiyyət namizədini dəstəkləyəcəyi mümkündür. “Sarukyan” blokunun lideri, iş adamı Qaqik Sarukyan bu günlərdə bu ehtimalı istisna etməyib və bildirib ki, siyasətdə hər şey ola bilər.
Müxalifətin prezidentliyə namizədi var, amma yetəri qədər mandatı yoxdur
Parlamentdəki digər müxalif qüvvə – “Yelk” fraksiyası öz namizədini elan edib. Bu, deputat və hüquqşünas Artak Zeynalyandır.
Amma Artak Zeynalyanın namizədliyini irəli sürmək üçün “Yelk” blokunun yetəri qədər mandatı yoxdur. Konstitusiyaya əsasən, parlament mandatlarının dörddə birinə sahib olan siyasi qüvvə prezidentliyə namizəd irəli sürə bilər. Lazımı sayda mandat əldə etmək üçün “Yelk” artıq “Sarukyan” fraksiyasına müraciət edib və onların alternativ namizədlərini dəstəkləmələrini istəyib. Amma müxalifətçi həmkarlarından müsbət cavab almayıb.
Konstitusiyaya əsasən 40 yaşı tamam olmuş, son altı ildə Ermənistan vətəndaşı olan və son altı ildə daima Ermənistanda yaşayan, səs hüququ olan və erməni dilini bilən istənilən şəxs ölkə prezidenti seçilə bilər.
Prezident 7 il müddətinə seçilir və səlahiyyətlərini yerinə yetirdiyi müddətdə heç bir partiyanın üzvü ola bilməz. İndən belə prezident bu kürsüdə bir seçim müddətindən artıq qala bilməz.