Ermənistanda HİV və QİÇS diaqnozlu xəstələrin müalicə aldığı "Armenikum" xəstəxanası bağlana bilər
Ermənistanın “Armenikum” preparatının taleyi sual altındadır. Halbuki bu preparatın ərsəyə gəlməsi sensasiya olmuşdu və farmakoloji aləmdə inqilab vəd edirdi. Bu preparatın tətbiq edildiyi “Armenikum” kliniki mərkəzi isə bağlana bilər. Bu məsələ Ermənistanın İctimai Şurasının Sosial və Səhiyyə Məsələləri üzrə Komissiyasında müzakirə olunur. Belə görünür ki, 2018-ci ildə dövlət “Armenikum” xəstəxanasının maliyyələşdirilməsini dayandıracaq.
1998-ci ildə yaradılan “Armenikum” preparatı QİÇS/HİV müalicəsi üçün vasitə kimi təqdim olunub, amma onun effektivliyi mübahisələndirilir.
“Armenikum”un bir neçə növü var: həb, inyeksiya üçün məhlul və maz. Onların hamısı Ermənistanın apteklətində satılır, amma preparatın effektivliyi ilə bağlı aydın rəsmi mövqe olmadığı üçün həkimlər onu pasiyentlərə çox da tövsiyə və tətbiq etmir.
“Amenikum” kliniki xidmətlər mərkəzinin rəhbəri Violeta Sarqsyanın sözlərinə görə, bu illər ərzində preparatın səmərəsi özünü sadəcə HİV daşıyıcılarının həyat keyfiyyətinin artmasında və xəstəlik simptomlarının azalmasında yox, həm də immun problemləri ilə müşayiət olunan bir sıra xəstəliklərin müalicəsində göstərib.
O qeyd edib ki, sistemli qırmızı məxmərək, viruslu HepatitC, şüa terapiyasından sonrakı yanıqlar və yatalaq yaralarının müalicəsində bu vasitənin müsbət təsiri bəllidir.
“Armenikum” mərkəzinin baş direktorunun sözlərinə görə isə preparat H1N1 virusuna (donuz qripi) yoluxmuş xəstələri xilas edə bilib.
Violeta Sarqsyan müsahibələrindən birində bildirib ki, “Armenikum”a bəslənən ümidlər özünü doğruldub və kliniki sınaqların nəticələrinin əsasında preparat HİV/QİÇS diaqnozlu insanların müalicəsində tətbiq olunur.
“Kliniki sınaqların, üstəlik də beynəlxalq standartlara uyğun gələn sınaqların o qədər də inkişaf etməmiş Ermənistanda keçirilməsi böyük çətinliklərlə bağlı idi və ciddi səy tələb edirdi, amma yenə də bu sınaqları keçirmək mümkün oldu, bunun da nəticəsində preparat qeydiyyata alındı. Ermənistanda qeydiyyatdan keçəndən sonra kliniki sınaqlar bir sıra başqa ölkədə, məsələn, Rusiyada da həyata keçirildi. Müstəqil sınaqlar keçiriləndən sonra da preparatın HİV daşıyıcılarının müalicəsi üçün effektivliyi sübuta yetirildi və dərman Rusiya, Belarus, Ukrayna və bir sıra digər ölkə də qeydiyyata alındı”.
Preparatın effektivliyinə şübhəylə yanaşanlara “Armenikum” kliniki mərkəzinin rəhbərliyi izah edir: elə xəstəliklər var ki, onlara münasibətdə “müalicə”, “sağalma” kimi anlayışların tətbiqi mümkünsüzdür. HİV bu cür xəstəliklərə aiddir. Amma HİV-ə yoluxmuş adamın immunitet göstəriciləri yaxşılaşırsa, həyat keyfiyyəti yüksəlirsə, müşayiət edən xəstəliklər müalicə olunursa, bunu nailiyyət hesab etmək olar.
Ermənistan mediası zaman-zaman “Armenikum”un yayılmasına qarşı dünya farmakoloji mafiyasının mübarizə apardığı haqda qeyri-rəsmi məlumatlar və şərhlər dərc edir.