Ermənistanda hərbi xidmətdən yayınanlar artıq cinayət məsuliyyətindən kənar qala bilməyəcək
Ermənistanın Müdafiə Nazirliyi dekabrın 31-ə qədər qüvvədə olan “İcbari hərbi xidmətdən keçməyən vətəndaşlar haqda” qanunu uzatmaq niyyətində deyil. Qanun zamanında ölkədən getmiş və buna görə də orduda xidmət etməmiş 27 yaşlı Ermənistan vətəndaşlarına vətənə qayıdıb, cərimə ödəyib, hərbi xidmətdən yayınmaya görə cinayət məsuliyyətindən azad olmaq imkanı verir.
Sözügedən qanun 2003-cü ildə qəbul olunub. Qüvvədə qalma müddəti 2009-cu il martın 1-ə qədər müəyyən edilmişdi. Amma parlament dəfələrlə hökumətin təklifi ilə bu müddəti uzadıb.
Hər bir ordudan yayınan şəxsin ödədiyi cərimə yetkinlik yaşına çatandan sonra ölkədən kənarda yaşadığı illər üzrə hesablanır. Bununla əlaqədar olaraq çoxları 27 yaşı tamam olanda – hərbi xidmət yaşı keçəndən sonra ölkəyə qayıdır.
2019-cu ilin mayında, qanunun müddəti sonuncu dəfə uzadılan zaman müəyyən edilən cərimə məbləği 1,8 milyon dram (4 min dollara yaxın) təşkil edir.
Əgər parlament hökumətin təklifini dəstəkləsə, 2020-ci il yanvarın 1-dən qanunun verdiyi imkandan yararlanmaq fürsətini ötürənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Baş nazir Müdafiə Nazirliyinin təşəbbüsünü dəstəkləyir. Parlament çoxluğu da baş nazirin liderlik etdiyi siyasi qüvvədən ibarət olduğu üçün təklifin rədd ediləcəyi demək olar ki, mümkün deyil.
• Ermənistanın müdafiə naziri Rusiya bazası və 2016-cı il “aprel müharibəsi” haqda
• Qarabağda “aprel müharibəsinin” üçüncü ildönümü. Nə dəyişdi? Bakı və Yerevandan olan ekspertlər
Müdafiə Nazirliyinin təklifi
Cinayət məsuliyyətindən azad edən qanunun müddətini uzatmamaq haqda təklifi dekabrın 12-də müdafiə naziri təqdim edib.
David Tonoyanın sözlərinə görə, təcrübə onu göstərir ki, qanunun müddətinin uzadılması hərbi xidmətdən yayınma hallarını stimullaşdırır. Gənclərin çoxu 18 yaşı tamam olmamış ölkədən gedir və bilirlər ki, cərimə ödəyib geri qayıda biləcəklər.
Üstəlik nazirin fikrincə, ordudan yayınmaq istəyənlər üçün bu “boşluq” vətənə borcunu ödəyərək, artıq orduda xidmət çəkmiş vətəndaşlara qarşı ədalətsizlikdir.
David Tonnoyan vurğulayıb ki, dekabrın 31-ə qədər üç min nəfər hərbi mükəlləfiyyətli şəxsin hər biri bu qanunun təsiri altına düşür və onlar imkandan yararlanaraq, vətənə qayıdıb, cinayət məsuliyyətindən canlarını qurtara bilərlər.
Müdafiə nazirinin təklifini hökumət başçısı Nikol Paşinyan da dəstəkləyib. O, cərimə ödəmək imkanı və arzusu olan bütün hərbi mükəlləfiyyətliləri ilin sonuna qədər qqayıdaraq, Yeni ili vətəndə qeyd etməyə çağırıb.
Orduda xidmət haqda başqa qanun layihəsi
Hərbi xidmətdən yayınmağa imkan verən qanunun müddətinin dayandırılması haqda hökumətdə gedən müzakirələrə paralel olaraq parlamentdə tamam əks proses gedib. “Mənim addımım” iqtidar fraksiyasından olan deputat Hayk Sarkisyan orduda xidmət etmək istəməyənlər üçün yeni təklif irəli sürüb.
Deputat Ermənistan vətəndaşlarına 27 yaşa qədər iki il əvəzinə bir ay xidmət etmək, amma bunun üçün büdcəyə daha böyük məbləğ – 10 milyon dram (20 min dollara yaxın) ödəmək imkanı verilməsini təklif edir.
Yeri gəlmişkən, bu qanun layihəsi təsdiqlənərsə, artıq 2020-ci ildən qüvvəyə minəcək. Amma layihə Müdafiə Nazirliyində mənfi reaksiya doğurub.
Müdafiə nazirinin müavini Qabriel Balayan bəyan edib ki, Hayk Sarkisyanın qanunverici təşəbbüsü Ermənistan reallığı ilə səsləşmir:
“Bizim üçün prinsipial olaraq bu cür mövqe qəbuledilməzdir. İş orasındadır ki, çağırışdan sonra hərbçi ən azı 5 aylıq təlim mərhələsi keçir. Yalnız bundan sonra o, tam hərbi xidmətə başlayır. Sarkisyanın təklif eydiyi kimi bir ay ərzində əsgər hazırlamaq mümkün deyil”.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook-un Ermənistan seqmentində ordudan yayınanlara qarşı cinayət məsuliyyətinin tətbiqi bir nömrəli müzakirə mövzusu olub.
Bəzi şərhləri təqdim edirik:
“Tam doğru, ermənilərə niyə Ermənistana qayımağa imkan versinlər?! Axı iranlıların və hinduların axını daha yaxşıdır! Doğru yolla gedin, yoldaşlar!”
“Alternativ təklif etmək lazımdır. Çünki cinayət məsuliyyəti, mahiyyət etibarilə, bu uşaqların heç vaxt vətənə qayıtmayacağı deməkdir”.
“Artıq xidmət etmiş insanlara qarşı ədalətsiz qanundur. Belə çıxır ki, dövlət deyir: qaça bilərsiz, sonra sadəcə cərimə ödəyərsiz, vəssalam. Buna görə də bu qanunun aradan qaldırılması doğru qərardır. Sadəcə müddət qısadır, dekabrın 31-ə qədər az vaxtdır”.
“Boş söhbətdir. Onlar belə bir qanun qəbul edə bilməzlər. Ən azı qayıtmaq üçün belə qısa müddətlə ola bilməz. İndi bir az vaxt keçəcək və deyəcəklər ki, yaxşı, bir il də əlavə vaxt veririk. 20 günün qalıb, qa gəl, ya da 3 il həbsdə qalacaqsan, demək absurddur”.